Məhkəmə qərarları › İş №2(014)-281/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-281/2025

27.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-281/2025 27.01.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə rəsmi nikah qeydə aldırmaqla ailə qurub yaşamağa başladığını, sonradan aralarında olan nikah Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(008)-480/2015 saylı qətnaməsi ilə pozulduğunu və aliment təyin edildiyini, ayrıldıqları vaxtdan birgə nikahlarından 07 yanvar 2014-cü ildə anadan olmuş Kəmalənin onun himayəsində qaldığını, alimentin artırılması tələbinə dair işə baxaraq Daşkəsən Rayon Məhkəməsi xx.xx.2019-cu ildə 2(030)-227/2019 saylı qətnaməsi ilə Kəmalənin 18 yaşı tamam olan günədək hər ay 100 manat sabit pul məbləğində alimentin cavabdehdən onun xeyrinə alınıb verilməsini qət edildiyini, təxminən 6 (altı) ilə yaxın müddət əvvəl təyin edilmiş alimentin həmin miqdarı uşağının bir ay saxlanması xərclərini ödəməyə qəti kifayət etmədiyini, 11-ci yaşında olan uşağının yaxşı qidalanması, sağlamlığının qorunması və digər çox zəruri tələbatlarının ödənilməsi mühümkün olduğunu, 5-ci sinif şagirdi olan uşağının sağlam böyüməsi üçün mütəmadi müayinə və müalicəsi ilə bağlı xərcləri ödəməkdə çətinliklər çəkdiyini, uşağa görə təyin edilmiş alimentin artırılması üçün hazırkı iddia ərizəsi ilə müraciət etdiyini bildirmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbində qeyd etdiklərini müdafiə etdiyini və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında başqa bir qadınla nikaha daxil olduğunu, həmin nikahdan daha iki uşağının olduğunu, eyni zamanda müharibə iştirakçısını olduğunu, müharibədə aldığı xəsarətlərə görə müalicələr aldığını, dövlətdən aldığı təqaüdün ona kifayət etmədiyini bildirdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan xx.xx.2019-cu il tarixdə Ağdaş rayon Polis şöbəsi tərəfindən verilmiş AZE № 18398242 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.2014-cü il tarixdə Ağdaş şəhərində anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçıdır. İşin materiallarında olan Daşkəsən Rayon Məhkəməsinin 30 iyul 2019-cu il tarixli, 2(030)-227/2019 saylı qətnaməsindən görünür ki, 07 yanvar 2014-cü ildə anadan olmuş X2 maddi təminatı üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hesablamaqla hər ay Cavabdeh 100 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İşin materiallarında olan ilkin mediyasiya sessiyasından iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞQ/MT035-2024-00902 seriyalı arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İMS xərci olan 50 manat pul İddiaçı tərəfindən ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin birgə nikah münasibətlərindən 07 yanvar 2014-cü il təvəllüdlü X3 anadan olmuş, sonradan tərəflərin münasibətləri pozulmuş və onlar həmin vaxtdan ayrı yaşayırlar, Daşkəsən Rayon Məhkəməsinin 30 iyul 2019-cu il tarixli, 2(030)-227/2019 saylı qətnaməsi ilə Cavabdeh 07 yanvar 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 (yüz) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. Hazırda iddiaçı övladının barəsində Daşkəsən Rayon Məhkəməsi tərəfindən təyin edilmiş alimentin miqdarının artırılaraq cavabdehdən hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsini tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Eyni Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmçinin, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.13-cü bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli, 15 nömrəli qərarına əsasən məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını həmin il üzrə ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Belə olan halda məhkəmə uşağın mənafeyini, onun saxlanması üçün cavabdehdən hər ay tutulan 100 manat miqdarında alimentin tutulmasını hazırkı dövrdə kifayət etmədiyini, cavabdehin əvvəllər aliment müəyyən edilərəkən pensiya almadığını və hazırda əlavə gəlirlərinin yarandığını nəzərə alaraq iddianın mümkünlüyünü və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, yetkinlik yaşına çatmayan 07 yanvar 2014-cü il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə həmin il üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,47 misli həddində sabit pul məbləğində aliment tutulmalı, miqdarı dəyişdirilmiş alimentin tutulması, bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən qiymətləndirilən iddia ərizəsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, iddianın qiyməti 1080 manat olduğundan iddiaçının ödəməkdən azad edildiyi 30,80 (otuz manat səksən qəpik) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Yetkinlik yaşına çatmayan 07 yanvar 2014-cü il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə həmin il üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,47 misli həddində sabit pul məbləğində aliment tutulsun. Miqdarı dəyişdirilmiş alimentin tutulması, bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçının ödəməkdən azad edildiyi 30,80 (otuz manat səksən qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar