Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-445/2023 07.03.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «Süni maneələrin aradan qaldırılması, qanunsuz hərəkətlərin qarşısının alınması və maddi ziyan» tələbinə dair işə 07 mart 2023-cü il tarixdə Ağdaş rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «Süni maneələrin aradan qaldırılması, qanunsuz hərəkətlərin qarşısının alınması və maddi ziyan» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona və ailəsinə qarşı etdiyi zorakı və qanunsuz hərəkətlərinə son verilməsi, Ağdaş şəhəri, Orta Qəsil kəndində yerləşən ona məxsus həyətyanı sahədən istifadə və yaşayış evində yaşamağına yaradılan süni maneələrin aradan qaldırılması, həmçinin təsərrüfatına vurduğu maddi ziyanlığın qarşısının alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, uzun illərdir cavabdehlə qohumdur və eyni kənddə sərhəd qonşuluğunda yaşayırlar. İllərdir ki, cavabdeh ona ailəsinə, həyətyanı sahəsinə və təsərrüfatına xeyli miqdarda ziyanlıq vurmuşdur. Belə ki, əsassız olaraq davamlı onunla və ailə üzvləri ilə dava-dalaş edir, üzərinə hücum çəkir, təsərrüfatına gedən plastik su borularını sındırır, həyətyanı sahəsinin qapsını balta ilə qırır, öz həyətyanı sahəsindən onun təsərrüfatını suya verib əkin sahəsini suya batırıb ona maddi ziyanlıq vurur. Dəfələrlə cavabdehlə bağlı yerli orqanlara və polis şöbəsinə müraciət etdikdən sonra cavabdehə qanunsuz hərəkərlərinə son verməsini bildirsələr də cavabdeh yenə də azğın hücumlarına, ona, ailəsinə və təsərrüfatına ziyanlıq vurmağa davam edir. Mövcud vəziyyətlə bağlı ona məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir.Cavabdehlə aralarında razılığa gələ bilmədiklərindən hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddiasının təmin edilməsini və bu barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək iddiaçının iddia ərizəsində göstərdiklərinin həqiqəti əks etdirmədiyini, İddiaçı onun qaynı olduğunu, uzun müddətdir ki, qonşu yaşadıqlarını, hər dəfə müxtəlif bəhanələrlə Azərin onlara şər böhtan atdığını, bununla bağlı dəfələrlə Polis şöbəsində izahatlarının aldındığını, onun və həyat yoldaşının Azərə və onun ailə üzvlərinə heç bir təzyiq və ya təsir göstərmədiyini, həyat şəraitlərinin pozulmasına səbəb olan heç bir süni maneə yaratmadıqlarını, heç bir maddi ziyan vurmadıqlarını bildirmiş, məhkəmədən iddia ərizəsinin rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHBnın Qulbəndə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş, 09 yanvar 2023-cü il tarixli 07 saylı arayışdan məlum olur ki, İddiaçı həqiqətən hal hazırda Ağdaş rayon Orta Qəsil kəndində yaşayır və özünə məxsus 1 otaqlı fərdi yaşayış evi vardır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.6-cı maddəsinə əsasən, hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə görə, konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əssən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı «Süni maneələrin aradan qaldırılması, qanunsuz hərəkətlərin qarşısının alınması və maddi ziyan» iddia tələbi ilə məhkəməyə müraciət etsə də, həmin süni maneələrin, qanunsuz hərəkətlərin, maddi zərərin mövcudluğuna, onların cavabdeh tərəfindən törədilməsinə dair mötəbər sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmiş, göstərilən hallar məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda yuxarıda sadalanan hüquq normalarına uyğun hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı «Süni maneələrin aradan qaldırılması, qanunsuz hərəkətlərin qarşısının alınması və maddi ziyan» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «Süni maneələrin aradan qaldırılması, qanunsuz hərəkətlərin qarşısının alınması və maddi ziyan» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Nizam Əliyev
Məhkəmə qərarları › İş №2(014)-445/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-445/2023
07.03.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver