Məhkəmə qərarları › İş №2(014)-292/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-292/2025

18.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-292/2025 18.03.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 17 noyabr 2023-cü il tarixində Cavabdeh maddi vəziyyətinin pis olduğuna görə ondan 6000 (altı min) manat borc pul istəmişdir. O da Cavabdeh pul vermək qərarına gəlmişdir. Onlar birlikdə işləmişlər və onun cavadehə inamı və etibarı olmuşdur. O, cavadehə kömək məqsədi ilə valideynlərindən pul alaraq 6000 (altı min) manat pulu hazırkı iş üzrə Cavabdeh 6 ay müddətində geri qaytarmaq şərti ilə borc vermişdir. 17 noyabr 2023-cü il tarixindən bu günə kimi, yəni xx.xx.2024-cü il tarixinə kimi cavabdeh bir sira bəhanlər edərək ona olan borcunun qalan hissəsini vaxtında geri ödəməmişdir. Cavabdeh ona 2800 (iki min səkkiz yüz) manat ödəyib və son dəfə bu ilin sentyabr ayında 1000 (min) manat ödəmişdir. Cavabdeh ona 3500 (üç min beş yüz) borcludur, bunu “WhatsApp” sosial şəbəkəsində yazışmalarında, səs yazılarında etiraf edib. Bakı şəhəri Xətai rayon Polis idarəsinin 36-cı Polis şöbəsinə cavabdehin qanunsuz hərəkətlərindən şikayətlə müraciət etmiş, xx.xx.2024-cü il tarixində 3/3-8696 nömrəli məktubda qeyd edilmişdir ki, mübahisə mülki hüquqi xarakterli olduğu üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyi bildirilmişdir. Bu səbəbdən də o, Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə cavadehin qeydiyyatda olduğu məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh 3500 (üç min beş yüz) manat məbləğində əsas borcun, borc gecikdirildiyinə görə hesablanmış və tələb olunan illik 5 % olmaqla, 175 (yüz yetmiş beş) manat məbləğində faiz borcunun, ümumilikdə 3675 (üç min altı yüz yetmiş beş) manat məbləğində pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh iddia tələbinə dair etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçı ona qarşı iddia qaldıraraq ondan 3700 manat məbləğində pulun tutulmasını xahiş edir. O, bu iddianı qəbul etmir. Belə ki, iddia ərizəsində həqiqəti əks etdirməyən məlumatlar yer almışdır. İlk olaraq bildirir ki, iddiaçıya da məlumdur ki, 6000 manat məbləğində pul ona deyil, başqa şəxsin kredit borcunun bağlanması üçün alınmışdır. Həmin şəxs kredit borcunu bağlayıb daha yuxarı məbləğdə yeni kredit götürməli idi. Daha yuxarı məbləğdə kredit götürüləndə iddiaçıya olan borc geri qaytarılacaqdır. Bu prosesi həyata keçirmək mümkün olmadığı üçün, yəni köhnə kredit ödənilsə də, yeni krediti götürmək mümkün olmadığı üçün iddiaçıya pul tam şəkildə qaytarıla bilməmişdir. İddiaçı faktiki olaraq başqa şəxsə verilmiş borcu ondan tələb edir. Digər məsələ isə onunla bağlıdır ki, iddiaçı özü iddiasında 6000 manat pul verdiyini, bundan 2800 manat bir, 1000 manat bir ödəniş edildiyini etiraf edir. Amma borc məbləği kimi yerdə qalan 2200 manat deyil, 3500 manat qeyd edir. Məhkəmə nəzərə almalıdır ki, iddiaçıya doğrudan da 2200 manat ödəniş qalmışdır. Bu ödənişi pulu alan şəxs etməli olsa da, digər məsələ ondan ibarətdir ki, o, pulu alan zaman iddiaçının bunu kredit hesabına ona verdiyindən məlumatsız olmuşdur. İddiaçının kredit faizlərini də ondan tələb etməyi qanunsuzdur. O, üzərinə belə bir vəzifə götürməmişdir. Pulu faktiki alan şəxs ödənişləri etməkdə çətinlik çəksə də, ödənişlər etməkdən yayınmırdı. Bu günə kimi 6000 manat borcdan 3800 manatı ödənilmişdir. Belə olan halda iddiaçının məhkəmədə iddia qaldırması və iddia qaldırmaq üçün ödədiyi rüsumu da ondan tələb etməsini qəbul etmir. Məhkəmə iclasında İddiaçı izahatında iddia tələbində qeyd edilənləri müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan “WhatsApp” sosial şəbəkəsində yazışmalardan görünür ki, iddiaçı ilə cavabdeh arasında borc pulun alınıb-verilməsi ilə bağlı danışıqlar aparılmışdır. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 57,20 (əlli yeddi manat iyirmi qəpik) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Cavabdeh 3500 manat məbləğində borc, illik 5% olmaqla 175 manat mənləğində faiz və 56,75 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutlmasını tələb edir. Lakin iddiaçı bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim edə bilməmişdir. Eyni zamanda cavabdeh məhkəməyə iddia tələbinə dair etiraz ünvanlayaraq, iddiaçıya 2200 manat məbləğində borcunun olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, dəymiş maddi və mənəvi zərərin Əvəzinin ödənilməsi ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin Əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər Əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.3-cü maddəsinə əsasən qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Göründüyü kimi cavabdeh özü iddiaçıya 2200 manat borcunun olduğunu etiraf etmişdir. İddiaçı isə iddia tələbində göstərdiyi 3500 manat məbləğində cavabdehin ona borcunun olmasına dair məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Həmçinin, təsdiq olunan borcun beş faizlə hesablanmalı olan hissəsi də 110 manat olması müəyyən edilir. İddia tələb qismən əsaslı olduğundan, iddianın əsaslı olan hissəsinə mütənasib olaraq tutulmalı olan dövlət rüsumu da 43,10 manat təşkil edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 2200 (iki min iki yüz) manat məbləğində borc, illik 5% olmaqla 110 (yüz on) manat məbləğində faiz və 43,10 (qırx üç manat on qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2200 (iki min iki yüz) manat məbləğində borc, illik 5% olmaqla 110 (yüz on) manat məbləğində faiz və 43,10 (qırx üç manat on qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar