Məhkəmə qərarları › İş №2(014)-292/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-292/2022

26.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-292/2022 26.05.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı borcun və faizin ödənilməsi tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borcun və faizin ödənilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən sahibkar mağazasında cehizlik və elektronik əşyalarının alqı-satqısı ilə məşğul olur. Cavabdeh ilə aralarında bağlanmış 18.01.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən “LG” markalı 109 ekran Led Televizor, “Supermax” markalı Soyuducu, “İtimat” markalı Qaz Pilətəsi, “Supermax” markalı Kondisioner alınması məqsədi ilə cavabdehə 24 ay müddətinə, yəni 18.01.2023-cü il tarixədək illik faiz dərəcəsi tətbiq edilməməklə 6000 manat məbləğində məişət əşyaları verilmişdir. Cavabdeh 18.01.20251-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əlavə edilmiş ödəniş cədvəli üzrə pul ödəməmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə də Cavabdeh müqavilənin şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu borcun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehin 27.12.2021-ci il tarixə 18.01.2021-ci il tarixli müqavilə üzrə ona əsas borcunun məbləği 6000 manat təşkil edir. Hazırda Cavabdeh ona 18.01.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 6000 manat əsas borcu və 3600 manat hesablanmış faiz borcu, cəmi 9600 manat borcu yaranmışdır. Cavabdeh ona olan borcunu müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə uyğun olaraq qaytarmaqdan yayındığından aralarında yaranmış mülki mübahisə məhkəmə qaydasında həll edilməlidir. Odur ki, ünvan 2 ünvanında yaşayan Cavabdeh 18.01.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 6000 manat əsas borc və 3600 manat hesablanmış faiz üzrə borcu, cəmi 9600 manat borcun, eləcə də dövlət hesabına ödədiyi 120 manat məhkəmə rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edirək işə onun iştirakı olmadan baxılaraq iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir, məhkəmə İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək İddiaçıla heç bir müqavilə bağlamadığını, müqavilə əsasında Seymurdan heç bir əşya almadığını və müqavilədə olan imzaların ona aid olmadığını bildirdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh 6000 manat məbləğində borcu var, həmin borcdan ödəniş edilməmiş, 03.08.2021-ci il tarixə 6000 manat əsas borcu, 3600 manat faiz borcu yaranmışdır. İşdə olan borc müqaviləsindən görünür ki, tərəflər arasında “LG” markalı 109 ekran Led Televizor, “Supermax” markalı Soyuducu, “İtimat” markalı Qaz Pilətəsi, “Supermax” markalı Kondisioner alınması üçün müqavilə bağlamışlar və həmin müqaviləyə əsasən 18.01.2021-ci il tarixdə Cavabdeh 6000 manat məbləğində pul ayrılmışdır. İşdə olan 30 mart 2022-ci il tarixli, 4/330 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən görünür ki, mülki işin 19-20-ci vərəqələrində olan İddiaçı ilə Cavabdeh arasında olan 18.01.2021-ci il tarixli borc müqaviləsinin 2-ci vərəqində “Borcalan:Cavabdeh” qrafasında imza; 21-ci vərəqində olan 18.01.2021-ci il tarixli Borc mnnüqaviləsində “İmza:” qrafasındakı imza və Cavabdeh o.” əlyazmaları - Cavabdeh tərəfindən icra olunduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi, və ya lazımında icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borculunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmunu hərəkətdən çəkindirmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat və iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edildi ki, iş üzrə İddiaçı ilə iş üzrə Cavabdeh ilə arasında bağlanmış 18.01.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən “LG” markalı 109 ekran Led Televizor, “Supermax” markalı Soyuducu, “İtimat” markalı Qaz Pilətəsi, “Supermax” markalı Kondisioner alınması məqsədi ilə cavabdehə 24 ay müddətinə, yəni 18.01.2023-cü il tarixədək illik faiz dərəcəsi tətbiq edilməməklə 6000 manat məbləğində məişət əşyaları verilmişdir. Məhkəmə tərəfindən müəyyən olunur ki, iddiaçıya cavabdeh tərəfindən heç bir ödənmiş edilməmişdir. Məhkəmə hesab edir ki, borc müqaviləsi üzrə tələb edilən 3600 manat faiz borcu yox, dəbbə puludur, belə ki, tərəflər arasında bağlanmış müqavilədə faiz borcunun hesablanması nəzərdə tutulmamışdır, lakin dəbbə pulu həmin müqavilənin cavabdeh tərəfindən də qəbul edilmiş şərtlərə uyğun olaraq hesablansa da qeyd olunan məbləğ işin faktiki hallarına uyğun deyildir və müqavilə üzrə əsas borc məbləği ilə müqayisədə həddən artıq yüksək məbləğdir. Əsas borcun miqdarının 6000 manat təşkil etdiyi halda dəbbə pulunun miqdarının 3600 manat məbləğində olması borclunun mülkiyyət maraqlarının qorunması baxımından da məqsədə müvafiq deyildir. Qeyd olunan maddi hüquq normalarının tələbinə və şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, cavabdehdən tələb edilən gecikməyə görə artırılmış dəbbə pulunun miqdarının əsas borcun miqdarı ilə müqayisədə yüksək olması və işin digər faktiki halları nəzərə alınmaqla iddianın cavabdehdən 3600 manat dəbbə pulu tələbinə dair hissəsi qismən 600 manat həddində təmin edilməli, həmçinin 86 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. ünvan 2 ünvanında yaşayan Cavabdeh 18.01.2021-ci il tarixli kredit müqaviləsi üzrə 6000 manat əsas borc, 600 manat hesablanmış faiz üzrə borc, 86 manat ödənilmiş dövlət rüsumu, cəmi 6686 (altı min altı yüz səksən altı) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar