Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-28/2022 18.08.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi İddiaçı1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçılar İddiaçı6, İddiaçı4, İddiaçı3, İddiaçı5, İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı süni maneələrin aradan qaldırılması tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı6, İddiaçı4, İddiaçı3, İddiaçı5, İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı süni maneələrin aradan qaldırılması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçılar iddialarını onunla əsaslandırmışlar ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən onlara reyestr nömrəsi **********89 olan qeydiyyat nömrəsi ********** olan çıxarışla 3.7170 ha torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. 1998-ci ildən həmin torpaq sahələri onların istifadələrindədir. Həmin vaxtdan etibarən ailə üzvləri həmin torpaq sahələrində əkinçilik və digər təsərrüfat fəaliyyətləri ilə məşğuldurlar. Torpaq sahələri onlara verilən zamandan onların torpaq sahəsinə gələn suvarma arxı cavabdehlərə məxsus torpaq sahəsindən gəlmişdir. Bugünədək də suvarma arxı üçün ödənişləri vaxtında ödəmişlər. Cavabdehlər qanunsuz olaraq torpaq sahələrinin gediş-gəliş yolunu zəbt edərək orada əkinçiliklə məşğuldurlar. Bugünədək də cavabdehlərlə suvarmaya görə dəfələrlə problemlər yaşamışlar. Çünki, kənd ərazisində demək olar ki, bir çox qonşuların Suvarma idarəsi tərəfindən təşkil edilmiş suvarma arxları digər yan qonşuların istifadə etdiyi torpaq sahəsindən keçir. Onların torpaq sahələrinə gələn su arxı da cavabdehlərin torpaq sahəsini yaxınlığından keçir. Ordan da bələdiyyə balansında olan torpaq sahəsindən keçərək onların torpaq sahələrinə gəlir. Cavabdehlər də həmin su arxının önünü kəşmişdir. Bir müddətdir ki, cavabdehlər zəbt etdiyi torpaq sahəsindən onların torpaq sahələrinə gələn suvarma arxının suyunu kəşmişdir. Nəticədə cavabdehlər əkin sahələrinə gələn suyun qabağını kəsərək əkinlərini məhv etməklə və onlara maddi və mənəvi ziyanlıq vurmaqla məşğuldur. Dəfələrlə cavabdehlərə tutduğu əməllərinin düzgün olmadığını, qonşu olduqları üçün də yaranmış problemləri aralarında həll etməyi təklif etmişlər. Bütün bunlara baxmayaraq, cavabdehlər tutduğu qanunsuz əməllərindən əlçəkmir, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində təsərrüfat və tərəvəzlərinə xeyli miqdarda ziyanlıq dəymişdir. Cavabdehlərlə aralarında razılığa gələ bilmədikləri üçün hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətindədirlər. Odur ki, ********** qeydiyyat nömrəli, **********89 reyestr nömrəli çıxarışla mülkiyyətlərinə verilmiş torpaq sahələrinə gələn su yolunun açılmasına və cavabdehlər tərəfindən suvarılmasına yaradılan süni maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş edirlər. İddiaçı1 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildiriş təqdim edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədikləri, cavabdehlər tərəfindən işə mahiyyəti üzrə baxılması tələb edildiyi üçün məhkəmə iş üzrə iddiaçılar İddiaçı6, İddiaçı3, İddiaçı5, İddiaçı1 və İddiaçı2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə digər iddiaçılar İddiaçı3, İddiaçı5, İddiaçı1 və İddiaçı2 iştirak etdikləri məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək cavabdehlər tərəfindən onların məxsus torpaq sahələrinə gələn su arxının qarşının kəsildiyini, nəticədə onların təsərrüfatına ziyan dəydiyini, dəfələrlə cavabdehlərlə yaranmış problemin aralarında həll edilməsi üçün danışıqlar apardıqlarını, lakin cavabdehlərin yenə də öz əməllərinə davam etdiklərini, bu məsələ ilə bağlı bələdiyəyə müraciiət etmələrinə baxmayaraq yaranmış problem aradan qalxmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qaldıqlarını bildirmişlər. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əməsim oğlu məhkəmə iclasında iddianı qəbul etməyərək iddiaçıların iddialarının əsassız olduğunu, iddiaçıların mülkiyyətində olan torpaq sahəsinə gedən sü yolunun onlar tərəfindən tutulmadığını, həmin torpaq sahəsinin suvarılmasına heç bir maneçilik törətmədiklərini bildirdilər və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia rədd edilməlidir, ödənilmiş dövlər rüsumu və mütəxəssis rəyi verilməsi üçün ödənilmiş xərc onların özlərinə aid edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş AA № 559617 saylı Torpaq sahəsinin planı və ölçüsünə dair kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ağdaş rayonu, Mürsəl kəndində yerləşən 3.717 hektar kənd təsərrüfatı təyinatlı torpaqlar İddiaçı6 xüsusi mülkiyyətinə verilmişdir. İş materiallarında olan JN № 246 (KOD ********) saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Ağdaş rayonu Arqar İslahat Komissiyasının 20 avqust 1998-ci il tarixli 16 nömrəli qərarı ilə Ağdaş rayonu, Mürsəl kəndində 3.49 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi X2 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ağdaş rayonu, Mürsəl kəndində yerləşən 3.7170 hektar kənd təsərrüfatlı təyinatlı torpaqlar İddiaçı6 mülkiyyətinə verilmiş, xx.xx.2020-ci il tarixdə ********** nömrə ilə qeydə alınmış və İddiaçı6, İddiaçı4, İddiaçı3, İddiaçı5, İddiaçı1 və İddiaçı2 hüquqi sahibləridir. İş materiallarında olan 29 aprel 2022-ci il tarixli, **********42 saylı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş rəydən görünür ki, Ağdaş rayonu, Mürsəl kəndində yerləşən torpaq sahəsinə iddiaçıların və cavabdehlərin iştirakı ilə baxış keçirilərək, onların faktiki istifadə etdiyi torpaq sahəsinin və mübahisələndirilən su arxının koordinatları naturada təyin edilmiş, su arxı Ağdaş rayonu, Mürsəl kəndi “Mürsəl” təsərrüfatında aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsində göstərilmiş, həm iddiaçının, həm də cavabdehin faktiki istifadə etdikləri torpaq sahələrinin koordinatlarını Ağdaş rayonu, Mürsəl kəndi “Mürsəl” təsərrüfatında aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsində yerləşdirildikdə onların faktiki istifadə etdiyi torpaq sahəsinin istifadə vəziyyəti və məkan göstəriciləri ilə iddiaçının mülkiyyətində olan 3.72 ha, cavabdehin mülkiyyətində olan 3.49 ha torpaq sahələrinin yerləşmə vəziyyəti və məkan göstəriciləri arasında uyğunsuzluqlar və konfiqurasiya fərqi olduğundan iddia edilən su arxının kimlərin torpaq sahəsindən keçib-keçməməsini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan 14 iyul 2022-ci il tarixli, **********60 saylı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, iddia işi üzrə təqdim edilmiş sənədlərə əsasən iddiaçının və cavabdehin iştirakı ilə mübahisəli torpaq sahəsinə naturada baxış keçirilmiş və koordinatları müəyyən edilərək çöl geodeziya ölçmə işləri aparılmışdır. Çölölçmə işlərinin kameral şəraitdə ortofoto, torpaq sahəsinin yerləşdiyi ərazinin xəritə materiallarına və baza məlumatlarına əsasən mövcud torpaq qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılmışdır. Elektron məlumat bazasında mövcud olan “X1 X3”nə əsasən Ağdaş rayonu, Mürsəl kəndi ərazisində iddiaçılar İddiaçı6, İddiaçı4, İddiaçı3, İddiaçı5, İddiaçı1 və İddiaçı2 ümumbirgə mülkiyyətində olan 3.7170 hektar torpaq sahəsinə keçən su arxı naturada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən tutulmamışdır. Ağdaş rayonu, Mürsəl kəndi ərazisində iddiaçıların mülkiyyətinə verilmiş pay torpaq sahəsinə gedən gediş-gəliş yol naturada bağlanmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütanasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur.Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki,sübutlar qiymətləndirilərkən bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. «N.Məmmədovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün 31 yanvar 2006-cı il tarixli qərarında belə qənaətə gəlmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə məhkəmə iclasında araşdırılmış sübutlar əsasında müəyyən edildi ki, iş üzrə iddiaçılar İddiaçı6, İddiaçı4, İddiaçı3, İddiaçı5, İddiaçı1 və İddiaçı2 birgə mülkiyyətinə verilmiş Ağdaş rayonu, Mürsəl kəndində yerləşən 3.7170 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin su arxının qarşısının cavabdehlər tərəfindən kəsildiyini iddia etmişlər, tərəflər arasında yaranmış mübahisənin tam və ədalətli həlli üçün Ağdaş rayonu, Mürsəl kəndində yerləşən 3.7170 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən su arxının keçib-keçməməsi, keçirsə su arxının cavabdehlər tərəfindən tutulub-tutulmaması barədə mütəxəssis rəyi verilməsi üçün müvafiq qərardad Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə göndərilmiş, mübahisə predmeti olan torpaq sahəsinə baxış keçirilmiş və iddiaçılarının mülkiyyətində olan 3.72 ha, cavabdehlərin mülkiyyətində olan 3.49 ha torpaq sahələrinin yerləşmə vəziyyəti və məkan göstəriciləri arasında uyğunsuzluqlar və konfiqurasiya fərqi olduğundan iddia edilən su arxının kimlərin torpaq sahəsindən keçib-keçməməsini müəyyən etmək mümkün olmamış, iddiaçı verilən rəylə razı olmadığı üçün yenidən mütəxəssis rəyinin verilməsi üçün müvafiq qərardad Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə göndərilmiş, yenidən baxış keçirilmiş, baxış zamanı iddiaçıların mülkiyyətində olan 3.7170 hektar torpaq sahəsinə keçən su arxının naturada cavabdehlər tərəfindən tutulmadığı müəyyən edilmişdir. Cavabdehlərin məhkəmə iclasında verdikləri izahatları və mütəxəssis rəyləri ilə müəyyən olunmuşdur ki, iddiaçıların iddia etdikləri birgə mülkiyyətlərində olan 3.7170 ha torpaq sahələrinə gedən su arxının cavabdehlər tərəfindən tutulmadığı müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməli, ödənilmiş dövlət rüsumu və mütəxəssis rəyi üçün ödənilmiş xərc iddiaçıların özlərinə aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İddiaçılar İddiaçı6, İddiaçı4, İddiaçı3, İddiaçı5, İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı süni maneələrin aradan qaldırılması tələbi haqqında iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu və mütəxəssis rəyi üçün ödənilmiş xərc iddiaçıların özlərinə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №2(014)-28/2022
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-28/2022
18.08.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver