Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-2275/2021 18.11.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi İddiaçı nümayəndəsi və vəkili Vəkil Cavabdeh və vəkili X5 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 20.822.20 manat məbləğdə pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmənin 31.08.2021-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh ərizəsi əsasında məhkəmənin 08.10.2021-ci il tarixli qərardadı ilə 31.08.2021-ci il tarixli qiyabi qətnamə ləğv edilmiş və iş üzrə icraat təzələnmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh uzun müddətdir ki, tanıyır. Belə ki, cavabdehlə onun yaxşı münasibətləri olmuşdur. 16 may 2020-ci ildə Cavabdeh onun yanına gələrək pula ehtiyacı olduğunu bildirmiş və ondan borc pul istəmişdir. Həmin vaxt özündə pul olduğu üçün onunla razılaşmışdır. Bundan sonra o, Cavabdeh 20.822.20 manat pul vermişdir. Cavabdeh də bu barədə qəbz yazaraq imzası ilə təsdiqləmişdir. Aralarında olan razılığa əsasən Cavabdeh həmin pulu qısa müddətdə qaytaracağını öhdəsinə götürmüş, lakin aradan uzun müddət keçməsinə baxmayaraq cavabdeh ona olan borcunu qaytarmaqdan imtina etmişdir. O, dəfələrlə Cavabdeh ona olan borcunu qaytarmasını tələb etsə də, heç bir nəticəsi olmamışdır. O, pulunu başqa yolla ala bilmədiyi üçün əlacsız qalıb məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, Cavabdeh 20.822.20 manat məbləğdə pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılması xahiş edilir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi, əlavə olaraq göstərdi ki, İddiaçı Cavabdeh tələb etdiyi 20.822.20 manat məbləğdə pul 58.350 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər İddiaçı, Cavabdeh və X1 müştərək qaydada tutularaq iddiaçı X6 verilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin 11 aprel 2017-ci il tarixli qətnaməsinin icrası ilə bağlı deyildir, İddiaçı nağd şəkildə 20.822.20 manat məbləğində pulu 16 may 2020-ci il tarixdə borc olaraq Cavabdeh vermişdir və həmin borcun qaytarılmasını tələb edir, buna görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, Mingəçevir Şəhər Məhkəməsinin 31 mart 2016-cı il tarixli qətnaməsi ilə iddiaçı X4 cavabdehlər İddiaçı, ona, yəni Cavabdeh və X3 qarşı pul tələbinə dair iddiası təmin edilmiş, 58.350 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun onlardan müştərək qaydada tutularaq iddiaçı X6 verilməsi qət edilmiş, Şəki Apellyasiya Məhkəməsinin qətnaməsi ilə Mingəçevir Şəhər Məhkəməsinin qətnaməsi ləğv edilsə də, yenə də onlardan müştərək qaydada 58.350 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun X4 xeyrinə tutulması qət edilmiş, Ali Məhkəmə Şəki Apellyasiya Məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır. Qətnamə icra edilməsi üçün hər üçünün qeydiyyatda olmaqla yaşadıqları yer üzrə Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, onun və icra sənədi üzrə digər borclu X2 tələbin yönəldilməsi üçün əmlakı, əmək haqqı və digər gəlirləri olmadığı üçün həmin borc məhkəmə icraçısı tərəfindən İddiaçı əmək haqqına yönəldilmişdir. Həmin sənədin icrası ilə bağlı icra məmuru tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında Ağdaş Rayon Məhkəməsi onu 25 gün müddətində inzibati qaydada həbs etmişdir. Bundan sonra İddiaçı onu çayxanaya dəvət edərək icra sənədi üzrə borcun ancaq ondan tutulduğunu bildirmiş, həmin borcu üç hissəyə bölərək təminat üçün məhkəməyə təqdim etdiyi sənədi yazdıraraq imzalatmışdır, savadsız olduğu və ona inandığı üçün həmin sənədi yazmış və imzalamışdır. Əslində isə İddiaçı heç bir manatda olsun pul almamışdır. Məhkəməyə müraciət olunduqdan və məhkəmə tərəfindən onlara barışıq təklif olunmuş, bundan sonra İddiaçı onu barışığa dəvət etmiş, o da dayısı ilə barışığa getdikdə Arif ona yenidən onun öhdəliyində olan borcun müştərək qaydada ödənilməsi qeyd olunan sənədi imzalamağı təklif etmiş, lakin sənədi oxuduqdan sonra bu barışığa razı olmamışdır. Onda olan məlumata görə Arif Məhyyədinov aldadaraq ondan aldığı eyni məzmunlu sənədi Vüqar Məhyəddinovdan da almışdır. Arif Məhyyədinov ona qarşı pul tələbi əsassızdır, buna görə də iddianın rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia rədd edilməlidir. İş üzrə şahid Ağdaş Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 məhkəmə iclasında bildirdi ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-589/2017 saylı 11 aprel 2017-ci il tarixli qətnaməsi və Ağdaş Rayon Məhkəməsinin 2(014)-1063/2020 saylı 31 avqust 2020-ci il tarixli qiyabi qətnaməsi icra edilməsi üçün onun icraatına daxil olmuşdur. Şəki Apellyasiya Məhkəməsinin qətnaməsinin icra edilməsi üçün qanunamüvafiq tədbirlər görmüş, lakin icra sənədi üzrə borclular Cavabdeh və X2 adına tələbin yönəldilə biləcək əmlak, əmək haqqı və digər gəlirləri olmadığı üçün icra sənədi üzrə borc və icra sənədinin icrası üçün ödənilməli olan 7 faiz, yəni 4.086.60 manat digər borclu İddiaçı əmək haqqına yönəldilmişdir və bu gün də onun əmək haqqından tutulmalar aparılır. Həmin sənədi icrası ilə bağlı Cavabdeh barəsində məhkəmənin qərarı ilə 25 gün müddətə inzibati həbs tətbiq edilmişdir. Qiyabi qətnamənin icrası ilə bağlı Cavabdeh ona bildirmişdir ki, İddiaçı hər hansı bir məbləğdə borc pul almamışdır, İddiaçı verdiyi qəbz Şəki Apellyasiya Məhkəməsinin qətnaməsinin icrası ilə bağlıdır. Şəki Apellyasiya Məhkəməsi tərəfindən verilmiş icra vərəqsi üzrə borc İddiaçı əmək haqqından tutulduğu üçün onların hər üçü razılığa gəlmişlər ki, Cavabdeh və Vüqar Məhyəddinov hər ay İddiaçı hesabına 120 manat ödəniş edəcəklər, buna görə də İddiaçı ərizə ilə müraciət edərək Ağdaş Rayon Məhkəməsinin qiyabi qətnaməsi əsasında verilmiş icra sənədini icra etmədən geri qaytarılmasını xahiş etmiş, bu əsasla icra işinin icraatına xitam verilmişdir. Buna görə Cavabdeh tərəfindən ödənilmiş 120 manat qiyabi qətnamənin deyil, Şəki Apellyasiya Məhkəməsinin qətnaməsinin icrasına hesablanmışdır. İddiaçı Cavabdeh valideynlərini aldadaraq Şəki Apellyasiya Məhkəməsinin qətnaməsinin icrası üçün onlar tərəfindən edilmiş 700 manat ödənişi öz hesabına köçürtmüşdür. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Cavabdeh tərəfindən yazılmış, onun və İddiaçı tərəfindən imzalanmış 16 may 2020-ci il tarixli sənəddən görünür ki, Cavabdeh 16 may 2020-ci il tarixdə İddiaçı 20.822.20 manat məbləğində pulu heç bir faiz olmadan əlbəəl borc aldığı, 16 may 2020-ci il tarixdən üzərinə borc öhdəliyi götürdüyü, aldığı məbləği tam olaraq İddiaçı ödəmədiyi halda məsuliyyət daşıyacağı qeyd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-6165/2017 saylı 03.10.2017-ci il tarixli qərarının surətindən görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin 31 mart 2016-cı il tarixli 2(051)-28/2016 saylı qətnaməsi ilə iddiaçı X4 cavabdehlər İddiaçı, Cavabdeh və X3 qarşı pul tələbinə dair iddiası təmin edilmiş, 58.350 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər İddiaçı, Cavabdeh və X1 müştərək qaydada tutularaq iddiaçı X6 verilməsi qət edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)- 589/2017 saylı 11 aprel 2017-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı nümayəndəsi X9 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 31 mart 2016-cı il tarixli 2(051)-28/2016 saylı qətnaməsi ləğv edilib iş üzrə yeni qətnamə qəbul edilməklə ilk iddia təmin edilmiş, 58.350 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər İddiaçı, Cavabdeh və X1 müştərək qaydada tutularaq iddiaçı X6 verilməsi qət edilərək qarşılıqlı iddia təmin edilməmiş, cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-589/2017 saylı 11 aprel 2017-ci il tarixli qətnaməsi kassasiya şikayəti vermiş şəxsə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Ağdaş Rayon Məhkəməsinin 3(014)-264/2021 saylı 07.07.2021-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh və qeyrilərindən 58.350 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pul tutularaq X6 verilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-589/2017 saylı 11 aprel 2017-ci il tarixli qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini yerinə yetirmədiyi üçün Cavabdeh Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 25 gün müddətində inzibati həbs tətbiq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kerditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 739.3-cü maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanılır. Həmin Məcəllənin 739.4-cü maddəsinə əsasən borc müqaviləsinin predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılır. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız saylır. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqdir.Uydurma əqd əhəmiyyətsizdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütanasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur.Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki,sübutlar qiymətləndirilərkən bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. «N.Məmmədovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün 31 yanvar 2006-cı il tarixli qərarında belə qənaətə gəlmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır.İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, onunla cavabdeh arasında bağlanılmış sadə yazılı formada olan ikitərəfli əqd onların arasında yaranmış mülki hüquq münasibətinin həqiqi tərəfini əks etdirmir. Məhkəmə iclasında araşdırılmış təkzibedilməz sübutlarla müəyyən olundu ki, iddiaçı cavabdehlə bağladığı 16 may 2020-ci il tarixli əqdin şərtlərinə əməl etməmiş, yəni hər hansı bir məbləğdə pulu cavabdehə verməmişdir. Həmin əqd onların hər ikisindən və digər şəxsdən müştərək qaydada tutulmalı olan, lakin faktiki olaraq ancaq iddiaçının əmək haqqından tutulan borcun tərəflər arasında bölünməsi məqsədi ilə bağlanılmışdır. Qanuni qüvvəsinə minmiş məhkəmə qətnaməsi ilə müştərək qaydada digər bir şəxsə 58.350 manat borc ödəməli olan şəxsin müştərək borcluya iyirmi mindən artıq məbləğdə borc pul verməsi heç bir halda inandırıcı və real görünmür. Həmçinin məhkəmə iclasında müəyyən olundu ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-589/2017 saylı 11 aprel 2017-ci il tarixli qətnaməsi ilə cavabdehlər İddiaçı, Cavabdeh və X1 müştərək qaydada tutularaq iddiaçı X6 verilməli olan 58.350 manat məbləğində borc, ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 58.380 manat icra məmuru tərəfindən tutulan 7 faizlə, yəni 4.086.60 manatla toplandıqda 62.466.60 manat edir, həmin məbləğ üç yerə bölündükdə isə 20.822.20 manat edir, yəni dəqiqliyi ilə iş üzrə tərəflər arasında bağlanlmış əqdə göstərilən məbləği əks etdirir. Buna görə iddia rədd edilməli və ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbi haqqında iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov
Məhkəmə qərarları › İş №2(014)-2275/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-2275/2021
18.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver