Məhkəmə qərarları › İş №2(014)-289/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-289/2025

03.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-289/2025 03.02.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1i ünvanında yaşayır. Təsərrüfat işləri ilə məşğul olmaqla ailəsinin dolanışığını təmin edir. Hazırkı tələbi üzrə cavabdehi uzun müddətdir ki, tanıyır. Cavabdeh 2023-cü il tarixdə onun xurma bağından 6000 (altı min) manatlıq nisyə xurma (şişburun) meyvəsi almışdır. Həmin məbləği tezliklə ödəyəcəyini bildirərək aralarında razılaşmışlar. Razılaşmaya əsasən cavabdeh meyvəni Rusiya bazarında satıldıqdan sonra bütün borcunu ödəyəcəkdi. Buna baxmayaraq cavabdeh ona olan borcdan hissə-hissə olmaqla ödədikdən sonra qalan 3678 manat borcunu ödəməkdən boyun qaçırır. Bununla da cavabdeh ona olan borcunu ödəməkdən boyun qaçıraraq onun pulunu mənimsəməklə 3678 manat miqdarda maddi ziyanlıq vurmuşdur. Cavabdeh hər dəfəsində borcunu tezliklə ödəyəcinə dair vədlər verərək 3678 manatını mənimsəməyə davam edir. Dələlərlə cavabdehə borcunu könüllü ödəməsini, borc məsələsini aralarında mübahisəsiz həll etməsini xahiş etsə də, cavabdeh hər dəfəsində borcunu tezliklə ödəyəcəyini bildirsə də bu günədək heç bir məbləğ ödəməmişdir. Dəfələrlə çalışsa da cavabdehdə olan pulunu ala bilməmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh 3678 (üç min altı yetmiş səkkiz) manat məbləğində pulun və 56,80 (əlli altı manat səksən qəpik) manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsinə dair qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, onun iddiaçıya heç bir borcu yoxdur. O, iddiaçıdan xurma (şişburun) almamışdır. O, sadəcə olaraq xurma alan şəxslə iddiaçını tanış etmişdir. Ümumiyyətlə xurmanın qiyməti haqqında iddiaçı ilə heç bir danışıq aparmamışdır. Göründüyü kimi iddiaçı pulunu başqa şəxsdən ala bilmədiyinə görə hazırda ondan pul tələb edir. Buna görə də iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Belə ki, iş üzrə müəyyən olunmuş faktiki hallardan məlum olur ki, iddiaçı cavabdeh tərəfindən ona 3678 manat məbləğində borclu olduğunu təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı 3678 manat dəyərində xurma satması, həmin xurmanın Cavabdeh tərəfindən alınması və cavabdehin iddiaçıya 3678 manat borclu olmasına dair iş materiallarında hər hansı bir sübut mövcud deyildir. Eyni zamanda, iddiaçı özü də məhkəmə iclasında təsdiq etmişdir ki, həqiqətən də xurmanı cavabdehin tanış etdiyi şəxslərə satmışdır. Lakin hazırda onlardan pulunu ala bilmir və ona görə də pulu Cavabdeh tələb edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh qarşı pul tələbinə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar