Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-2406/2021 28.12.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı borcun və dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borcun və dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 01 yanvar 2016-cı ilin sonunda ondan təcili pula ehtiyacı olduğu üçün 6200 (altı min iki yüz) manat borc almışdır. Bununla da ona 6200 manat borcu yaranmışdır. Cavabdeh bu məbləği alarkən 1-2 ay ərzində yaşadıqları evi sataraq borcunu qaytaracağını bildirmişdir. Cavabdeh borcunu 1 ay ərzində yəni 2016-cı ilin dekabr ayının sonunadək qaytaracağını bildirərək bunun sübutu kimi onunla yazılı borc müqaviləsi bağlamış və onu 1 ay ərzində pulu ödəyəcəyinə əmin edərək söz vermişdir. Ancaq cavabdeh verdiyi sözünə əməl etməmişdir. Bundan sonra cavabdeh maddi vəziyyətinin pis olduğunu, borcunu 2017-ci ilin sonunadək ödəyəcəyini bildirmişdir. 2017-ci ilin sonunadək cavabdeh yenə borcunu ödəyib bitirməmişdir. Bu minvalla cavabdeh ona verdiyi sözlərə əməl etməmiş, hər dəfə də ailə problemlərinin olduğunu, tezliklə borcunu ödəyib bitirəcəyini yenidən söz vermişdir. Bu minvalla cavabdeh bir neçə il yalan vədlər verərək borcunu ödəməkdən boyun qaçırır. 2019-cu ildə cavabdehə onu məhkəməyə verəcəyini bildirmişdir. Bundan sonra cavabdeh borc tələbi ilə məhkəməyə müraciət etməsin deyə 2019-cu ildən buğünədək ona olan borcundan cəmi 500 manat ödəmişdir. Cavabdeh bugünədək yerdə qalan 5700 (beş min yeddi yüz) manat borc məbləğini ödəməkdən boyun qaçırır. Dəfələrlə cavabdehə borcunu könüllü ödəməsini, borc məsələsini aralarında mübahisəsiz həll etməsini xahiş etsə də, cavabdeh hər dəfə borcunu tezliklə ödəyəcəyini bildirsə də, bugünədək heç bir məbləğ ödəməmişdir. Dəfələrlə çalışsa da cavabdehdə olan pulunu ala bilmir. Ona görə də məhkəməyə müraciət etməyə məcburdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh İddiaçı borcu 2012-ci ildə aldığını, sonra hissə-hissə pulu ödəyib qurtardığını, hazırda ona borcu olmadığını bildirdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan yazılı borc müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı ehtiyacı olduğu üçün 6200 manat borc almışdır. Pulu az bir müddətə qaytaracağını qeyd etmişdir. Cavabdeh özü də etiraf edir ki, iddiaçıdan həqiqətən də iddia olunan borcu almışdır. Beləliklə, tərəflər arasında borc münasibətinin yaranması və borcun məbləği işi mübahisəsiz halıdır. Cavabdeh iddiaya 2 arqumentlə - borcun tamamilə ödənilməsi və iddia müddətinin keçməsinə görə etiraz edir. Borcun tamamilə ödənilməsi ilə bağlı məhkəmə hesab edir ki, sübutetmə yükü cavabdehin üzərinə düşür. Çünki bu hal onun iddiaya etirazının əsasını təşkil etdiyinən mülki prosessual qanunvericiliyin tələblərinə görə bu hissədə şəxs öz etirazında istinad etdiyi halları sübut etməlidir (MPM 77.1). İddia müddəti ilə bağlı cavabdehin etirazı da əsassızdır. Belə ki, işin materiallarında olan 2(014)-2069/2019 saylı qərardaddan görünür ki, iddiaçı cavabdehə qarşı 2019-cu ildə də pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının bildirdiyinə görə cavabdeh ona 500 manat pul ödədiyindən və borcun qalan hissəsi ilə bağlı aralarında razılıq əldə olunduğundan, həmin iş baxılmamış saxlanılmışdır. Qeyd olunan işə baxılarkən cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etməmiş, o cümlədən borcunu ödəməsini və ya iddia müddətinin ötməsini bildirməmişdir. Bu isə iddiaçının dediklərinə uyğun olaraq tərəflər arasında şifahi razılaşmanın məntiqi təsdiqi kimi qiymətləndirilə bilər. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh İddiaçı 6200 manat borc pul almış, ondan cəmi 500 manat qaytarmış, hazırda Cavabdeh İddiaçı 5700 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borcun və dəymiş ziyanın ödənilməsi ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 742.1-ci maddəsinə əsasən əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Bundan əlavə, məhkəmə iddia tələbinin 1800 manat məbləğində maddi ziyanın tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddiaçı tələbinin bu hissəsini əsaslandırmaq üçün məhkəməyə sübut təqdim etmədiyindən, iddia tələbi həmin hissədə təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı borcun və dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası qismən təmin edilməli, Cavabdeh 5700 (beş min yeddi yüz) manat məbləğində borc və 95 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı borcun və dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 5700 (beş min yeddi yüz) manat məbləğində borc və 95 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-2406/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-2406/2021
28.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver