Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-2345/2021 28.12.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun yaşayış evi uçduğundan rəfiqəsi ona tezliklə yeni yaşayış evinin tikintisi üçün öz qardaşı olan cavabdehi məsləhət görmüş və onları tanış etmişdir. Cavabdehlə görüşüb tanış olandan sonra o, peşəkar usta kimi iki otaqlı evin tikintisi üçün nə qədər material tələb olunduğu və həmin materialların alınmasına əl haqqı ilə birlikdə 8-9 min manat civarında pul lazım olacağını ona bildirmişdir. Cavabdeh ilə öz aralarında bir mərtəbəli kürsülü iki otaqlı evin tikilməsi üçün 9600 manata razılaşmışlar. Razılaşmaları belə olmuşdur ki, həmin pulu o, cavabdehə hissə-hissə verəcəkdir. Bununla da cavabdeh yaşayış evinin tikintisini öhdəsinə götürmüşdür. Razılaşmalarından sonra cavabdeh öz usta və fəhlələri ilə evin tikintisinə başlamışdır. Evin tikintisi üçün tələb olunan bütün tikinti materiallarını cavabdeh alırdı. Cavabdeh iki otqalı evi tikərək üstünü örtəndən sonra işi dayandırmış və ona bildirmişdir ki, pul qurtarıbdır. Döşəmə, tavan, qapı və pəncərə üçün əlavə pul lazımdır. Razılaşmalarını onun nəzərinə çatdıranda cavabdeh ona demişdir ki, o, əlavə yerə pul xərcləməyibdir. Evin tikintisinə 9600 manat pul xərcləyibdir. Hər ikisinin razılığı ilə rayonda tikinti işləri ilə məşğul olan qohumu X2 cavabdehin iştirakı ilə evin tikintisinə alınan materialların və onların qiyməti hesablanmışdır. Cavabdeh ona hazırkı vəziyyətdə 2100 manat borclu olduğu müəyyən olunmuş və cavabdeh borcunu etiraf etmişdir. Ancaq bildirmişdir ki, evin tamamlanması üçün ona 1400-1500 manat bəs edəcəkdir. Hətta onun özünün hesablamasına görə işlərin tamamlanması uçün dəqiq 1407 manat tələb olunduğunu bildirmişdir. O, artıq cavabdehin səmimiyyətinə inanmadığına görə dilindən iltizam verməsini tələb etmişdir. O, demişdir ki, sentyabr ayında evin tikintisini tam başa çatdıracaqdır. Qarşıdan qış mövsümü gəldiyinə, evin tikintisinin tamamlanması üçün bəlkə də 1407 manatadək tələb olunduğunu düşünərək və çöllərdə qalmamaq üçün o, yenə cavabdehlə razılaşmış və qohumu Mətləb İsmayılovun iştirakı ilə ona 1407 mamat borclu olması barədə yazılmış iltizama imza etmişdir. Bundan sonra cavabdeh evin tikintisinin tamamlama işləri ilə məşğul olmamış və pulu olmadığını bəhanə edərək ona olan 2100 manat borcunu qaytarmaqdan imtina etmişdir. Cavabdehin ona 2100 manat borclu olması məhkəməyə təqdim edəcəyi əlavə sənədlər və şahid ifadələri ilə təsdiq oluna bilər. Cavabdeh onu aldatdığına görə bu barədə rayon polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Polis şöbəsinə dəvət olunan cavabdeh ona borclu olmasını etiraf edərək, pulu olanda borcunu qaytaracağını bildirmişdir. Ərizəsinə cavab olaraq şöbə tərəfindən mübahisə mülki xarakterli olduğuna görə məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Ona görə də o, cavabdehə qarşı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək İddiaçı borcu olmadığını bildirdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan yazılı razılaşmadan görünür ki, Cavabdeh İddiaçı sentyabr ayında 1407 manat pulu qaytaracağını öhdəsinə götürmüşdür. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh yaşayış evinin tikintisi ilə əlaqədar İddiaçı qaytarmalı olduğu 1407 manat pul öhdəliyi vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bundan əlavə, məhkəmə iddia tələbinin qalan hissəsinə qiymət verərək hesab edir ki, iddiaçı tələbinin bu hissəsini əsaslandırmaq üçün məhkəməyə sübut təqdim etmədiyindən, iddia tələbi həmin hissədə təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin olunduğundan məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 33 manatı cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin qismən edilməli, Cavabdeh 1407 (min dörd yüz yeddi) manat məbləğində pul və 33 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 1407 (min dörd yüz yeddi) manat məbləğində pul və 33 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-2345/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-2345/2021
28.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver