Məhkəmə qərarları › İş №2(014)-334/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-334/2021

02.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-334/2021 02.02.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı Pul tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 1200 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, Cavabdeh ondan 2020ci ilin aprel ayının sonlarında 1200 manat borc pul almış və tezliklə qaytaracağını öhdəsinə götürmüşdür. O, cavabdehi qabaqcadan tanıdığı üçün ona etibar etmiş və ona 1200 manat məbləğində borc vermiş, həmçinin bu barədə cavabdehə qəbz yazdırmışdır. Lakin cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Qeyd edir ki,cavabdehə verdiyi pul borc məbləğidir,o, heç vaxt faizə pul verməmişdir. O, dəfələrlə cavabdehdən pulu geri tələb etsə də heç bir nəticəsi olmamışdır, odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, iddiaçı ilə tanışdır, o, dəfələrlə iddiaçıdan borc pul almış və daha sonra qaytarmışdır. Hazırda iddiaçının ondan tələb etdiyi məbləğ faiz borcudur. Belə ki,o,iddiaçıya olan borclarını tamamilə ödəyib qurtarmışdır. Qeyd etmək istəyir ki,mahiyyətini başa düşmədən iddiaçının verdiyi qəbzə imza etmişdir. Əslində iddia ərizəsinə əlavə edilmiş qəbzdəki imza ona məxsus olsa da nəzərə çatdırmaq istəyir ki,onun iddiaçıya borcu yoxdur. Hətta iddiaçı ona məxsus maaş kartını da alaraq iki ildir ki,həmin kartdan pul çıxardaraq xərcləyir.Bir daha qeyd etmək istəyir ki,iddiaçının ondan tələb etdiyi faiz borcudur. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İşdə olan xx xxx 2020-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 1200 manat borc pul almış, həmin pulu bir neçə ay müddətində qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanılır.m Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur ki, iddiaçı cavabdehə 1200 manat borc pul vermiş, cavabdeh isə iddiaçıya 1200 manat borclu olması və bir neçə aya qaytaracağını öhdəsinə götürərək bu barədə qəbz yazmışdır. Cavabdeh məhkəmə iclasında bütün bunları təkzib edərək hazırda iddiaçının ondan faiz borcunu tələb etdiyini,qəbzin mahiyyətini başa düşmədən qəbzə imza etdiyini,iddiaçıya borcu olmadığını bildirsə də bu barədə hər hansı bir sübut təqdim etməmiş, iddiaçı tərəfindən isə iddianın əsaslı olduğunu sübut edəcək sübutlar təqdim edilmişdir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır, həmçinin məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli və məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Cavabdehin iddiaçıdan 1200 manat borc pul alması və hələ də qaytarmaması iddiaçı tərəfindən təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırılmışdır. Odur ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir, ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 1200 manat borc, ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 1230 manat (bir min iki yüz otuz manat) tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar