Məhkəmə qərarları › İş №2(014)-360/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-360/2022

18.04.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-360/2022 18.04.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı süni maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı süni maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdaş rayonu İHB-nin 05 yanvar 2006-cı il tarixli 01 saylı sərəncamı ilə ona Ağdaş şəhəri ərazisindən 599,52 kv.m torpaq sahəsi verilmişdir. Bununla bağlı DTXK-nin Ağdaş rayon şöbəsi tərəfindən ona A-328107 saylı torpaq sahəsinin planı və ölçüsü təqdim olunmuşdur. X1 kitabında 04.03.2011-ci il tarixində 3/622 nömrə ilə uçota alınmışdır. Hazırda mülkiyyətində olan torpaq sahəsinə çıxarış almaq zərurəti yaranmışdır. Bununla bağlı həmin torpaq sahəsinə adına çıxarış almaq üçün DƏDRX-yə müraciət etmişdir. Müraciətinə əsasən DƏDRX-nin 17 saylı ərazi idarəsi tərəfindən torpaq sahəsinin ölçülməsi üçün mühəndis göndərilmişdir. Lakin həmin torpaq sahəsinin qonşuluğunda və bir hissəsində məskunlaşmış Cavabdeh tərəfindən torpaq sahəsinin müayinəsinə maneə törədilmiş, şərait yaradılmamışdır. Cavabdehin həmin torpaq sahəsinə dair heç bir mülkiyyət hüququ yoxdur. Cavabdeh mühəndisə həyətyanı sahədə ölçü işləri aparmağa imkan verməmiş, yəni onlara qarşı müayinə və ölçü işləri aparmağa süni maneələr törətmişdir. Bu səbəbdən də torpaq sahəsində inventarlaşma işlərinin aparılması mümkün olmamışdır. DƏDRX-nin 17 saylı ərazi idarəsi tərəfindən 03 sentyabr 2021-ci il tarixli **********85 saylı məktubla torpaq sahəsinin hüquqi sənədləşdirilməsi üçün müraciətindən imtina edilmişdir. Bütün bunlara görə, yəni cavabdehin qanunsuz hərəkətləri nəticəsində torpaq sahəsinə çıxarış ala bilməmişdir. Cavabdehlə aralarında razılığa gələ bilmədiyi üçün hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Göstərilənlərə əsasən ünvan 1 ünvanında yerləşən, ünvan 2XK-ın Ağdaş rayon şöbəsi tərəfindən, A-328107 saylı torpaq sahəsinin planı və ölçüsü ilə mülkiyyətinə verilmiş torpaq sahəsinə çıxarış almaq məqsədi ilə DODRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən müəyyən inventarlaşdırma işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılan süni maneələrin aradan qaldırılmasına dair qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab etmiş və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan DT və XK-nin Ağdaş rayon şöbəsi tərəfindən verilmiş 04 mart 2011-ci il tarixli, A № 328107 saylı torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Ağdaş rayonu İHB-nın 05 yanvar 2006-cı il tarixli 01 saylı sərəncamı ilə İddiaçı Ağdaş şəhəri ərazisindən 599,52 kv.m torpaq sahəsi verilmişdir. İşin materiallarında olan DƏDRX-nin 17 saylı ərazi idarəsinin 03 sentyabr 2021-ci il tarixli, **********85 saylı məktubdan görünür ki, torpaq sahəsinin ölçülməsi üçün mühəndis göndərilmiş, lakin Cavabdeh mühəndisə həyətyanı sahədə ölçü işləri aparmağa imkan verməmiş, yəni onlara qarşı müayinə və ölçü işləri aparmağa süni maneələr törətmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Ağdaş rayonu İHB-nın 05 yanvar 2006-cı il tarixli 01 saylı sərəncamı ilə İddiaçı Ağdaş şəhəri ərazisindən 599,52 kv.m torpaq sahəsi verilmişdir. İddiaçı çıxarış almaq üçün DƏDRX-yə müraciət etmişdir. Müraciətinə əsasən DƏDRX-nin 17 saylı ərazi idarəsi tərəfindən torpaq sahəsinin ölçülməsi üçün mühəndis göndərilmişdir. Lakin Cavabdeh mühəndisə həyətyanı sahədə ölçü işləri aparmağa imkan verməmiş, yəni onlara qarşı müayinə və ölçü işləri aparmağa süni maneələr törətmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən A № 328107 saylı torpaq sahəsinə çıxarış almaq məqsədi ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X2 17 saylı Ərazi İdarəsi tərəfindən müəyyən inventarlaşdırma işlərinin aparılmasına yaradılan süni maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı süni maneələrin aradan qaldırılması tələbinə dair iddiası təmin edilsin. Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən A № 328107 saylı torpaq sahəsinə çıxarış almaq məqsədi ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X2 17 saylı Ərazi İdarəsi tərəfindən müəyyən inventarlaşdırma işlərinin aparılmasına yaradılan süni maneələr aradan qaldırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar