Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-44/2021 05.04.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qarayev Orxan Sərxan oğlunun katibliyi İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «süni maneələrin aradan qaldırılması» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «süni maneələrin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, seriya nömrəsi ******* olan, reyestr nömrəsi **********89-10301 olan çıxarışla mülkiyyətinə verilmiş, 0.12 ha. torpaq sahəsinə gələn suvarma arxının bərpa edilərək önünün açılması və suvarma işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılan süni maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, DƏDRX-nin 17 saylı ərazi idarəsi tərəfindən ona seriya nömrəsi ******* olan, reyestr nömrəsi **********89- 10301 olan çıxarışla 0.12 ha torpaq sahəsi mülkiyyətinə verilmişdir. 18 ildir ki, həmin torpaq sahəsi onun istifadəsindədir. Həmin vaxtdan etibarəndə o ailə üzvləri ilə həmin torpaq sahəsində məskunlaşmışdır və yaşayırlar. Həmçinin uzun müddətdir ki, həmin torpaq sahəsində əkinçilik və digər təsərrüfat fəaliyyətləri ilə məşğuldurlar. Torpaq sahəsi onlara verilən zamandan onlar torpaq sahəsinə gələn suvarma arxı mərhum X1 məxsus torpaq sahəsindən gəlmişdir. Bugünədək də suvarma arxı üçün ödənişləri vaxtı vaxtında ödəmişdir. Cavabdeh qanunsuz olaraq mərhum X1 məxsus torpaq sahəsini zəbt edərək orada məskunlaşmışdır. Bugünədək də cavabdehlə dəfələrlə problem yaşamışdır. Çünki kənd ərazisində demək olar ki, bir çox qonşuları Suvarma idarəsi tərəfindən təşkil edilmiş suvarma arxları digər yan qonşuların istifadə etdiyi torpaq sahəsindən keçir. Cavabdeh zəbt etdiyi torpaq sahəsindən onların torpaq sahələrinə gələn suvarma arxının suyunu kəsmişdir.Nəticədə də əkinçilik və tərəvəzin bar verən və yetişən bir dövrdə cavabdehin suvarma arxının suyunu kəsməsi nəticəsində ona xeyli miqdarda maddi ziyanlıq dəymişdir. Dəfələrlə cavabdehə tutduğu əməlinin düzgün olmadığını, qonşu olduqları üçün də yaranmış problemi aralarında həll etməyi təklif etmişdir. Cavabdehlə aralarında razılığa gələ bilmədikləri üçün məhkəməyə müraciət etrmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını və bu barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh oğlu məhkəmə iclasında iddianı rədd edərək bildirdi ki, iddiaçının iddia tələbində göstərdiyi su arxı onun tərəfindən kəsilməmişdir, iddianın əsassız olduğundan rədd edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon məhkəməsinin xx xxxxxx 2020–ci il tarixli 2(014)-1234/2020 saylı qərardadı ilə iş üzrə İqtisadiyyat Nazirliyi Yanında ƏMDX tərəfindən rəyin verilməsi qərara alınmış, eyni tarixli qərardadla da iş üzrə icraat dayandırılmışdır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan reyestr xidməti tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli **********16 saylı mütəxəssis rəyindən məlum olur ki, iddiaçı və cavabdehin iştirakı ilə cavabdehin istifadəsində olan torpaq sahəsinə baxış keçirilmiş, həmin torpaq sahəsinin koordinatları və ərazidən keçərək iddiaçının istifadəsində olan torpaq sahəsinə gedən su arxının yeri müəyyən edilmişdir. Cavabdehin istifadəsində olan ərazidə su arxının qarşısı kəsildiyi müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli RX ******* seriyalı, əmlak məsələləri dövlət komitəsinin yanında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun surətindən məlum olur ki, Ağdaş rayon, Xosrov kəndində yerləşən 0.12 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri xüsusi mülkiyyət hüququ əsasında İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mülkiyyət hüququna dair 152.5-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 3-cü maddəsinin 1-ci bəndində göstərilir ki, torpaq münasibətləri — dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslər arasında torpağa sahiblik, torpaqdan istifadə və torpaq barəsində sərəncam vermək sahəsində, habelə torpaq resurslarından istifadənin dövlət tərəfindən idarəedilməsi sahəsində ictimai münasibətlərdir. Həmin maddənin 2-ci bəndində göstərilir ki, torpaq münasibətlərinin iştirakçıları Azərbaycan Respublikası, dövlət orqanları, bələdiyyələr, Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri, habelə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, xarici dövlətlərdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 5-ci bəndinin tələbinə görə torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri olan hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində öz hüquqlarını həyata keçirərkən ətraf təbii mühitə, başqa şəxslərin hüquqlarına və mənafelərinə zərər vurmamalıdırlar. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 54-cü maddəsinin 3-cü bəndinə əsasən torpaq mülkiyyətçisinin, istifadəçisinin və icarəçisinin öz sahəsinə xidmət göstərmək üçün qonşu torpaq mülkiyyətçilərinin, istfadəçilərinin və icarəçilərinin torpaq sahələrinə servitut qoyulmasını tələb etmək, o, cümlədən məhkəmə qaydasında tələb etmək hüququ vardır. Həmin maddənin 4-cü bəndində torpaq sahəsindən piyada və ya nəqliyyat vasitəsi ilə keçmək barədə həmin sahəyə servitut müəyyən edilə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin maddənin 3-cü bəndində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 3-cü bəndində göstərilir ki, özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüququ və vəzifələrinindən əlavə, bir-birinə hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşusunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası Mülki Məcəllənin 170.3-cü maddəsinə əsasən heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 175.1-ci maddəsinə əsasən əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətrinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 255.4-cü maddəsinə əsasən servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq edildi ki, İddiaçı mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsindən iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsinə gedən və axıdılan su cavabdehin torpaq sahəsindən keçməklə onun tərəfindən qapadılmış, iddiaçıya suyun verilməsində süni maneələr yaradılmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, seriya nömrəsi ******* olan, reyestr nömrəsi **********89-10301 olan çıxarışla İddiaçı mülkiyyətinə verilmiş, 0.12 ha. torpaq sahəsinə gələn suvarma arxının bərpa edilərək önünün açılması və suvarma işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılan süni maneələr aradan qaldırılmalıdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Seriya nömrəsi ******* olan, reyestr nömrəsi **********89-10301 olan çıxarışla İddiaçı mülkiyyətinə verilmiş, 0.12 ha. torpaq sahəsinə gələn suvarma arxının bərpa edilərək önünün açılması və suvarma işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılan süni maneələr aradan qaldırılsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən bir ay müddətində Ağdaş rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Nizam Əliyev
Məhkəmə qərarları › İş №2(014)-44/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-44/2021
05.04.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver