Məhkəmə qərarları › İş №2(014)-442/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-442/2021

23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-442/2021 23.02.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı Borcun ödənilməsi tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 10160 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək bildirdi ki, cavabdehlə xeyli müddətdir ki, rayon sakini kimi ünsiyyət edirdilər. Əvvəllər də cavabdehlə ticarət münasibəti olmuş, heç bir problem yaşamamışlar. Qeyd edir ki, 2018-ci ildə cavabdeh ona maddi imkanının zəif olduğunu, ticarət ilə məşğul olmaq istədiyini, ancaq əlində mayasının olmadığını bildirdi. Cavabdeh ondan nisiyə mal götürmək istədiyini bildirərək,ona nisyə mal verməsini və tezliklə həmin malın pulunu satıb geri qaytaracağını bildirmişdir. Odur ki,cavabdeh ondan hissə-hissə xırdavat malları və məişət əşyaları götürməyə, bir müddət sonra da ödəməyə başlamışdır. Lakin cavabdeh bir müddət sonra nisyə aldığı xırdavat malları və məişət əşvalarının pulunu verməməyə başlamışdır. Cavabdeh hər dəfəsində pulunun olmadığını, borcunu qaytarmaq üçün yenidən xırdavat malları və məişət əşyaları satıb qazanc əldə edəcəyini bildirərək onun etibarından sui-istifadə etmiş, ondan 10260 manatlıq mal götürmüş, iki ildir ki, cavabdeh ona olan borcundan, avqust ayında ödədiyi 100 manat puldan başqa heç bir pul ödəməmişdir. Bununla bağlı polisə müraciət etmiş, hadisə ilə bağlı Ağdaş ravon Polis şöbəsində xx.xx.2020-ci il tarixli HK-1/192 saylı material üzrə təhqiqat işi ararılmış, hadisə ilə bağlı cavabdehin ona 10160 manat borcunun olduğu müəyyən olunmuşdur. O, cavabdehdən dəfələrlə borcu qaytarmasını xahiş etsə də, cavabdeh ona borcu könüllü qaytarmamışdır. Odur ki, iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı etiraf edərək bildirdi ki, o,iddiaçıdan 10260 manat dəyərində nisyə mal almış,lakin maddi durumu zəif olduğu üçün borc üzrə 100 manat ödəniş edə bilmişdir. Hazırda onun iddiaçıya 10160 manat borcu vardır. İddianı etiraf edir, lakin borcu az-az ödəyə biləcəyini nəzərə çatdırmaq istəyir. Odur ki, iddianın təmin edilməsinə hər hansı bir etirazı yoxdur. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxxxxx 2020-ci il tarixli qərardan görünür İddiaçı şikayəti əsasında toplanmış materialda cinayət hadisəsi olmadığından rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 600.1. alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.3-cü maddəsinə əsasən satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmək vəzifəsindən azad edir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Cavabdeh İddiaçı 10160 manat borclu olması və bu günə kimi qaytarılmaması faktı cavabdeh tərəfindən etiraf edildiyindən, İddiaçı iddiasının əsası kimi istinad etdiyi göstərilən halları sübut etmək vəzifəsindən azad edir. Belə ki, Cavabdeh məhkəməyə ərizə təqdim edərək, İddiaçı 10160 manat borclu olmasını etiraf etmişdir və qaytaracağını bildirmişdir. Bununla da Cavabdeh İddiaçı 10160 manat məbləğində borcunun olmasını tam etiraf etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Odur ki, cavabdeh iddianı etiraf etdiyindən Cavabdeh 10160 manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh alınıb İddiaçı verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 10160 manat borca görə, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 10190 (on min bir yüz doxsan) manat pul tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar