Məhkəmə qərarları › İş №2(014)-261/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-261/2024

12.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-261/2024 12.03.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Fərəcova Gülnarə Kamal qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Aliment tələbinə dair” Ağdaş Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılmasına və Cavabdeh birgə nikahlarından doğulmuş 7 iyun 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 230 manat məbləğində alimentin tutularaq onun xeyrinə verilməsinə dair və mediasiya şurasına keçirmiş olduğu 50 manat rüsumunun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 17 noyabr 2021-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Birgə nikahlarından 7 iyun 2022-ci il təvəllüdlü X6 doğulmuşdur. Cavabdeh ilə birgə yaşadıqları dövrdə ilk vaxtlar ailə münasibətləri yaxşı olmuşdur. Lakin sonradan cavabdehlə xasiyyətləri uyğun gəlməmiş, ailədə bir-bir birilərini başa düşmədiklərindən aralarında tez-tez mübahisələri yaranmışdır. Bu səbəbdən də 2022-ci ildən öz valideynlərinin yanında yaşayır. Ağdaş Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli qətnaməsinə əsasən cavabdehdən bir uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 140 manat məbləğində alimentin verilməsi müəyyən edilmişdir. Cavabdeh ilə birgə nikahlarından doğulmuş bir uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 230 manat miqdarında alimentin alınıb iddiaçının xeyrinə verilməsinə dair qətnamə çıxarılmalıdır. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, cavabdeh tərəfindən məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment hər ay vaxtı-vaxtında bank hesabına köçürülür. Lakin cavabdeh bir dəfə olsun uşaqla maraqlanmamışdır. Uşağı həkimə apararkən uşağın səhhətində problemlər yarandığı və mütəmadi müalicəyə ehtiyacı olduğu müəyyən olunmuşdur. Hazırda özü heç bir yerdə işləmir və işləmədiyindən maddi imkanı yaxşı deyildir. Buna görə də uşağın müalicə olunmasında, sağlam böyüməsində və nəzərə alınsa ki, uşaq böyüdükcə tələbatları da artır və bu ehtiyacları qarşılamaqda çətinlik çəkir. Bundan başqa cavabdeh aliment verməklə kifayətlənir və uşaq ilə maraqlanmadığından uşağın saxlanılmasına 140 manat məbləğində aliment kifayət etmədiyindən məlumatı yoxdur. Odur ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. Belə ki, məhkəmə qətaməsi ilə müəyyən edilmiş alimenti vaxtı-vaxtında ödəyir və gecikmələri olmamışdır. Himayəsində xəstə anası var və maddi imkanı yaxşı deyil. 140 manat məbləğində alimentlə uşağın saxlanılmasını iddiaçı təmin edə bilmirsə, uşağı versin və özü saxlasın. İddiaçı ilə heç bir halda barışıq əldə edə bilmir. İddiçının tələb etdiyi aliment məbləği yüksəkdir və həmin alimenti ödəməyə maddi imkanı yoxdur. Qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 16 noyabr 2023-cü il tarixli, 100 nömrəli arayışdan görünür ki, Cavabdeh X9 ilə 17 noyabr 2021-ci il tarixdə 277 №-li akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə Kərimov, arvada Kərimova soyadı verilmişdir. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 21 iyun 2022-ci il tarixli, AZ-İV № 701978 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X6 7 iyun 2022-ci il tarixdə Ağdaş şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbinin qismən təmin edilmiş, “İddiaçı Cavabdeh qarşı «uşağın saxlanılması üçün aliment» tələbinə” dair iddianın qismən təmin edilmiş, xx xxxx 1995-ci il tarixdə Ağdaş rayonu, Ağcayazı kəndində doğulmuş və həmin ünvanda yaşayan Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq, 07 iyun 2022-ci il təvəllüdlü X2 18 yaşına çatanadək saxlanılması üçün hər ay 140 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. İşin materiallarında olan 16 dekabr 2023-cü il tarixli X3 1 saylı Mediasiya Təşkilatının ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan məlum olur ki, “alimentin miqdarının artırılması tələbi” mübahisəsi üzrə 16 dekabr 2023-cü il tarixində saat 16:00-da tərəflər iştirak etmişlər. Lakin prosesin davam etdirilməsi barədə qərar qəbul etməmişlər. İddiaçı ilkin mediyasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci təkbaşına ödəmişdir. İşin materiallarında olan X5 müayinə sənədlərindən görünür ki, X1 D, Kalsium, Fe (dəmir) (ferrum) çatışmamazlığından əziyyət çəkir və ödənişli olmaqla ambulator müalicə alır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin birgə nikah münasibətlərindən 7 iyun 2022-ci il təvəllüdlü X6 doğulmuş, 2022-ci ildən tərəflərin münasibətləri pozulmuş və onlar həmin vaxtdan ayrı yaşamışlar, Ağdaş Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli 2(014)-1464/2022 saylı qətnaməsi ilə Cavabdeh 24 avqust 2022-ci il tarixdən başlayaraq, 7 iyun 2022-ci il təvəllüdlü X2 18 yaşına çatana qədər saxlanılması üçün İddiaçı xeyrinə hər ay 140 (yüz qırx) manat sabit pul məbləğində alimentin tutulması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Hazırda iddiaçı Ağdaş Rayon Məhkəməsi tərəfindən təyin edilmiş alimentin miqdarının artırılaraq cavabdehdən himayəsində olan uşaq üçün 230 manat məbləğində alimentin tutulmasını tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Eyni Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmçinin, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda məhkəmə uşağın mənafeyini, onun xəstəliyini və bununla bağlı olan məsrəfləri nəzərə alaraq onun saxlanması üçün cavabdehdən 140 manat miqdarında alimentin tutulmasını hazırkı dövrdə kifayət etmədiyini və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli və alimentin məbləği artırılaraq bir uşağa görə 170 manat məbləğində müəyyən edilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8- 2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh ilə İddiaçı birgə nikahlarından doğulmuş 7 iyun 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 170 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməli, miqdarı dəyişdirilmiş alimentin tutulması, bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, İMS-nın keçirilməsi üçün ödənilən 50 (əlli) manat mediasiya xərci cavabdehdən tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat, 1.000 manatdan yuxarı olan iddia qiymətinin isə 1 faizi 30 manat əlavə olunmaqla dövlət rüsumu tutulur. Məhkəmə hesab edir ki, iddianın qiyməti 2040 manat olduğundan iddiaçının ödəməkdən azad edildiyi 40,40 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı birgə nikahlarından doğulmuş 7 iyun 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması, bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 40,40 (qırx manat, qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. İMS-nın keçirilməsi üçün ödənilən 50 (əlli) manat mediasiya xərci cavabdehdən tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar