Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-2343/2021 16.12.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Nizam Əliyev Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qarayev Orxan Sərxan oğlunun katibliyi İddiaçı nümayəndəsi və vəkili Vəkil Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdaş rayon məhkəməsinin 26.11.2019-cu il tarixli 2(014)-1701/2019 saylı qətnaməsinə əsasən təyin edilmiş alimentin miqdarının dəyişdirilməsinə, 07 avqust 2010-cu il təvəllüdlü X1 18 yaşı tamam olan günədək saxlanılması üçün, həmçinin xəstəliyi ilə bağlı xərclər də nəzərə alınmaqla cavabdeh olan atası Cavabdeh aylıq əmək haqqının ¼ hissəsi miqdarında, lakin hər ay üzrə 200 manat sabit pul məbləğindən az olmamaqla alimentin həmçinin də mediasiya xərci kimi ödədiyi 50 manat pulun onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Ağdaş rayon Məhkəməsinin 15.02.2016-cı il tarixli qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulmuş və birgə nikahlarından anadan olmuş 07.08.2010-cu il təvəllüdlü X3 onun himayəsində saxlanılmışdır. Aralarındakı nikahın pozulması Ağdaş rayon Qeydiyyat şöbəsində 18.03.2016-cı ildə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 30 nömrə ilə qeyd edilmişdir. 04.06.2016-cı ildə atalığın müəyyən edilməsi haqqında şəhadətnamə ilə uşağın atasının hazırki cavabdeh olduğu müəyyən edilmişdir. Cavabdehlə ayrıldıqdan sonra uşaq ayrıca olaraq onun himayəsində qalmışdır. Ağdaş rayon Məhkəməsi 03.07.2015-ci il tarixdə aliment tələbinə dair işə baxaraq birgə nikahlarından 07.08.2010cu ildə anadan olmuş X1 18 yaşı tamam olan günədək saxlanması üçün hər ay üzrə cavabdehdən 80 manat alimentin tutularaq ona ödənilməsi qət edilmiş, alimentin artırılması tələbinə dair işə baxaraq isə 26.11.2019-cu ildə həmin məbləğin hər ay üzrə 120 manat məbləğində təyin olunmasına dair qətnamə çıxarmışdır. Hazırda 120 manat məbləğində aliment uşağın cəmisi 15 günlük tələbatlarını ödəməyə kifayət etmədiyi, onun uşağı ilə birlikdə çətin maddi durumda yaşadığı, daimi həkim müayinəsinə və müalicəsinə ehtiyacının olması nəzərə alınaraq alimentin miqdarının artırılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini, alimentin artırılaraq 160 manat təyin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək bildirdi ki, iddiaçı ilə ailə münasibətləri pisləşdiyindən aralarındakı nikah pozulmuşdur. Həmçinin Ağdaş rayon məhkəməsinin qətnaməsi ilə birgə nikahlarından dünyaya gəlmiş övladının 18 yaşınadək saxlanması üçün hər ay 120 manat miqdarında alimentin ondan alınıb iddiaçının xeyrinə tutulması qət edilmişdir. Hazırda iddiaçı alimentin miqdarının artırılması tələbinə dair məhkəmə müraciət etmişdir. Alimentin artırılaraq 150 manat miqdarında təyin edilməsinə etirazı yoxdur. Məhkəmə iddiaçı nümayəndəsi və vəkilinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Məhkəməsi tərəfindən verilmiş 26 noyabr 2019-cu il tarixli 2(014)-1701/2019 saylı qətnamənin surətindən məlum olur ki, iddia qismən təmin edilmiş, Ağdaş Rayon Məhkəməsinin 03 iyul 2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyirinə bir uşağın saxlanılması üçün tutulan alimentin miqdarının artırılması, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq 07 avqust 2010-cu il tarixdə anadan olmuş X3 18 yaşına çatana qədər onun saxlanılması üçün İddiaçı xeyrinə hər ay 120 (bir yüz iyirmi) manat alimentin tutulması, Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 18 mart 2016-cı il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən məlum olur i, X2 ilə Cavabdeh arasında bağlanmış nikaha xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 18 mart 2016-ci il tarixli 30 saylı qeyd aparılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 01.09.2010-cu il tarixli AZ-İİ 489432 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X3 07.08.2010-cu il tarixdə Mingəçevir şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş şəhər Ailə Sağlamlıq Mərkəzi tərəfindən verilmiş arayışdan məlum olur ki, X3 07.08.2010-cu il tarixdə anadan olmuşdur. Hal-hazırda hərtərəfli həkim müayinəsinən keçmişdir, və sağlamdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 26 oktyabr 2021-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan məlum olur ki, İddiaçı tərəfindən təsvir edildiyi kimi, “alimentin miqdarının artırılması tələbi” mübahisəsi üzrə 25.10.2021 tarixində 15:00-16:30 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediyasiya sessiyasında Cavabdeh iştirak etmədiyini təsdiq etmək üçün verilir. Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 6 gün əvvəlcədən şəxsən məlumatlandırılmışdır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Həmin Qanunun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühiti yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli,müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Konstitutsiyasının 34-cü madəsinin İV-cü bəndində göstərilir ki, ər ilə arvadın hüququ bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında “Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanununa əsasən 01 yanvar 2021-ci ildən uşaqlar üçün yaşayış minimumu 175 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Ağdaş rayon Məhkəməsinin 26.11.2019-cu il tarixli 2(014)-1701/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, 07.08.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində aliment və mediasiya xərci kimi ödədiyi 50 manat pul Cavabdeh alınaraq İddiaçı xeyrinə verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Ağdaş rayon Məhkəməsinin 26 noyabr 2019-cu il tarixli 2(014)-1701/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. Cavabdeh 07.08.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində aliment və mediasiya xərci kimi ödədiyi 50 manat pul İddiaçı xeyrinə tutulsun. Cavabdeh iddianın təmin edilmiş hissəsinə münasib olaraq 30 (otuz) manat dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Ağdaş rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayət verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №2(014)-2343/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-2343/2021
16.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver