Məhkəmə qərarları › İş №2(014)-4/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-4/2021

26.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-4/2021 26.07.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı Borcun ödənilməsi tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı məhkəmə əmrinin verilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 5724 manat əsas borcun və 3000 manat faiz üzrə borcun, cəmi 8724 manat borcun, həmçinin dövlət rüsumu hesabına ödədiyi 20 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Məhkəmənin 16 fevral 2017-ci il tarixli əmri ilə ərizə təmin edilmiş, Cavabdeh etiraz ərizəsinə əsasən məhkəmənin 17 dekabr 2020-ci il tarixli qərardadı ilə məhkəmə əmri ləğv edilmiş və iş üzrə icraat təzələnərək baxılması üçün təyin edilmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yerləşən sahibkar mağazasında sahibkarlıq və elektronik əşyalarının alqı-satqısı ilə məşğul olur. Borclu Cavabdeh ilə aralarında bağlanmış 01 noyabr 2014-cü il tarixli borc müqaviləsinə əsasən VAZ-2106 markalı ** XE *** alınması məqsədi ilə cavabdehə 12 ay müddətinə, yəni 01 noyabr 2016-cı il tarixədək illik faiz dərəcəsi tətbiq edilməməklə 5724 manat məbləğində kredit verilmişdir. Borclu Cavabdeh 01 noyabr 2014-cü il tarixli borc müqaviləsinə əlavə edilmiş ödəniş cədvəli üzrə pul ödəməmişdir. Kredit Müqavilələrin 2.2-ci bəndinə əsasən borcalan cavabdeh bu müqavilələrin 1 saylı əlavəsinə əsasən ödəmələri vaxtında həyata keçirməzsə “Borcalan” müddəti keçmiş dövr ərzində illik 60 faiz məbləğində artırılmış faizləri “Kreditora” ödəməlidir. Cavabdehnun maddi vəziyyətini nəzərə alaraq müddət ötürdüyü və bu gecikməyə görə ona vurduğu maddi ziyana görə artırılmış faiz borcunun 3000 manatını tələb edir. Xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir. Cavabdeh 01 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 5724 manat əsas borcun və 3000 manat faiz üzrə borcun, cəmi 8724 manat borcun, həmçinin dövlət rüsumu hesabına ödədiyi 20 manat dövlət rüsumunun tutulması xahiş edilir. İddiaçı məhkəməyə ərizə göndərərək üzrlü səbəbdən məhkəmə iclasnda iştirak edə bilmədiyini bildirərək işə iştirakı olmadan baxıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki,o, iddiaçı ilə 2014cü ildə müqavilə bağlayaraq avtomobil alınması məqsədi ilə 5724 manat faizsiz kredit götürmüşdür. Həmin borc müqaviləsi üzrə borcunu tamamilə ödəyib qurtarmışdır. Lakin iddiaçı onun etdiyi ödənişlər üzrə ona qəbz verməmiş, onu aldatmışdır. 08 fevral 2017-ci il tarixdə onun Azərbaycan Respublikasında olmamasından istifadə edən iddiaçı Ağdaş Rayon Məhkəməsinə borc tələbi ilə bağlı məhkəmə əmrinin verilməsi ilə bağlı ərizə ilə müraciət etmiş, ümumilikdə 8724 manat borcun və 20 manat dövlət rüsumu olmaqla ondan məhkəmə qaydasında pul məbləğinin tutulması və ona ödənilməsini xahiş etmişdir. 16 fevral 2017-ci il tarixdə məhkəmə əmrinə dair ərizə təmin edilmişdir.O,Azərbaycana qayıdandan sonra və Dost MMC-də işləyən zaman onun əmək haqqısından icra və probasiya şöbəsi pul tutarkən bilmişdir ki, onun barəsində məhkəmə əmri mövcuddur.Odur ki, o,12 dekabr 2020-ci il tarixdə məhkəməyə məhkəmə əmrinin ləğvi barədə ərizə vermiş və məhkəmə əmri ləğv edilərək iş üzrə icraat təzələnmişdir. Qeyd etmək istəyir ki, o,Türkiyədə qızı gildə yaşayarkən cavabdeh oğlundan müxtəlif qanunsuz yollarla onun mobil telefonunu almış və onu sərhəddə tutduracağı hədəsi ilə ondan 10 ay müddətinə 200 manat pul almışdır. Nəzərə çatdırır ki, o, cavabdehə borclu olmadığını bilsə də, sərhədi keçərkən həbsə alına biləcəyindən qorxaraq 10 ay müddətində cavabdehə 200 manat pul göndərməyə məcbur olmuşdur. Qeyd edir ki, məsləni tamamilə həll etmək üçün o,vətənə qayıtmış və məhkəmə əmrinə etiraz etsə də, məhkəmə işin birdəfəlik həllinə mane olaraq iddianı baxılmamış saxlamış,daha sonra isə iş üzrə icraatı təzələyərək iddiaçının xeyirinə qərar çıxarmışdır. Qeyd edir ki, vətənə bu məsələnin həlli üçün qayıdarkən Nidə Ağ saray şəhərindən Ankara şəhərinin Hava limanına qədər avtobus Azərbaycan manatı ilə 30 manat, Ankaradan təyyarə ilə Bakıya gələrkən biletə 310 manat və Bakıdan Ağdaşa gələrkən 15 manat xərci caavbdehin günahı ucbatından çəkmişdir. İddiaçının hərəkəti ilə ona ciddi zərər vurmuş və ondan 2730 manat pul məbləği almışdır. İşin faktiki halları ilə bağlı bildirir ki, iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsi 24 ay olmuşdur və ödənişlər vaxtında ödənilmişdir. Hazırda onun iddiaçıya borcu yoxdur. Sadəcə olaraq o, borcu ödəyərkən heç bir kassa mədaxil qəbzləri iddiaçı ona verməmişdir. O, borcu ödəyib qurtarsa da, cavabdeh ona təmizlik kağızı verməmişdir. Hesab edir ki, iddia əsassızdır odur ki, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını və şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İş üzrə şahid X1 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, o, işlədiyi yer üzrə cavabdeh ilə qonşudur. Cavabdeh İddiaçı borcu var idi. Cavabdeh Türkiyədə olarkən ona 10 ay müddətində hər ay 200 manat olmaqla Dəmirbank vasitəsi ilə pul göndərmiş və o da həmin pulu Cavabdeh borcu üçün İddiaçı vermişdir. Ümumilkdə Cavabdeh İddiaçı borc üzrə ödəniş etmək üçün cəmi 2000 manat pul göndərmişdir. İş materiallarında olan tərəflər arasında 01 noyabr 2014-cü il tarixli borc müqaviləsinə əsasən VAZ-2106 markalı ** XE *** alınması məqsədi ilə cavabdehə 12 ay müddətinə, yəni 01 noyabr 2016-cı il tarixədək illik faiz dərəcəsi tətbiq edilməməklə 5724 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan Okean cehiz mağazasının qəbzlərindən görünür ki, Cavabdeh borc üzrə 80 manat pul ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon İcra və Probasiya şöbəsinin 26 iyul 2021-ci il tarixli məhkəmənin sorğusuna cavab məktutundan görünür ki, Cavabdeh əmək haqqısından Ağdaş Rayon Məhkəməsinin 16 fevral 2017-ci il tarixli icra vərəqəsinin icrasını təmin etmək üçün 650 manat tutularaq İddiaçı Rafail oğluna verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi, və ya lazımında icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borculunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmunu hərəkətdən çəkindirmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdeh iddiaçı ilə borc müqaviləsi bağlamış və borc üzrə məhkəmə iclasında dindirilmiş şahid vasitəsi ilə iddiaçıya 2000 manat, icra və probasiya şöbəsi cavabdehin əmək haqqısından 650 manat tutmaqla, həmçinin cavabdeh tərəfindən 80 manat olmaqla, iddiaçıya cəmi 2730 manat pul ödənilmişdir. Cavabdeh iddiaçıya borc üzrə ödəniş edib qurtardığını bildirsə də, məhkəmə tərəfindən müəyyən olunur ki, iddiaçıya borc üzrə 2730 manat ödəniş edilmiş, belə olan halda əsas borcun məbləğində ödəniş edilmiş məbləğ çıxılaraq əsas borc 2994 manat müəyyən edilmişdir. Həmçinin məhkəmə hesab edir ki, borc müqaviləsi üzrə tələb edilən 3000 manat faiz borcu yox, dəbbə puludur,belə ki,tərəflər arasında bağlanmış müqavilədə faiz borcunun hesablanması nəzərdə tutulmamışdır, lakin dəbbə pulu həmin müqavilənin cavabdeh tərəfindən də qəbul edilmiş şərtlərinə uyğun olaraq hesablansa da qeyd olunan məbləğ işin faktiki hallarına uyğun deyildir və müqavilə üzrə əsas borc məbləği ilə müqayisədə həddən artıq yüksək məbləğdir. Əsas borcun miqdarının 2994 manat təşkil etdiyi halda dəbbə pulunun miqdarının 3000 manat məbləğində olması borclunun mülkiyyət maraqlarının qorunması baxımından da məqsədə müvafiq deyildir. Qeyd olunan maddi hüquq normalarının tələbinə və şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, cavabdehdən tələb edilən gecikməyə görə artırılmış dəbbə pulunun miqdarının əsas borcun miqdarı ilə müqayisədə yüksək olması və işin digər faktiki halları nəzərə alınmaqla iddianın cavabdehdən 3000 manat dəbbə pulu tələbinə dair hissəsi qismən – 50 manat həddində təmin edilməlidir. Ödənilmiş 20 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2994 manat əsas borc və 50 manat cərimə borcu, 20 manat ödənilmiş dövlət rüsumu, cəmi 3064 manat (üç min altmış dörd manat) borc tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar