Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-44/2022 06.06.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, İddiaçı, Cavabdeh, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakları ilə İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 qarşı əvvəllər təbii yolla gəlmiş suyun axımını bərpa etmək vəzifəsini qoymaq yolu ilə su istehlakçısının sudan istifadə etmək hüququnda yaranmış süni maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 qarşı əvvəllər təbii yolla gəlmiş suyun axımını bərpa etmək vəzifəsini qoymaq yolu ilə su istehlakçısının sudan istifadə etmək hüququnda yaranmış süni maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 26 iyun 2010-cu il tarixdə rəsmi nikaha daxil olaraq o, bu iddia üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X6 ilə ailə qurmuşdur. Həyat yoldaşı və həmçinin üç azyaşlı uşağı ilə birlikdə Ağdaş rayonunun Hüşün kəndi ərazisində Ağdaş rayonu Aqrar islahat Komissiyasının xx.xx.1998-ci il tarixli 17 saylı Qərarı ilə onun ərinin mülkiyyətinə verilmiş 0,72 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşayırlar. Cavabdeh onun “çəpər” qonşusudur və həmin ərazidə yaşayır. Uzun illər qonşu kimi yaşamalarına, ərinin əmisi oğlu olmasına baxmayaraq, bir neçə ildir ki, cavabdeh əvvəllər təbii yolla (nov arx, keşqal) onların həyətinə gələn suyun istiqamətini dəyişdirərək onlara su vermir və bununla da bir su istehlakçısı kimi onların mülki hüquqlarını pozur. Əksər bölgələrdə olduğu kimi onların kənddə də əkin sahələrinin suvarılması selləmə suvarma metodu ilə aparılır. Su olmadığından isə onlar öz həyətyanı sahələrini əkib-becərə bilmirlər. Bu halda mal-qara saxlamaq kimi təsərrüfatla məşğul olmaq da asan deyil. O isə heç mal-qara üçün yox, adicə qab yumaq üçün, uşaqlarını çimizdirib onların paltarlarını yumaq üçün belə su tapmır. Dəfələrlə problemi ilə bağlı yerli bələdiyyəyə, kənd icra nümayəndəsinə müraciət etmişdir. Onların problemini hamı bilir, ancaq bu məsələnin həlli onların səlahiyyətində olmadığını bildirərək, ona məhkəməyə müraciət etmək tovsiyə edilir. Cavabdeh isə bu barədə ona etdikləri müraciətlərə “su mənim, həyət mənim, özüm bilərəm deyir”. Bu nöqteyi nəzərdən cavabdehin qeyri-qanuni hərəkətləri nəticəsində onun və ailə üzvlərinin bütün məişət ehtiyaclarını qarşılamaq üçün suya əlçatanlığı demək olar ki, tamamilə heç olmuşdur. O, başa düşmür və ya başa düşmək istəmir ki, hər bir insanın su, sanitariyagigiyena hüququ var və öz davranışı ilə o, bir su istehlakçısı kimi onların mülki hüquqlarını pozur. Onun üç azyaşlı uşağının sağlam inkişafı üçün təhlükə törədir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh suyun onun həyətindən keçən arxdan axmasına etiraz etmədiyini, suyun qarşısını kəsmədiyini, onun tərəfindən heç bir problem olmadığını bildirərək, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 cavabdehin öz həyətindən axan arxı təmizləməli olduğunu və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Belə ki, işin materiallarında olan Ağdaş rayon Ərəb kənd icra nümayəndəliyi tərəfindən verilmiş 26 iyun 2010-cu il tarixli, AZ-İ seriyalı, № 580634 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X6 ilə X1 26 iyun 2010-cu il tarixdə 10 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada Balayeva soyadı verilmişdir. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(014)-160/2014 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X2 cavabdehlər X4 və Cavabdeh qarşı özbaşına hərəkətlərə son qoyulması,süni maneələrin aradan qaldırılması və maddi ziyan tələbinə dair iddiasının əsasız olduğundan təmin edilməməsi qət edilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 may 2022-ci il tarixli, 10/1390 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" MMCnin Mingəçevir Layihə-Tədqiqat İdarəsinin mühəndisi Fərid Vəliyevin mütəxəssis rəyində qeyd edilir ki, İddiaçı istifadəsində olan Ağdaş rayonu, Hüşün kəndində yerləşən 0,72 hektar həyətyanı torpaq sahəsinə gələn su yolu Cavabdeh faktiki istifadə etdiyi həyətyanı torpaq sahəsindən keçir, baxış zamanı su yolunun təbii axarının qarşısının kəsilmədiyi müəyyən olunmuşdur. Naturada aparılmış çöl-ölçmə işləri və kameral araşdırma nəticəsində tərtib olunmuş yerquruluşu əlavə olunur. Ekspert tərəfindən qeyd olunur ki, Mərkəzdə torpaq sahələrinə dair baza məlumatlarının olmaması və mülki işin materiallarına mübahisəli əraziyə dair baza məlumatlarının əlavə edilməməsi səbəbindən mütəxəssis rəyində yazılan məlumatlarla, baza məlumatlarını müqayisə edərək tədqiqatın aparılması mümkün olmamışdır. Mütəxəssis rəyinin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər. Beləliklə, iş üzrə müəyyən olunmuş faktiki hallardan məlum olur ki, iddiaçı cavabdeh tərəfindən onun istifadəsində olan Ağdaş rayonunun Hüşün kəndində yerləşən 0,72 hektar həyətyanı torpaq sahəsinə gələn su yolunun təbii axarının qarşısını kəsməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə, ekspert həmin sahəyə baxış keçirərkən su yolunun təbii axarının qarşısının kəsilmədiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında Ağdaş rayonunun Hüşün kəndində yerləşən 0,72 hektar həyətyanı torpaq sahəsinə gələn su yolunun təbii axarının qarşısının kəsilməsi ilə əlaqədar mübahisə yaranmışdır. Cavabdeh İddiaçı məxsus Ağdaş rayonunun Hüşün kəndində yerləşən 0,72 hektar həyətyanı torpaq sahəsinə gələn su yolunun təbii axarının qarşısını kəsməsinə dair hər hansı sübut mövcud deyil. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 qarşı əvvəllər təbii yolla gəlmiş suyun axımını bərpa etmək vəzifəsini qoymaq yolu ilə su istehlakçısının sudan istifadə etmək hüququnda yaranmış süni maneələrin aradan qaldırılması tələbinə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 qarşı əvvəllər təbii yolla gəlmiş suyun axımını bərpa etmək vəzifəsini qoymaq yolu ilə su istehlakçısının sudan istifadə etmək hüququnda yaranmış süni maneələrin aradan qaldırılması tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. İddiaçı 50 manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; VÖEN **********; Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-44/2022
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-44/2022
06.06.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver