Məhkəmə qərarları › İş №2(014)-233/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-233/2021

05.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-233/2021 05.03.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi C.Hacıyevin iştirakı ilə Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı Borcun tutulması tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçıASC-nin Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə xx xxxxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 126,40 manat əsas borc, 21,38 manat müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz borcu və 247,17 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 395,95 manat borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı borcun tutulması tələbi haqqında iddiasını onunla əsaslandırmışdır ki, İddiaçıASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli kredit kartının verilməsi və istifadəsinə dair müqaviləyə əsasən Cavabdeh 36 ay müddətinə 300 manat məbləğində kredit xətti verilmişdir. Müqavilənin müddəti xx xxxxxxxx 2017-ci il tarixdə bitsə də,borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən imtina edir. Müqavilə üzrə öhdəliklərini icra etməyən Cavabdeh xx xxxxxx 2020-cı il tarixədək 126,40 manat əsas borcu, 21,38 manat müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz borcu, 247,17 manat cərimə borcu, cəmi 395,95 manat borcu vardır, xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir. Odur ki, cavabdehdən İddiaçıASC-nin xeyrinə 126,40 manat əsas borcu, 21,38 manat müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz borcu, 247,17 manat cərimə borcu, cəmi 395,95 manat borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması xahiş edilir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi C.Hacıyev məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbi barədə məlumat vermədiyi üçün məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq iş üzrə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İş materialları ilə müəyyən edilir ki, İddiaçıASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli kredit kartının verilməsi və istifadəsinə dair müqaviləyə əsasən Cavabdeh 36 ay müddətinə 300 manat məbləğində kredit xətti verilmişdir. Müqavilənin müddəti xx xxxxxxxx 2017-ci il tarixdə bitsə də,borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən imtina edir. Müqavilə üzrə öhdəliklərini icra etməyən Cavabdeh xx xxxxxx 2020-cı il tarixədək 126,40 manat əsas borcu, 21,38 manat müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz borcu, 247,17 manat cərimə borcu, cəmi 395,95 manat borcu vardır, xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir. İddiaçı tərəfindən 20 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi, və ya lazımında icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borculunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmunu hərəkətdən çəkindirmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan yuxarı olduqda 30 manat dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə hesab edir ki, 247,17 manat dəbbə pulu həmin müqavilənin cavabdeh tərəfindən də qəbul edilmiş şərtlərinə uyğun olaraq hesablansa da qeyd olunan məbləğ işin faktiki hallarına uyğun deyildir və müqavilə üzrə əsas borc məbləği ilə müqayisədə həddən artıq yüksək məbləğdir. Əsas borcun miqdarının 126,40 manat təşkil etdiyi halda dəbbə pulunun miqdarının 247,17 manat məbləğində olması borclunun mülkiyyət maraqlarının qorunması baxımından da məqsədə müvafiq deyildir. Qeyd olunan maddi hüquq normalarının tələbinə və şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, cavabdehdən tələb edilən dəbbə pulunun miqdarının əsas borcun miqdarı ilə müqayisədə yüksək olması və işin digər faktiki halları nəzərə alınmaqla iddianın cavabdehdən 247,17 manat dəbbə pulu tələbinə dair hissəsi qismən – 15 manat həddində təmin edilməlidir. Qeyd olunan maddi hüquq normalarının tələbinə və şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla iddianın məhkəməyə müraciət etmək üçün ödənilmiş 20 manat dövlət rüsumu tələbinə dair hissəsi də təmin edilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 126,40 manat əsas borc, 21,38 manat müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz borc, 15 manat cərimə borcu, 20 manat ödənilmiş dövlət rüsumu,cəmi 182,78 manat(yüz səksən iki manat yetmiş səkkiz qəpik) tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə Apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar