Məhkəmə qərarları › İş №2(014)-31/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-31/2025

03.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-31/2025 03.06.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "dəymiş ziyanın əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "dəymiş ziyanın əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona yəni İddiaçı xüsusi mülkiyyətində olan Ağdaş rayonunun Şıxlı kəndi ərazisində yerləşən A822232 nömrəli torpaq sahəsinin planı və ölçüsünə, **********97 reyestr nömrəli Çıxarışla 4,48 hektar, A822233 nömrəli torpaq sahəsinin planı və ölçüsünə, **********98 reyestr nömrəli Çıxarışla 0,82 hektar, cəmi 5,3 hektar torpaq sahəsinə vurulmuş 4000 (dörd min) manat məbləğində ziyanın əvəzinin və dövlət rüsumu hesabına ödənilmiş 60 (altmış) manat pulun Ağdaş rayonu, Şıxlı kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh1 və Ağdaş rayonu, Şıxlı kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh2 tutularaq İddiaçı xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdaş rayonunun Şıxlı kəndində xüsusi mülkiyyətində ona məxsus kənd təsərrüfatı təyinatlı torpaqlar vardır. Belə ki, A822232 nömrəli torpaq sahəsinin planı və ölçüsünə, **********97 reyestr nömrəli Çıxarışla 4,48 hektar, A822233 nömrəli torpaq sahəsinin planı və ölçüsünə, **********98 reyestr nömrəli Çıxarışla 0,82 hektar ölçülərdə kənd təsərrüfatı təyinatlı torpaq sahələridir. Həmin torpaq sahələrinə payızlıq arpa əkmişdir. Əkin barədə 26 oktyabr 2023-cü il tarixdə X3 İnformasiya Sistemində bəyan edərək, suvarma üsulunun suvarılma (selləmə suvarma) ilə olunacağını bildirmişdir. Ağdaş rayonu, Şıxlı kənd sakinləri Cavabdeh1 və Cavabdeh2 onun torpaq sahəsinə qonşu olan torpaq sahələrinə yonca əkmişlər. Həmin torpaq sahələrinin yanından qurudulmuş suvarma kanalı keçir. Cavabdeh1 və Cavabdeh2 hazırda işlək olan digər suvarma kanalından köhnə qurudulmuş suvarma kanalına su yolu açmışlar. Köhnə suvarma kanalı vasitəsilə öz torpaq sahələrini səhv (qanunsuz) suvardıqları üçün kanaldan kənarlara axıdılan sular onun xüsusi mülkiyyətində olan torpaq sahəsinə axaraq onun əkinini yararsız hala salmışdır. Nəticədə ona xeyli miqdarda ziyan vurmuşlar. Ağdaş rayonu, Şıxlı kənd sakinləri Cavabdeh1 və Cavabdeh2 dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq heç bir məhəl qoymayaraq qanunsuz və icazəsiz hərəkətlərini davam etdirmişlər. Bununla bağlı dərhal həmin əraziyə vurulmuş ziyanın məbləğinin müəyyən edilməsi üçün X12 İnkişaf Mərkəzinə müraciət edilmişdir. Lakin məhkəməyə iddia ərizəsi ilə müraciət edilməsi tövsiyə olunmuş, bundan sonra məhkəmənin göndərəcəyi sorğu əsasında həmin dəymiş ziyan barədə müvafiq arayışın veriləcəyi bildirilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, Cavabdeh1 torpaq sahəsinə çəltik əkmiş, o, isə arpa əkmişdir. O, arpanı 2024-cü ilin may ayında əkmişdir. May ayında arpa əkini biçilməli idi. Cavabdehlərə əkinini biçdirdikdən sonra suyun açılmasını bildirsə də, onlar arpanı biçən vaxt cavabdehlər suyu açdılar. Səhhət də torpağına çəltik əkmişdir. Onunla Səhhətin torpağının arasında iki nəfərin torpağı var. Hər ikisinin torpağından axan su onun torpağına zərər verir. Onun həmin ərazidə 4,48 və 0,82 ha olmaqla iki torpağı var. Həmin torpaqların arasından əvvəllər arx keçib lakin hazırda yoxdur. Torpaq sahəsinə dəymiş ziyanın ödənilməsini, iddianın tam təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini rədd edərək bildirdi ki, iddia tələbi əsassızdır. Onun 5 hektar torpaq sahəsi vardır, yarısına çəltik, yarısına yonca əkmişdir. Arxa yaxın hissədə çəltik əkmiş, çəltiyin suyu da şirə kanalına tökülür. İddiaçının torpağında su qalmır. İddiaçının torpağı onun torpağından hündürdə yerləşir, suyun da aşağıdan yuxarı qalxması mümkün deyil. Bundan əlavə iddiaçının iki torpağı var həmin ərazidə, həmin torpaqların arasından əvvəl arx keçmişdir, sonradan iddiaçı həmin arxı düzləşdirmişdir. Eləcə də, iddiaçı ərizəsində göstərdiyi ziyanın ona dəyməsi mümkün deyil. Əgər ziyanlıq onun tərəfindən dəymişdirsə iddiaçı sübut etməlidir. əgər həmin ziyan mövcuddursa iddiada qeyd olunan məbləğdə mövcud ola bilməz. Fəqan Məmmədov tərəfindən həmin torpağa baxış keçirilmiş və dəymiş ziyan müəyyən edilmişdir. Ona görə də iddianın rədd edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh2 əvvəlki məhkəmə iclaslarında iddia tələbini qəbul etməyərək iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən ƏMDX-i DƏDK və RPHŞ Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyatı tarixi xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, İddiaçı Ağdaş rayonu, Şıxlı kəndində yerləşən 4.48 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyətindədir. Hüquq sahibləri-İddiaçı, X4, X5, X6 və X2r. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən ƏMDX-i DƏDK və RPHŞ Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyatı tarixi xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, İddiaçı Ağdaş rayonu, Şıxlı kəndində yerləşən 0.82 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyətindədir. Hüquq sahibləri-İddiaçı, X4, X5, X6 və X2r. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən "xxxx" MMC tərəfindən 02 sentyabr 2024-cü il tarixli ƏQ-114/2024 saylı qiymətləndirmədən görünür ki, Ağdaş rayon Şıxlı kəndinə yerləşən İddiaçı və ailə üzvlərinə məxsus reyestr nömrəsi **********597 nömrəli çıxarışla 4.8 hektar, reyestr nömrəsi **********598 çıxarışla 0.82 hektar olmaqla ümumi 5.3 hektar torpaq sahələrinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, torpaq sahəsində əkilmiş arpanın təqribən 0.30 hektar hissəsi, kənar qonşuluqda yerləşən sahənin suvarılması zamanı su basması nəticəsində su altında qalaraq məhv edilmişdir. İddiaçı ona və ailə üzvlərinə məxsus arpa əkilmiş 0.30 hektar torpaq sahəsindən su basması nəticəsində əldə olunacaq təqribən 500 kiloqram arpa miqdarında, (1 kiloqram arpanın orta bazar qiyməti 0.45 qəpik olması nəzərə alınmaqla) 225 manat miqdarında maddi ziyanlıq dəymişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən "xxxx" MMC tərəfindən 02 sentyabr 2024-cü il tarixdə verilmiş qiymətləndirmədən görünür ki, "xxxx" MMC tərəfindən ƏQ-114 saylı qiymətləndirmə rəyi göndərilmişdir. Həmin rəyin xərci 200 manat təşkil edir. Qiymətləndirmə rəyinin 100 manat xərcinin tərəflərdən tutularaq (muhbir hesab) AZ37NABZ**********000001944 (benefiserin hesabı) AZ58İİB10400G**********160 hesabına ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 17 mart 2025-ci il tarixli 3-16-16/2-7/1992-9/10022/2024 saylı ekspert rəyindən görünür ki, bioloji tədqiqatın gəldiyi nəticəyə əsasən i. Mateiallarında qeyd edilən buğda məhsullarının orta bazar qiyməti ilə ümumi dəyəri təxminən aşağıdkı kimi müəyyən edilmişdir: - 0.82 hektar sahədən bir illik məhsuldarlığı 1640 kq (hər hektara 20 senter) olan arpa məhsulu 656.00 (1640kqx0.40) manat, - 1,5903 hektar sahədə bir illik məhsuldarlığı 150 kq (torpaq sahəsi çox şoranlaşmış və torpağın duzluluğu adi gözlə görünürdü) olan arpa məhsulu 60.00 (150kqx0.40man) manat, - 2,8897 hektar 5779.4 kq (hər hektara 20 senter) olan arpa məhsulu 2311.76 (5779.4 kqx0.40) manat. Məhkəmə hesab edir ki, iddiaçıların torpaq sahələrinə dəymiş ziyan cavabdehin təqsirli hərəkətləri nəticəsində baş verdiyi iddiaçının və cavabdehin izahatları, təqdim olunmuş fotoşəkillər və videogörüntü, "xxxx" MMC tərəfindən verilmiş 02 aprel 2025-ci il tarixli ƏQ-122/2025 saylı məktubu ilə təsdiq olunduğundan, iddiaçı maddi ziyanın əvəzinin cavabdehlərdən tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur, cavabdehlər həmin ziyanla bağlı mülki-hüquq məsuliyyəti daşıyır. Lakin bununla belə məhkəmə qeyd edir ki, cavabdehlərdən vurulmuş ziyanın əvəzi kimi iddiaçnın xeyrinə tutulacaq pul məbləği iddiaçının tələb etdiyi 4000 manat məbləğində deyil, İddiaçı ona və ailə üzvlərinə məxsus arpa əkilmiş 0.30 hektar torpaq sahəsindən su basması nəticəsində əldə olunacaq təqribən 600 kiloqram arpa miqdarında, (1 kiloqram arpanın orta bazar qiyməti 0.40 qəpik olması nəzərə alınmaqla) 240 manat miqdarında müəyyən edilmiş, həmin məbləğ cavabdehlərdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsi). Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri başqa şəxsə zərər vurulmasıdır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərər vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə, həmçinin hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan, ödənilmiş dövlət rüsumunun tutulması hissəsində də tələb qismən təmin edilməli, ödənilmiş dövlət rüsumu təmin olunmuş tələbə mütənasib olaraq 30 (otuz) manat cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə mütəxəssisə ödənilməli məbləğ 100 (yüz) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb İddiaçı ödənilməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu surətdə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vurulmuş maddi zərərə görə müştərək qaydada 240 (iki yüz qırx) manat məbləğində pul, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu və 100 (yüz) manat mütəxəssisə ödənilməli məbləğ tutularaq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vurulmuş maddi zərərə görə 240 (iki yüz qırx) manat məbləğində pul müştərək qaydada tutularaq İddiaçı verilsin. Mütəxəssisə ödənilməli olan 100 (yüz) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumu təmin olunmuş tələbə mütənasib olaraq 30 (otuz) manat cavabdehlərdən alınaraq iddiaçılara ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar