Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-332/2023 13.04.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Muşfiq qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı birinci Qarabağ müharibəsi iştirakçısıdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almışdır (vəsiqə 003625). 2022-ci ilin iyun ayının əvvəllərində tanıdığı Ağdaş rayonu Ağcayazı kənd sakini Cavabdeh2 və Göyçay rayonu Ləkçıplaq kənd sakini Cavabdeh1 1 kq 5 manatdan olmaqla ümumilikdə 720 manatlıq öküz ürəyi gilası satmışdır. Əvvəlcədən razılaşmışlar ki, gilas aparanda pulu ödəniləcək. Lakin Tural və Elsun gilası aparan zaman pulunu 2-3 günə qaytaracaqlarını bildirdilər. O da həmin şəxslərə inandığı üçün həmin məhsulları nisyə vermişdir. Aradan uzun müddət keçməsinə baxmayaraq, həmin şəxslər borclu olduqları pulu qaytarmadılar. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq bildirmişdir ki, Cavabdeh2 və Cavabdeh1 720 manat pulun müştərək qaydada tutularaq ona verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin ərizədə yanlışlığa yol verərək, cavabdehləri iddiaçı kimi qeyd etmişdir. Cavabdeh2 və Cavabdeh1 cavabdeh kimi nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 bildirdi ki, onların iddiaçıya heç bir borcu yoxdur. Ondan gilası onlar almayıblar. İddiaçının oğlu Fuadı Ramin adlı şəxslə tanış etmişlər. Ramin onun oğlundan aldığı gilasın pulunu verməmiş və buna görə də hazırda iddiaçı onlardan pul tələb edir. Halbuki, onlar nə gilası almış, nə də pulunu qaytarmaq barədə öhdəlik götürmüşlər. Onlar özləri də gilas satırlar. Onlar özləri də Ramin adlı şəxsə gilas satıblar və onların özlərinin də Raminə satdıqları gilasın pulu verilmədiyi üçün onun barəsində polis orqanlarına şikayət etmişlər və hazırda həmin şikayət də araşdırılır. İddiaçının oğlu da Ramin adlı şəxsdən şikayət etmişdir. Əgər gilası həqiqətən də iddiaçı özü satmışdırsa, onda şikayəti də o özü etməli idi. Həmçinin, əgər Raminin onlara borcu yoxdursa, onun haqqında polis orqanlarına şikayət etməzdilər. Göründüyü kimi iddiaçı pulunu başqa şəxsdən ala bilmədiyinə görə hazırda onlardan pul tələb edir. Buna görə də iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 da iddiaçı Cavabdeh2 ilə eynu məzmunlu izahat verərək iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Belə ki, iş üzrə müəyyən olunmuş faktiki hallardan məlum olur ki, iddiaçı cavabdehlər tərəfindən ona 720 manat məbləğində borclu olduqlarını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı 720 manat dəyərində gilas satması, həmin gilasın cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınması və cavabdehlərin iddiaçıya 720 manat borclu olmalarına dair iş materiallarında hər hansı bir sübut mövcud deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-332/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-332/2023
13.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver