Məhkəmə qərarları › İş №2(014)-25/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-25/2023

04.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-25/2023 04.09.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə Əlhəsən oğlunun iştirakları ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında xx.xx.2020-ci il tarixli xidmət göstərilməsinə dair müqaviləsi – Podrat müqaviləsi bağlanmış, həmin müqavilə əsasında iddiaçı mənzilin təmir-tikinti işlərini cavabdehə həvalə etmişdir. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən, işin qiyməti 50000 manat müəyyən olunmuşdur. Həmin məbləğin 30000 manatı müqavilə bağlandığı vaxt, 10000 manatı daha sonra, xx.xx.2021-ci il tarixdə isə qalan 10000 manat cavabdehə ödənilmişdir. Cavabdehlə aralarında evin təhvil verilməsi tarixi xx.xx.2021-ci il tarixə razılaşdırılmış, bu da müqavilədə öz əksini tapmışdır. Müqavilənin 4.3-cü maddəsinə əsasən, ödəniş tam olunandan sonra tərəflər arasında təhvil-təslim aktı imzalanmalı idi. Lakin ödəniş tam olunsa da, iddiaçının cavabdehə həvalə etdiyi, onun da öz öhdəliyinə götürdüyü işlər tam görülməmiş, ona görə də təhvil-təslim aktı tərtib edilməmişdir. Belə ki, cavabdehin hal-hazırda onun mənzilində görməli olduğu işlərin dəyəri 15000 manat təşkil edir. O, pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Göstərilənlərə əsasən cavabdeh "xxxx" MMC-nin direktoru Nümayəndələ bağlanmış xx.xx.2020-ci il tarixli “Xidmət göstərilməsinə dair” müqavilənin ləğv edilməsi, mənzilin təmir olunması üçün cavabdehin hesabına ödədiyi 50000 manat puldan müqavilənin şərtlərinin pozulmasına, cavabdehin öz öhdəliklərini yerinə yetirməməsinə görə ona dəymiş 15000 manat maddi ziyanın və iddia qaldırılması üçün ödənilmiş 135 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı, onun vəkili nümayəndəsi Vəkil iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə Əlhəsən oğlu iddianı qismən qəbul edərək sözügedən müqavilə üzrə öhdəliklərin tamamlanmadığını, müqavilə əsasında tikinti-təmir işlərinin aparıldığını, dörd ədəd qapı qoyulmalı olduğunu, qapıların dəyərinin 2400 manat məbləğində olması ilə razı olduğunu bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X2 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********6599800 saylı məlumatın verilməsi haqqında məktubdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2020-ci il tarixdə ********** nömrəli VÖEN-lə 9 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınıb. İşin materiallarında olan İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 02/2020 saylı Xidmət göstərilməsinə dair müqavilədən görünür ki, sifarişçinin tapşırığı ilə "xxxx" MMC müqavilədə göstərilmiş şərtlərlə təmir-tikinti xidmətlərinin göstərilməsini öz üzərinə götürür. Həmin müqavilədə H.Rəhmanovun ümumilikdə 5000 manat məbləğində pul alması öz imzası və möhürü ilə təsdiqlənməsi öz əksini tapmışdır. İşin materiallarında olan İddiaçı tərəfindən cavabdeh "xxxx" MMC-nin direktoru Nümayəndə Əlhəsən oğluna ünvanlanmış pretenziya (bildiriş) məktubundan görünür ki, cavabdehin nümayəndəsi iddiaçıya dəymiş 15000 manat məbləğində zərərin ona qaytarılması ilə bağlı xəbərdar olunmuşdur. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyun 2023-cü il tarixli, 10/1325 saylı ekspert rəyindən görünür ki, "xxxx" MMC ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixdə bağlanmış müqavilənin 3.2.1- 3.2.9-cu bəndlərində görüləcək işlərin spesifikasiyasında göstərilən iş növlərinin qismən yerinə yetirildiyi müəyyən olunmuşdur. Belə ki, müqavilənin 3.2.7-ci bəndində evin daxili divarlarının “Ağdağ” ilə suvanması göstərilməsinə baxmayaraq, divarlar sement məhlulu ilə suvanmış və evin dam hissəsində bəzi suvaq işləri görülməmişdir. Cavabdeh "xxxx" MMC tərəfindən təmir və tikinti işlərinin başa çatmaması nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün aparılmalı tikinti-təmir işlərinin bazar qiymıtlərinə uyğun olaraq ümumi dəyəri təqribən 4355 manat məbləğində müəyyən olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, cavabdeh "xxxx" MMC iddiaçı ilə xx.xx.2020-ci il tarixdə müqavilə bağlayaraq, həmin müqavilə əsasında iddiaçıya məxsus mənzilin tikinti-təmiri üçün iddiaçı müxtəlif vaxtlarda ümumilikdə 50000 manat məbləğində vəasit vermiş, lakin cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməmişdir. Ekspert rəyi ilə müəyyən olunur ki, müqavilədə nəzərdə tutulmuş qaydada təmiri başa çatdırmaq üçün 4355 manat vəsait tələb olunur. Bundan başqa, tərəflərin razılaşmasına uyğun olaraq qapıların quraşdırılmasına da əlavə vəsait tələb olunur ki, cavabdehin nümayəndəsi bu məbləğin 2400 manat olmasını qəbul edir. Hazırda iddiaçı ona dəymiş ziyanı mübahisələndirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcələnin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən öhdəliklərin icra edilməməsi üçün məsuliyyət nəzərdə tutulmuşdur. Belə ki, həmin maddəyə görə, əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin qismən edilməli, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli “Xidmət göstərilməsinə dair” müqavilə ləğv edilməli, cavabdeh "xxxx" MMC-dən 6755 (altı min yeddi yüz əlli beş) manat məbləğində pul və 135 (yüz otuz beş) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat cavabdeh "xxxx" MMC-dən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE********************) köçürülməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli “Xidmət göstərilməsinə dair” müqavilə ləğv edilsin. Cavabdeh "xxxx" MMC-dən 6755 (altı min yeddi yüz əlli beş) manat məbləğində pul və 135 (yüz otuz beş) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilmsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat cavabdeh "xxxx" MMC-dən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE********************) köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar