Məhkəmə qərarları › İş №2(014)-409/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-409/2025

17.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-409/2025 17.03.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cavabdeh qarşı vurulmuş maddi ziyanın tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh qarşı vurulmuş maddi ziyanın tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdaş rayon Məhkəməsinin 1(014)-122/2022 saylı, xx.xx.2022-cü il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət törətməkdə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X2 xx.xx.2022-cü il tarixdən xx.xx.2022-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı 2 günü azadlığın məhdudlaşdrılması cəzasının müddətinə 1 günə 2 hesablanmaqla cəmi 4 gün müddət onun cəzasından çıxılmış və üzərində qəti olaraq 1 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cavabdeh yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Hökmün icrası barədə göstəriş icra olunması üçün xx.xx.2023-cü il tarixdə Ağdaş Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, (böyük icra məmuru Nümayəndə icraatına)məhkum Cavabdeh xx.xx.2023-cü il tarixdə elektron nəzarət vasitəsi tətbiq edilmiş,bu məqsədlə Attenti markalı bir ədəd 35653264 nömrəli mobil nəzarət qurğusu,bir ədəd mobil qurğunun enerji adabteri,bir ədəd sadə elektron qolbağ ona işlək vəziyyətdə təhvil verilmiş,habelə məhkuma cəza çəkdiyi müddət ərzində həmin vasitədən istifadə qaydaları o cümlədən onun işlək vəziyyətdə saxlanılması üçün xidmət qaydaları izah edilmiş,üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması, habelə həmin vasitələri itirəcəyi və zədələyəci,yaxud digər üsulla yararsız vəziyyədə salacağı halda dəyərinin ondan (məhkum Cavabdeh) tutulacağı barədə xəbərdarlıq olunmuş, bu barədə böyük icra məmuru (probasiya üzrə) Nümayəndə tərəfindən müvafiq protokol tərtib olunmuşdur. Məhkum Cavabdeh şöbəyə gələrək ona tətbiq edilmiş elektron nəzarət vasitəsinin işləmədiyini bildirmişdir. Məhkuma tətbiq edilmiş elektron nəzarət vasitəsinə baxış keçirilmiş, ENV-nin ekranının söndüyü, enerji yığmadığı müəyyən olunmuş və götürülərək Ədliyyə Nazirliyi Probasiya xidmətinin Rəqəmsal monitorinq idarəsinə göndərilmiş, texniki rəyin nəticəsinə əsasən mobil nəzarət qurğusundan düzgün riayət etməməsi səbəbindən ana platada elektron elementlərin sıradan çıxması və istifadəyə tam yararsız olması qeyd edilmişdir. Vurulmuş maddi ziyanın məbləğinin müəyyən edilməsi barədə "xxxx" QSC-nin maliyyə arayışı əsasında həmin avadanlığın dəyərinin 2277,40 manat təşkil etdiyi bildirilmişdir. Hesab edilir ki, cavabdeh üzərinə qoyulan vəzifələrin icrasına kifayət qədər məsuliyyətli yanaşmaması nəticəsində elektron nəzarət vasitəsini zədələmiş və Ədliyyə nazirliyinə maddi ziyan dəymişdir. Göstərilənləri rəhbər tutaraq məhkəmədən, elektron nəzarət vasitəsinin dəyəri olan 2277,40 manat vəsaitin Cavabdeh tutularaq Ədliyyə nazirliyinin X1 müvafiq hesabına ödənilməsi haqda qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin nümayəndəsi Nümayəndə izahatında elektron nəzarət vasitəsinin məhkumun üzərindən açılan zaman işlək vəziyyətdə olduğunu, həmin cihaz akt əsasında məhkumdan alınaraq Ədliyyə nazirliyinə göndərildiyini, bundan sonra elektron nəzarət vasitəsinin Ədliyyə Nazirliyi Probasiya xidmətinin Rəqəmsal monitorinq idarəsinə göndərildiyini, texniki rəyin nəticəsinə əsasən mobil nəzarət qurğusuna düzgün riayət etməməsi səbəbindən ana platada elektron elementlərin sıradan çıxması və istifadəyə tam yararsız olması qeyd edildiyini, buna görə də iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında iddia tələbini qəbul etmədiyini, cihazı təhvil verən zaman tam işlək vəziyyətdə olduğunu, buna görə də iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, işin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(014)-122/2022 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunması, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 4 gün müddətin onun cəzasından çıxılması və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması hökm edilmiş, eyni zamanda cəzaçəkmə müddətinin əvvəlinin Cavabdeh cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, hökmün icrasına nəzarət Cavabdeh yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməsi, Cavabdeh yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi, Cavabdeh üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmuşdur. İşin materiallarında olan elektron nəzarət vasitəsinin yerli qurumdan götürülməsi haqqında aktdan görünür ki, məhkum Cavabdeh təhvil alınmış 35653264 nömrəli elektron nəzarət vasitəsi, 078CE19800 nömrəli qolbaq, 1 ədəd adapter və 1 ədəd kabura Probasiya Xidmətinin Monitorinq İdarəsinə normal vəziyyətdə təhvil verilmişdir. İşin materiallarında olan elektron nəzarət vasitəsinin vəziyyəti haqqında mütəxəssis rəyindən görünür ki, V6 mobil qurğuya yapışqan maddə vurulmuşdur. İstifadə qaydalarına düzgün riayət edilmədiyinə görə avadanlıq nasaz vəziyyətə salınmışdır. Təmiri mümkün deyildir. İstifadəyə tam yararsızdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı Ağdaş rayon İcra və Probasiya şöbəsi Cavabdeh cəza çəkdiyi müddətə 35653264 nömrəli elektron nəzarət vasitəsi, 078CE19800 nömrəli qolbaq, 1 ədəd adapter və 1 ədəd kabura vermişdir. Bundan sonra Cavabdeh barəsində 24 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-in 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilən şəxs Cavabdeh barəsində həbs qətimkan tədbiri seçilmiş və ona tətbiq edilmiş elektron nəzarət vasitəsi onun üzərindən açılmışdır. Elektron nəzarət vasitəsi məhkum Cavabdeh təhvil alınmış və 35653264 nömrəli elektron nəzarət vasitəsi, 078CE19800 nömrəli qolbaq, 1 ədəd adapter və 1 ədəd kabura Probasiya Xidmətinin Monitorinq İdarəsinə normal vəziyyətdə təhvil verilmişdir. Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında mütəxəssis rəyinə əsasən V6 mobil qurğuya yapışqan maddə vurulduğundan istifadə qaydalarına düzgün riayət edilmədiyinə görə avadanlıq nasaz vəziyyətə salınması, təmiri mümkün olmaması və istifadəyə tam yararsız olması qeyd edilmişdir. Belə olan halda məhkumdan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2277,40 manat dəymiş maddi zərər tələb edir. Eyni zamanda, məhkəmə iclasında iddiaçının nümayəndəsi (probasiya məmuru) özü də elektron nəzarət vasitəsi məhkumun üzərindən açılan zaman yararlı vəziyyətdə olduğunu bildirmişdir. Belə olan halda cihazın məhkum tərəfindən yarasız vəziyyətə salınmasına dair iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Eyni Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakın vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakın və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cavabdeh qarşı vurulmuş maddi ziyanın tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan və təmin edilmədiyindən cavabdehdən dövlət rüsumu tutula bilməz. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cavabdeh qarşı vurulmuş maddi ziyanın tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar