Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-308/2022 02.03.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, İddiaçı QBKT MMM-in nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı QBKT MMM-in cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QBKT MMM cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QBKT MMM ilə Cavabdeh1 arasında bağlanmış 01.12.2015-ci il tarixli, **********6869 saylı kredit müqaviləsinə əsasən şəxsə biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 23,76 % faiz dərəcəsi olmaqla 18 ay müddətinə 1000 (min) USD məbləğində kredit verilmişdir. Həmçinin, eyni tarixli, **********2502 saylı kredit müqaviləsinə əsasən şəxsə istehlak məqsədləri üçün illik 23,76% faiz dərəcəsi olmaqla 18 ay müddətinə 1000 (min) AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqavilələrinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 67 USD və 67 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqavilələrinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh2 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Kredit müqaviləsinin 1.1 -ci maddəsinə əsasən. Zamin, kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqavilələrinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Həmçinin, 01.12.2015ci il tarixli, **********6869 saylı kredit müqaviləsi 13.04.2016-cı il tarixli eyni hesab nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 1000 USD , faiz 0 AZN, cərimə 0 AZN müəyyən edilmişdir. 13.04.2016-cı il tarixli **********1***- ******* saylı Zaminlik müqaviləsinə əsasən Cavabdeh2 öhdəliklərin icrasına təminat olaraq sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. 01.12.2015-ci il tarixli, **********2502 saylı kredit müqaviləsi 13.04.2016-cı il tarixli eyni hesab nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 1000 AZN, faiz 0 AZN, cərimə 0 AZN müəyyən edilmişdir. Beləliklə, 03.12.2021-ci il tarixli, maliyyə arayışına əsasən Cavabdeh1 **********6869 saylı kredit müqaviləsi üzrə borc məbləği, əsas borc üzrə 1000 USD əsas, faiz borcu üzrə 232 USD, cərimə borcuna görə 5,58 USD olmaqla cəmi 1237,58 (min iki yüz otuz yeddi dollar, əlli səkkiz sent) USD təşkil edir. 03.12.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 borc məbləği, **********2502 saylı kredit müqaviləsi üzrə, əsas borc üzrə 1000 AZN əsas, faiz borcu üzrə 207 AZN, cərimə borcuna görə 8,68 AZN olmaqla cəmi 1215,68 (min iki yüz on beş manat, altmış səkkiz qəpik ) AZN təşkil edir. Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra Kredit alan 10 iş günü ərzində krediti və ona aid digər ödənişləri ödəmədikdə, kredit verən məhkəmə orqanlarına müraciət edəcəkdir. Lakin bu tələbin kredit alana təqdim edilməməsi kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz. Müqavilənin bu müddəası heç bir halda tərəflər arasında məhkəməyəqədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsir edilə bilməz. Məhkəmə iclasında İddiaçı QBKT MMM-in nümayəndəsi Nümayəndə iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəməyə ərizə ünvanlayaraq, işə iştirakı olmadan baxılmasını və iddia müddəti tətbiq edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehlərin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab etmiş və işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Belə ki, işin materiallarında olan İddiaçı QBKT MMM ilə borclu Cavabdeh1 arasında bağlanmış 01.12.2015-ci il tarixli, **********6869 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı QBKT MMM tərəfindən Cavabdeh1 18 ay müddətinə illik 23,76 % ödəmək şərti ilə 1000 ABŞ dolları məbləğində kredit vermişdir. İşin materiallarında olan İddiaçı QBKT MMM ilə borclu Cavabdeh1 arasında bağlanmış 01.12.2015-ci il tarixli, **********6869 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair 13.04.2016-cı il tarixli sazişdən görünür ki, 01.12.2015-ci il tarixli, **********6869 saylı kredit müqaviləsi üzrə öhdəliklər restrukturizasiya edilmiş, öhdəliyin müddəti 20 ay müəyyən edilmişdir. İşin materiallarında olan İddiaçı QBKT MMM ilə borclu Cavabdeh2 arasında bağlanmış 13.04.2016-cı il tarixli, **********1***-******* saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Cavabdeh1 kredit öhdəliyi zamin olmaqla məsuliyyəti öz üzərinə götürmüşdür. İşin materiallarında olan İddiaçı QBKT MMM ilə borclu Cavabdeh1 arasında bağlanmış 01.12.2015-ci il tarixli, **********2502 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı QBKT MMM tərəfindən Cavabdeh1 18 ay müddətinə illik 23,76 % ödəmək şərti ilə 1000 manat məbləğində kredit vermişdir. İşin materiallarında olan İddiaçı QBKT MMM ilə borclu Cavabdeh1 arasında bağlanmış 01.12.2015-ci il tarixli, **********2502 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair 13.04.2016-cı il tarixli sazişdən görünür ki, 01.12.2015-ci il tarixli, **********2502 saylı kredit müqaviləsi üzrə öhdəliklər restrukturizasiya edilmiş, öhdəliyin müddəti 24 ay müəyyən edilmişdir. İşin materiallarında olan İddiaçı QBKT MMM tərəfindən məhkəməyə ünvanlanmış 03.12.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 banka əsas borc üzrə 1000 manat, faiz borcu üzrə 207 manat, cərimə borcu üzrə 8,68 manat, cəmi 1215,68 manat borcu qalmışdır. İşin materiallarında olan İddiaçı QBKT MMM tərəfindən məhkəməyə ünvanlanmış 03.12.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 13.04.2016-cı il tarixli, **********1522 saylı hesab nömrəsi üzrə olan kredit öhdəliyinə dair banka əsas borc üzrə 1000 ABŞ dolları, faiz borcu üzrə 232 ABŞ dolları, cərimə borcu üzrə 5,58 ABŞ dolları, cəmi 1237,58 ABŞ dolları borcu qalmışdır. Həmçinin, bu öhdəlik üzrə arayış verilən tarixədək ümumiyyətlə ödəniş olmamışdır. İşin materiallarında olan İddiaçı QBKT MMM tərəfindən məhkəməyə ünvanlanmış 03.12.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 13.04.2016-cı il tarixli, tarixli, **********0682 saylı hesab nömrəsi üzrə olan kredit öhdəliyinə dair banka əsas borc üzrə 1000 manat, faiz borcu üzrə 207 manat, cərimə borcu üzrə 8,68 manat, cəmi 1215,68 manat borcu qalmışdır. Həmçinin, bu öhdəlik üzrə arayış verilən tarixədək ümumiyyətlə ödəniş olmamışdır. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, 13.04.2016-cı il tarixli, **********1522 saylı hesab nömrəsi üzrə olan kredit öhdəliyinə dair müqavilənin müddəti 13.12.2016-cı il tarixdə başa çatmış, həmçinin, 13.04.2016-cı il tarixli, **********0682 saylı hesab nömrəsi üzrə olan kredit öhdəliyinə dair müqavilənin müddəti 13.04.2018-ci il tarixdə başa çatmışdır. İddiaçı isə həmin müqavilədən irəli gələn öhdəliklərin icrası ilə bağlı iddia tələbi ilə 10.01.2022-ci il tarixində məhkəməyə müraciət etmişdir. Belə olan halda aydın olur ki, iddiaçı müqavilə tələbləri üzrə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş iddia müddətini keçirmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 (üç) il müəyyən edilmişdir. Həmin Məcəllənin 375-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddəti ilə bağlı «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır». Analoji mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 03.04.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 30.10.2007-ci il tarixli Qərarında da təkrarlayaraq, Məhkəmə göstərmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» 03 iyun 2013-cü il tarixli Qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı QBKT MMM-in cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddiasının qanunla müəyyən olunmuş müddəti buraxıldığından təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı QBKT MMM-in cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-308/2022
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-308/2022
02.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver