Məhkəmə qərarları › İş №2(014)-343/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-343/2022

31.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-343/2022 31.03.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi İddiaçı BOKT "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT "xxxx" MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı BOKT "xxxx" MMC iddiasını onunla əsaslandırmışdır ki, iddiaçı BOKT "xxxx" MMC ilə Cavabdeh1 arasında 10 iyun 2019-cu il tarixində bağlanmış AgFQK-1661 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 29% olmaqla 36 ay müddətinə, 0 ay güzəşt müddəti olmaqla, kredit müqaviləsi üzrə cəmi 3000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə uyğun olaraq, cavabdeh əsas borc və kreditdən istifadəyə görə hesablanmış faiz borcu üzrə Kredit müqaviləsinə 1 saylı Əlavədə göstərilmiş ödəniş cədvəlinə əsasən əsas və faiz borcu üzrə hər ay orta hesabla 125.72 manat olmaqla, cəmi 4525.78 manat məbləğində ödəniş etməli olduğu halda, bugünə qədər yalnız 2539.96 manat məbləğində əsas və faiz borcu üzrə ödəniş etmişlər. Cavabdehlər bu barədə dəfələrlə şifahi və yazılı xəbərdar olunmaqlarına baxmayaraq, kredit müqaviləsinin şərtlərini pozaraq kredit müqaviləsi üzrə üzərlərinə götürdüyü öhdəlikləri lazımınca və vaxtında yerinə yetirməmişlər. Kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən, cavabdehlər kreditin ödənilməsi üzrə öhdəliyi vaxtında yerinə yetirmədiyi və cədvəldə göstərilən kreditdən istifdəə görə faizi və krediti ödəmədiyi təqdirdə, cavabdehlər iddiaçının xeyrinə gecikdirmiş əsas məbləğinin 0.1 %-i məbləğində dəbbə pulunu hər yubanma günü üçün ödəməyə cavabdehdirlər. Belə ki, 02 dekabr 2021-ci il tarixli Maliyyə arayışına əsasən Kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyən cavabdehlərin bu günə əsas borc üzrə 1990.63 manat, faiz borcu üzrə 156.03 manat və cərimə üzrə 230.39 manat olmaqla, cəmi 2377.05 manat məbləğində borcları yaranmışdır. Həmin kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq BOKT "xxxx" MMC ilə Cavabdeh2 arasında 10 iyun 2019-cu il tarixində ZMAgFQK-1661-1 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.1-ci bəndinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472-ci maddəsinə əsasasən cavabdeh zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə zamin iddiaçı qarşısında cavabdeh ilə eyni həcmdə məsuliyyət daşıyır. Odur ki, Cavabdeh1 və Cavabdeh2 əsas borc üzrə 1990.63 manat, faiz borcu üzrə 156.03 manat və cərimə üzrə 230.39 manat borc olmaqla, cəmi 2377.05 manat məbləğində borcun və 44 manat məbləğində ödənilmiş dövlət rüsumunun BOKT "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş edilir. İddiaçı BOKT "xxxx" MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinin azaldılmasına dair arayış təqdim edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 1646.66 manat, faiz borcu üzrə 0 manat, cərimə borcu üzrə 230.39 manat və 44 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla cəmi 1921.05 manat məbləğində borcun tutularaq iddiaçı BOKT "xxxx" MMC-nin xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədikləri və səbəbi barədə məlumat vermədikləri üçün məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı BOKT "xxxx" MMC ilə Cavabdeh1 arasında 10 iyun 2019-cu il tarixində bağlanmış AgFQK-1661 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 29% olmaqla 36 ay müddətinə, 0 ay güzəşt müddəti olmaqla, kredit müqaviləsi üzrə cəmi 3000 manat məbləğində kredit verilmiş, həmin kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq BOKT "xxxx" MMC ilə Cavabdeh2 arasında 10 iyun 2019-cu il tarixində ZMAgFQK-1661-1 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər dəfələrlə şifahi və yazılı xəbərdar olunmaqlarına baxmayaraq, kredit müqaviləsinin şərtlərini pozaraq kredit müqaviləsi üzrə üzərlərinə götürdüyü öhdəlikləri lazımınca və vaxtında yerinə yetirməmişlər, nəticədə əsas borc üzrə 1646.66 manat, faiz borcu üzrə 0 manat, cərimə borcu üzrə 230.39 manat borc yaranmışdır, iddiaçı tərəfindən 44 manat dövlət rüsumu ödənmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi, və ya lazımında icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borculunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmunu hərəkətdən çəkindirmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat və iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iddiaçı BOKT "xxxx" MMC ilə Cavabdeh1 arasında 10 iyun 2019-cu il tarixində bağlanmış AgFQK-1661 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 29% olmaqla 36 ay müddətinə, 0 ay güzəşt müddəti olmaqla, kredit müqaviləsi üzrə cəmi 3000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq BOKT "xxxx" MMC ilə Cavabdeh2 arasında 10 iyun 2019-cu il tarixində ZMAgFQK-1661-1 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər kredit müqaviləsinin şərtlərini pozaraq kredit müqaviləsi üzrə üzərlərinə götürdüyü öhdəlikləri lazımınca və vaxtında yerinə yetirməmiş, bu barədə dəfələrlə şifahi və yazılı xəbərdar olunmuşlar, nəticədə kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyən cavabdehlərin əsas borc üzrə 1646.66 manat, cərimə borcu üzrə 230.39 manat məbləğində borcları yaranmışdır. Odur ki, iddia qismən, yəni əsas borc üzrə 1646.66 manat, 50 manat cərimə borcu, 44 manat ödənilmiş dövlət rüsumu, cəmi 1740.66 manat cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı BOKT "xxxx" MMC-yə ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1646.66 manat əsas borc, 50 manat cərimə borcu, 44 manat ödənilmiş dövlət rüsumu, cəmi 1740 manat 66 qəpik (bir min yeddi yüz qırx manat altmış altı qəpik) tutularaq BOKT "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar