Məhkəmə qərarları › İş №2(014)-255/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-255/2022

28.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-255/2022 28.02.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, İddiaçı iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Təxminən 27 avqust 2021-ci il tarixdə mebel almaq məqsədi ilə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Riyad” Ticarət Mərkəzinə getmişdir. Orada Rahim adlı şəxsin mağazasına yaxınlaşmış, istədiyi mebel əşyalarını həmin mağazada taparaq iri çarpayı və paltar dolabını almaq qərarına gəlmişdir. Rahimlə həmin mebeli 800 manata almağa razılaşdıqdan sonra, həmin günü ona 60 manat beh vermişdir. Ertəsi günü, yəni 28 avqust 2021-ci il tarixdə yenidən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Riyad” Ticarət Mərkəzinə getmiş və orada Rahimlə görüşərək sifariş etdiyi mebelin ödənişini etmək istədiyini bildirmişdir. Rahim artıq mebeli sifariş etdiyini və mebel gələn kimi evə çatdıracağını bildirmişdir. Rahim ilə razılaşaraq birbank hesabı vasitəsilə 799 manat ödəmişdir. Rahim ona əlavə ödədiyi 59 manat pulu bank faizinə ödəməli olduğunu ona bildirmişdir. Bundan sonra evə getmiş və 1 həftədən sonra Rahimlə telefon vasitəsilə əlaqə saxlayaraq sifarişin gəlib-gəlmədiyini soruşduqda Rahim hal-hazırda gəlmədiyini və gəldiyi təqdirdə onunla əlaqə saxlayacağını demişdir. Bir neçə gündən sonra Rahimlə yenidən telefon vasitəsilə əlaqə saxladıqda sonuncu müxtəlif bəhanələr gətirərək mebelin hazır olmadığını bildirmiş və mebeli təhvil verməkdən yayınmışdır. Daha sonra faktla bağlı Abşeron rayon Polis idarəsinə müraciət etmişdir. Abşeron rayon Polis idarəsinin İstintaq şöbəsinin baş müstəntiqi Ayaz Kazımov tərəfindən cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul edilərək ona göndərilmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahaını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan 03.10.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı Abşeron RPİ-yə müraciət etmişdir. Müraciət əsasında izahatı alınmış Cavabdeh bildirmişdir ki, 2021-ci ilin avqust ayının axırlarında Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Riyad” ticarət mərkəzində yerləşən “Avanqard” mebel mağazasını işlətmişdir. Həmin vaxt Rövşən adlı şəxsə mebel vermək üçün ondan 859 manat pul almışdır. Lakin müflis olduğundan həmin mağazadan işləməkdən çıxmışdır. Rövşən adlı şəxsin mebelini vaxtında verə bilmədiyi üçün pulunu geri qaytarmasını istəyir. Hal-hazırda işsiz olduğuna görə onun pulunu verə bilməmişdir. İşin materiallarında olan 17.12.2021-ci il tarixli qəbzdən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı mebel almaq üçün Cavabdeh müraciət etmiş və 859 manat pul vermişdir. Lakin cavabdeh pulu alsa da, iddiaçıya mebeli təhvil verməmiş və aldığı pulu geri qaytarmamışdır. İddiaçı Abşeron RPİyə müraciət etmişdir. Müraciət əsasında izahatı alınmış Cavabdeh bildirmişdir ki, 2021-ci ilin avqust ayının axırlarında Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Riyad ticarət mərkəzində yerləşən “Avanqard” mebel mağazasını işlətmişdir. Həmin vaxt Rövşən adlı şəxsə mebel vermək üçün ondan 859 manat pul almışdır. Lakin müflis olduğundan həmin mağazadan işləməkdən çıxmışdır. Rövşən adlı şəxsin mebelini vaxtında verə bilmədiyi üçün pulunu geri qaytarmasını istəyir. Hal-hazırda işsiz olduğuna görə onun pulunu verə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməli, Cavabdeh 859 manat miqdarında pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 859 (səkkiz yüz əlli doqquz) manat miqdarında pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar