Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-2540/2021 24.12.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı borc tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borc tələbi haqqında ərizə ilə məhkəməyə müraciət edərək Ağdaş rayonu, Kotanarx kəndində yaşayan borclu Cavabdeh 23 noyabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə 1334 manat əsas borcun, 800 manat hesablanmış faiz borcunun, cəmi 2134 manat borcun, eləcə də dövlət rüsumu hesabına ödədiyi 20 manat pulun borcludan onun xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmənin 17 fevral 2017-ci il tarixli məhkəmə əmri ilə ərizə təmin edilmiş, lakin Cavabdeh tərəfindən 26 noyabr 2021-ci il tarixdə məhkəmə əmrindən etiraz edilərək məhkəmə əmrinin ləğv edilməsinə və işin iddia icraatı qaydasında mahiyyəti üzrə baxılmasına dair qərardad çıxarılması barədə ərizə verilmişdir. Məhkəmənin 29 noyabr 2021-ci il tarixli qərardadına əsasən 17 fevral 2017-ci il tarixli məhkəmə əmri ləğv edilmiş və işə iddia icraatı qaydasında baxılması üçün təyin edilmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən sahibkar mağazasında cehizlik və elektronik əşyalarının alqı-satqısı ilə məşğul olur. Borclu Cavabdeh ilə aralarında bağlanmış 23 noyabr 2012-ci il tarixli borc müqaviləsinə əsasən VAZ-2107 markalı, **-BC-*** dövlət nömrə nişanlı minik avtomobilinin alınması məqsədi ilə ona 24 ay müddətinə, yəni 23 noyabr 2014-cü il tarixədək illik faiz dərəcəsi tətbiq edilməməklə 4200 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilməli idi. Borclu Cavabdeh 23 noyabr 2012-ci il tarixli borc müqaviləsinə əlavə edilmiş ödəniş cədvəli üzrə cəmi 2866 manat ödəniş etmiş, qalan məbləği isə ödəməmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borclu Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə də borclu Cavabdeh müqavilənin həmin şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu borcun ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Borclu Cavabdeh 01 noyabr 2016-cı il tarixə 23 noyabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə əsas borcunun məbləği 1334 manat təşkil edir. Buna görə də Ağdaş rayonu, Kotanarx kəndində yaşayan borclu Cavabdeh 23 noyabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə 1334 manat əsas borcun, 800 manat hesablanmış faiz borcunun, cəmi 2134 manat borcun, eləcə də dövlət rüsumu hesabına ödədiyi 20 manat pulun borcludan onun xeyrinə tutulması xahiş edilir. İddiaçı Rafail oğlu məhkəməyə ərizə ilə müraciət edirək işə onun iştirakı olmadan baxılaraq, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir, məhkəmə İddiaçı Rafail oğlunun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə teleqram göndərərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir, məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən maliyyə arayışından görünür ki, Cavabdeh 4200 manat məbləğində borcu var və həmin borcdan 2866 manat ödəniş etmiş, 01.11.2016-cı il tarixə 1334 manat əsas borcu, 800 manat faiz borcu yaranmışdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 23.11.2012-ci il tarixli Kredit müqaviləsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh 4200 manat məbləğində pul ayrılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi, və ya lazımında icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borculunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmunu hərəkətdən çəkindirmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 01 oktyabr 2021-ci il tarixədək qüvvədə olmuş 8.2-ci maddəsinə əsasən məhkəmə əmri haqqında ərizənin verilməsinə görə 20 manat dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edildi ki, iş üzrə İddiaçı ilə iş üzrə Cavabdeh ilə arasında bağlanmış 23 noyabr 2012-ci il tarixli borc müqaviləsinə əsasən VAZ-2107 markalı, **-BC-*** dövlət nömrə nişanlı minik avtomobilinin alınması məqsədi ilə ona 24 ay müddətinə, yəni 23 noyabr 2014-cü il tarixədək illik faiz dərəcəsi tətbiq edilməməklə 4200 manat məbləğində kredit verilmişdir. Məhkəmə tərəfindən müəyyən olunur ki, iddiaçıya borc üzrə 2866 manat ödəniş edilmiş, belə olan halda əsas borcun məbləğində ödəniş edilmiş məbləğ çıxılaraq əsas borc 1334 manat müəyyən edilmişdir. Həmçinin məhkəmə hesab edir ki, borc müqaviləsi üzrə tələb edilən 800 manat faiz borcu yox, dəbbə puludur, belə ki, tərəflər arasında bağlanmış müqavilədə faiz borcunun hesablanması nəzərdə tutulmamışdır, lakin dəbbə pulu həmin müqavilənin cavabdeh tərəfindən də qəbul edilmiş şərtlərinə uyğun olaraq hesablansa da qeyd olunan məbləğ işin faktiki hallarına uyğun deyildir və müqavilə üzrə əsas borc məbləği ilə müqayisədə həddən artıq yüksək məbləğdir. Əsas borcun miqdarının 1334 manat təşkil etdiyi halda dəbbə pulunun miqdarının 800 manat məbləğində olması borclunun mülkiyyət maraqlarının qorunması baxımından da məqsədə müvafiq deyildir. Qeyd olunan maddi hüquq normalarının tələbinə və şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, cavabdehdən tələb edilən gecikməyə görə artırılmış dəbbə pulunun miqdarının əsas borcun miqdarı ilə müqayisədə yüksək olması və işin digər faktiki halları nəzərə alınmaqla iddianın cavabdehdən 800 manat dəbbə pulu tələbinə dair hissəsi qismən 15 manat həddində təmin edilməlidir. Ödənilmiş 20 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1334 manat əsas borc, 15 manat cərimə borcu, 20 manat ödənilmiş dövlət rüsumu, cəmi 1369 manat (bir min üç yüz altmış doqquz manat) borc tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov
Məhkəmə qərarları › İş №2(014)-2540/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-2540/2021
24.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver