Məhkəmə qərarları › İş №2(014)-457/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-457/2022

13.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-457/2022 13.04.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul və maddi ziyan tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul və maddi ziyan tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Rusiya Federasiyası, Saratov vilayəti, Atkarsk şəhəri, Proletar küçəsi, ev 55 V ünvanında yaşayır. Cavabdeh onun qohumu X1 əridir. O, Nofəl Yelmar oğlunu qohumu Elmira Eldar qızına görə tanımışdır. 2020-ci ilin sentyabr ayında Nofəl Yelmar oğlu pula ehtiyacı olduğunu və bu səbəbdən ona borca 5000 manat pul verməyini xahiş etmişdir. Nofəl eyni zamanda xahiş etmişdir ki, ona borca pul verməyini arvadı Elmira Eldar qızı bilməsin. Nofəlin deməsinə görə birinci arvadı onu məhkəməyə vermiş və ondan qızıl-ziynət əşyaları tələb edir. Bu səbəbdən onun pula ehtiyacı var imiş. O, da ona 2020-ci ilin oktyabr ayında 223924 rubl pul göndərmişdir. Həmin pulu Azərbaycan manatına məzənnəsi 5000 manat idi. Nofəlin deməsinə görə o, yaxın zamanda olan borcunu qaytaracaqdır. Lakin aradan bir ildən çox vaxt keçməsinə baxmayaraq, cavabdeh ondan almış olduğu borcu geri qaytarmamışdır. Buna görədə hazırki iddia ilə məhkəməyə müraciət edir. Odur ki, cavabdehdən onun xeyrinə 223924 rubl pulun qətnamə icra olunan vaxtına olan məzənnəsinin, 70 manat dövlət rüsumunun, 530 manat vəkil xidmət haqqının, 2240 rubl etibarnaməyə ödəmiş olduğu rüsumun alınıb ona verilməsi barədə qətnamə çıxarılması xahiş edilir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, İddiaçı onun keçmiş arvadı Elmiranın qohumudur, İddiaçı tanımır, heç bir zaman onunla görüşməmiş və danışmamışdır. Keçmiş həyat yoldaşı ilə evli olarkən Elmira ona banka gedərək, uşaqları olmadığından qohumu tərəfindən müalicə üçün onun adına pul gəldiyini və pulu bankdan alaraq ona gətirməsini xahiş etmiş, o, isə banka gedərək özünün adına göndərilmiş pulu bankdan alaraq gətirib Elmiraya vermiş və Elmira pulu alaraq müalicə üçün onun bacısı ilə Bakıya getmişdir. O, Xətai adlı şəxsdən heç vaxt pul istəməmişdir. Bu səbəbdən iddia əsassızdır və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh adına 223924 rubl pul göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məclləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilə bilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müaviq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanılır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozaraq icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-cü maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübkt etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə İddiaçı iş üzrə Cavabdeh adına 223924 Rusiya rublu göndərməsi həm mədaxil qəbzi, həm də Cavabdeh məhkəmə iclasında verdiyi izahatı ilə sübuta yetir, lakin Cavabdeh İddiaçı tanımadığını, onun tərəfindən pulun keçmiş arvadı Elmiranın xahişi ilə göndərildiyini, həmin pulu aldıqdan sonra keçmiş arvadı Elmiraya verdiyini bildirsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim edə bilmədi, buna görə də iddia əsas borc tələbi və ödənilmiş dövlət rüsumu tələbi barədə hissədə təmin edilməli, hüquqi yardım haqqında müqavilə iş üzrə tərəf olmayan şəxs tərəfindən bağlanıldığı və xidmət haqqı da həmin şəxs tərəfindən ödənildiyi, etibarnamənin ancaq hazırki işlə bağlı verildiyi müəyyən olunmadığı üçün iddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 223924 (iki yüz iyirmi üç min doqquz yüz iyirmi dörd) Rusiya rublu ödəniş gününə məzənnə üzrə manatla, 70 (yetmiş) manat ödənilmiş dövlət rüsumu tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar