Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-34/2022 19.01.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı borcun və faizin ödənilməsi tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borcun və faizin ödənilməsi tələbi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən sahibkar mağazasında cehizlik və elektronik əşyalarının alqı-satqısı ilə məşğul olur. Cavabdeh ilə aralarında bağlanmış 27.05.2016-cı il tarixli kredit müqaviləsinə əsasən VAZ-21013 markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin alınması məqsədi ilə cavabdehə 36 ay müddətinə, yəni 27.05.2019-cu il tarixədək 8820 manat məbləğində kredit verilmişdir. Cavabdeh 27.05.2016-cı il tarixli kredit müqaviləsinə əsasən əlavə edilmiş ödəniş cədvəli üzrə cəmi 6690 manat pul ödəmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə də Cavabdeh müqavilənin həmin şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu borcun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh 27.05.2021-ci il tarixə 27.05.2016-cı il tarixli kredit müqaviləsi üzrə əsas borcunun məbləği 2130 manat təşkil edir. Hazırda Cavabdeh 24.05.2016-cı il tarixli kredit müqaviləsi üzrə 2130 manat əsas borcu və 1704 manat hesablanmış faiz üzrə borcu, cəmi 3834 manat borcu yaranmışdır. Cavabdeh ona olan borcunu müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə uyğun olaraq qaytarmaqdan yayındığından aralarında yaranmış mülki mübahisə məhkəmə qaydasında həll edilməlidir. Odur ki, ünvan 2 ünvanında yaşayan Cavabdeh 27.05.2016-cı il tarixli kredit müqaviləsi üzrə 2130 manat borcun və 1704 manat hesablanmış faiz üzrə borcun, cəmi 3834 manat borcun, eləcə də dövlət hesabına ödədiyi 30 manat məhkəmə rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edirək işə onun iştirakı olmadan baxılaraq, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir, məhkəmə İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək faiz borcunun şişirdirildiyini bildirdi və faiz borcunun silinməsini xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən borc müqaviləsindən görünür ki, tərəflər arasında ** BH *** nömrəli VAZ 21013 markalı minik maşının alqısı üçün müqavilə bağlamışlar və həmin müqaviləyə əsasən 27.05.2016-cı il tarixdə Cavabdeh ayda 245 manat ödəniş etmək şərti ilə 8820 manat məbləğində pul ayrılmışdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən maliyyə arayışından görünür ki, Cavabdeh 8820 manat məbləğində borcu var və həmin borcdan 6690 manat ödəniş etmiş, 2130 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi, və ya lazımında icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borculunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmunu hərəkətdən çəkindirmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 01 oktyabr 2021-ci il tarixə qədər qüvvədə olmuş 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan yuxarı olduqda 30 manat dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edildi ki, iş üzrə İddiaçı ilə iş üzrə Cavabdeh ilə arasında bağlanmış 27.05.2016-cı il tarixli kredit müqaviləsinə əsasən VAZ-21013 markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin alınması məqsədi ilə cavabdehə 36 ay müddətinə, yəni 27.05.2019-cu il tarixədək 8820 manat məbləğində kredit verilmişdir. Məhkəmə tərəfindən müəyyən olunur ki, iddiaçıya borc üzrə 6690 manat ödəniş edilmiş, belə olan halda əsas borcun məbləğində ödəniş edilmiş məbləğ çıxılaraq əsas borc 2130 manat müəyyən edilmişdir. Həmçinin məhkəmə hesab edir ki, borc müqaviləsi üzrə tələb edilən 1704 manat faiz borcu yox, dəbbə puludur, belə ki, tərəflər arasında bağlanmış müqavilədə faiz borcunun hesablanması nəzərdə tutulmamışdır, lakin dəbbə pulu həmin müqavilənin cavabdeh tərəfindən də qəbul edilmiş şərtlərinə uyğun olaraq hesablansa da qeyd olunan məbləğ işin faktiki hallarına uyğun deyildir və müqavilə üzrə əsas borc məbləği ilə müqayisədə həddən artıq yüksək məbləğdir. Əsas borcun miqdarının 2130 manat təşkil etdiyi halda dəbbə pulunun miqdarının 1704 manat məbləğində olması borclunun mülkiyyət maraqlarının qorunması baxımından da məqsədə müvafiq deyildir. Qeyd olunan maddi hüquq normalarının tələbinə və şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, cavabdehdən tələb edilən gecikməyə görə artırılmış dəbbə pulunun miqdarının əsas borcun miqdarı ilə müqayisədə yüksək olması və işin digər faktiki halları nəzərə alınmaqla iddianın cavabdehdən 1704 manat dəbbə pulu tələbinə dair hissəsi qismən 50 manat həddində təmin edilməlidir. Ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. ünvan 2 ünvanında yaşayan Cavabdeh 27.05.2016-cı il tarixli kredit müqaviləsi üzrə 2130 manat əsas borc və 50 manat hesablanmış faiz üzrə borc, cəmi 2180 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu, ümumilikdə 2210 manat (iki min iki yüz on manat) borc tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov
Məhkəmə qərarları › İş №2(014)-34/2022
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-34/2022
19.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver