Məhkəmə qərarları › İş №2(014)-2203/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-2203/2025

24.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-2203/2025 24.12.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ X3 Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 4500 (dörd min beş yüz) manat məbləğində pulun alınaraq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 2025-ci ilin yanvar ayında Cavabdeh1 “İnstagram” sosial şəbəkəsində işlətdiyi “azeroglu.mebel_” adlı səhifəsi ilə əlaqə quraraq, yeni təmir etdiyi evinə 12 ədəd qapı sifariş etmişdir. İlkin olaraq həmin şəxsin istifadəsində olan 4169 7385 0534 9856 bank kartına 14 yanvar 2025-ci il tarixdə 2000 (iki min) manat beh atmışdır. Daha sonra sifariş etdiyi qapılar hazır olmamış yenidən Cavabdeh1 maddi sıxıntısı olduğunu bildirərək ondan 1000 (bir min) manat istəmiş, buna görə də 4098 5844 9770 8733 bank kartina həmin pulu göndərmişdir. Əlavə olaraq iş tamamlanmamış hissəhissə ödənişlər edərək cəmi 5000 manat pulu Cavabdeh1 ödəmişdir. Cavabdeh1 12 ədəd qapını 1-2 ay ərzində tam hazır, qüsursuz şəkildə təhvil verəcəyinə dair söz verməyinə baxmayaraq qapıları və ona aid aksesuarlarını 5 ay ərzində natamam şəkildə, yəni yararsız (əyri, defektli, rəngi düzgün vurulmamış) formada ona çatdırmışdır. İlkin olaraq qapılar selofanlı olduğundan nöqsanları tam görmək mümkün olmadığından, ümumi 5000 (beş min) manat təşkil edən məbləğ onun tərəfindən Nicata ödənilmişdir. Daha sonra qapılar yararsız olduğundan Cavabdeh1 həmin qapıları geri qaytarmasını və yenidən bərpa etməsini tələb etməyinə baxmayaraq Nicat buna məhəl qoymamışdır. Bundan təxminən 5 aya yaxın müddət keçməsinə baxmayaraq Nicat qapıları götürməmiş, eyni zamanda ona dəymiş 5000 maddi ziyanı ödəməmişdir. Hətta bu barədə Nicatın atası Cavabdeh2 və tanışı Cavabdeh3dan yazılı formada iltizam almış, həmin şəxslər zamin duraraq, hər ay 400 manat ödəməklə 1 il ərzində dəymiş maddi ziyanı ödəyəcəyi, əks halda özləri zərəri qarşılamağa hazır olduqlarını bildirmişlər. 2025-ci ilin avqust ayında Nicatın atası kart vasitəsilə 500 manat ödəniş etmiş, sonradan heç bir ödəniş etməmişdir. Dəfələrlə xəbərdarlıq etsə də heç bir nəticə əldə olunmamışdır. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştrakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul edərək izahatında bildirdi ki, iddiaçını sosial şəbəkə vasitəsi ilə tanımışdır. İddiaçının sifarişinə əsasən onun tərəfindən hazırlanan 12 ədəd qapıdan 6 ədədi yerinə quraşdırıldıqdan sonra iddiaçı qapılarda qüsurların olduğunu bildirmiş və qapıların qəbulundan imtina etmişdir. O, hazırladığı qapılarda qüsurların olmasını etiraf etmiş, lakin iddiaçı qapıları bərpa etməyə imkan verməmişdir. Buna baxmayaraq, iddianı qəbul edir və iddiaçıya dəymiş ziyanı hissə-hissə ödəməyə hazırdır. Məhkəmə iclasında Cavabdeh2 izahatında bildirdi ki, əvvəllər iddiaçını tanımamışdır. Ağasadıq Nicat haqqında polisə müraciət etdikdən sonra onu tanımışdır. Bundan sonra Ağasadığın kartına 500 manat pul göndərmişdir. Cavabdeh2 suallara cavab olaraq bildirmişdir ki, qapı sifarişinin qəbul edilməsində, qapıların hazırlanmasında və sifarişçiyə çatdırılmasında onun hər hansı bir məsuliyyəti olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh3 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən Cavabdeh3 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehlərin izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Binəqədi rayon Polis İdarəsinin 4-cü polis şöbəsinin təhqiqatçısı, polis mayoru Ayaz Kazımovun cinayət işinin başlanmasının rədd edilməsi barədə 22 iyul 2025-ci il tarixli qərarından görünür ki, Cavabdeh1 barəsində toplanmış materialda cinayət hadisəsi olmadığına görə material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh2 və Cavabdeh3 tərəfindən 10 avqust 2025-ci il tarixdə imzalanmış iltizamlardan görünür ki, Cavabdeh1 İddiaçı olan 5000 manat dəyərində olan ziyanı hər ay 400 manat ödəməklə 12 ay müddətinə ödəməsinə dair söz vermişlər. Eyni zamanda Nicat tərəfindən qeyd edilən pul vəsaiti ödənməyəcəyi halda özləri ödəyəcəklərinə dair öhdəlik götürmüşlər. ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 30,60 (otuz manat, altmış qəpik) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı özünə məxsus evi üçün Cavabdeh1 12 ədəd qapı sifariş vermişdir. Cavabdeh həmin qapıları qüsurlu təhvil verdiyindən iddiaçı cavabdehə ödədiyi 5000 manat pulu geri tələb etmişdir. Lakin Cavabdeh1 iddiaçıya olan borcunu qaytarmadığından iddiaçı onun barəsində Binəqədi rayon Polis İdarəsinin 4-cü polis şöbəsinə müraciət etmiş, Cavabdeh1 barəsində toplanmış materialda cinayət hadisəsi olmadığına görə material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Bundan sonra Cavabdeh1 atası Cavabdeh2 iddiaçıya həmin borcdan 500 manat ödəniş etmişdir. Hazırda iddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 4500 (dörd min beş yüz) manat məbləğində pulun alınaraq onun xeyrinə ödənilməsini tələb edir. Eyni zamanda məhkəmə iclasında Cavabdeh1 da iddianı tam olaraq etiraf etmişdir. Bununla yanaşı, işin qeyd edilən mübahisəsiz hallarını nəzərə alaraq, məhkəmə iddianın Cavabdeh2 və Cavabdeh3 aid hissəsində qeyd edir ki, İddiaçı tərəfindən sifariş verilən 12 ədəd qapının hazırlanması cavbdeh Cavabdeh1 tərəfindən həyata keçirilməklə qəbul edilmişdir. Cavabdeh2 və Cavabdeh3 qeyd edilən qapı sifarişinin qəbul edilməsində, qapıların hazırlanmasında və sifarişçiyə çatdırılmasında onların hər hansı bir öhdəlikləri, eləcə də bununla bağlı iddiaçı ilə onların arasında hər hansı bir razılaşma və ya müqavilə mövcud olmamışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən Cavabdeh2 və Cavabdeh3 qarşı irəli sürülmüş tələb əsassız hesab edilərək təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 753.2-ci maddəsinə əsasən əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. 760.1-ci maddəsinə əsasən əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilirsə, podratçı işlər qurtaranadək müqaviləyə elə tərzdə xitam verməlidir ki, sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilsin. Bu zaman podratçı yerinə yetirilmiş işin haqqının ödənilməsini tələb edə bilər, bu şərtlə ki, sifarişçinin əvvəl görülmüş işlərə hansısa marağı olsun. Yuxarıda qeyd edilən normalar çərçivəsində işin faktiki hallarına baxıldıqda müəyyən edilir ki, iddiaçı şifahi bağlanmış podrat müqaviləsinin şərtlərinə uyğun olaraq cavabdehin muzdunu vaxtında ödəmişdir. Cavabdeh isə 1-2 ay ərzində tamamlayacağını bildirdiyi işin aylarla uzanmasının və qapıların qüsurlu şəkildə hazırlanmasının səbəbi barədə ağlabatan izah verə bilməmişdir. Məhkəmə hesab edir ki, bu vəziyyət podratçının sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə müqavilədən imtina etməsi anlamına gəlir. Bu halda cavabdeh üçün öhdəliyin icra edilməməsindən irəli gələn vəzifələr yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 4500 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi Cavabdeh1 münasibətdə tam təmin edildiyindən dövlət rüsumu üçün ödənilmiş 30,60 (otuz manat, altmış qəpik) manat məbləğində pul vəsaiti də məhz Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 4500 manat və dövlət rüsumu üçün ödənilmiş 30,60 (otuz manat, altmış qəpik) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar