Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-46/2022 10.01.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə Ağahüseyn qızının, Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı süni maneələrin aradan qaldırılması və zəruri su yolunun açılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı süni maneələrin aradan qaldırılması və zəruri su yolunun açılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Ağdaş rayonunun Yuxarı Ləki kəndində yaşayır. Cavabdeh2 və Cavabdeh1 onunla qonşuluqda yaşayırlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin N- 1294349 saylı çıxarışına əsasən Ağdaş rayon Yuxarı Ləki kəndində fərdi yaşayış evi tikmişlər. Həyat yoldaşı ilə birgə yaşayırlar. Birgə nikahlarından üç uşaqları vardır. Qonşuluqda yaşayan Cavabdeh2 və Cavabdeh1 onun evinə gedən zəruri su yolunu bağlayıblar. Lakin onlar həmin zəruri su yoluna 5 min manat pul qoyaraq həmin zəruri su yolunu betondan çəkərək su aparmışlar. 20 ildir ki, həmin zəruri su yolundan istifadə edirlər. Lakin cavabdehler həmin zəruri su yolunu bağlayaraq su vermirlər. O, polis şöbəsinə şikayət, Ağdaş rayon Yuxarı Ləki bələdiyyəsinə və icra nümayəndəliyinə müraciət etmişdir. Onlar cavabdehə bildirmişlər ki, həmin zəruri su yolu açılmalıdır. İddiaçı həmin sudan 20 ildir ki, istifadə edir. Cavabdeh məhəl qoymayaraq həmin zəruri su yolunun qabağını kəsərək ona su vermir. Onların əkinlərinin suyu və özlərinin içməli suyu kəsilib, mülkiyyətçi kimi hüquqları pozulmuşdur. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi Nümayəndə Ağahüseyn qızı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh2 izahatında iddiaçının həmin yerdən su aparmasına ona görə etiraz etdiyini bildirmişdir ki, qeyd olunan su xətti onun evinə zərər vurur. Buna görə də iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, digər Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən digər Cavabdeh1 məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş "xxxx" ASC MİOQ və Suların İstifadəsinə-Mühafizəsinə Nəzarət İdarəsinin Ağdaş inzibati ərazisi üzrə mühəndis-nəzarətçisi X1 ifadəsində bildirmişdir ki, o, həmin ərazidə nəzarətçi işləyir. Mübahisəli yerə tərəfindən baxış keçirilmiş və müəyyən edilmişdir ki, cavabdehlər tərəfindən qarşısı alınmış su xətti uzun illər mövcud olmuş və onun cavabdehlərə heç bir ziyanı yoxdur. İşin materiallarına olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 04 iyul 2018-ci il tarixli, RX seriyalı, № ******* saylı çıxarışın təsdiqlənmiş surətindən görünür ki, İddiaçı xüsusi mülkiyyətinə Ağdaş rayonunun Yuxarı Ləki kəndi ərazisindən 0,1958 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin üzərində 130,6 m2 sahəsində fərdi yaşayış evi inşa edilmişdir. İşin materiallarına olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 dekabr 2021-ci il tarixli, № 10/5387 saylı ekspert rəyindən görünür ki, tədqiqat obyektinə baxış keçirilən zaman su yolunun (su arxı) cavabdehin hasarından aralı keçməklə, hər iki tərəfi (sağ və sol qırağı) betonlanmış vəziyyətdə olmaqla küçədən yolun kənarı ilə iddiaçının hasarı tərəf istiqamətində keçdiyi, su arxında isə suyun olmadığı müəyyən edilmişdir. İki ədəd su borunsunun qarşısında tullantıların yığıldığı (yarpaq, lil və s.) müəyyən olunmuş, tam olaraq tutulması aşkar olunmamışdır. Su borularının ağzına yığılmış tullantıların kim və ya kimlər tərəfindən yığıldığı subyektiv məsələ olduğu və hüquqi xarakter daşıdığı üçün məhkəmə tərəfindən qiymət verilə bilər. Baxış zamanı su arxından suyun axmadığı (keçmədiyi) səbəbindən həmin borulardan suyun keçib-keçməməsini müəyyən etmək mümkün olmamışdır. Baxış zamanı su sızma nəticəsində su arxına yaxın hissədə, küçə tərəfdə cavabdehin hasarında hər hansı ziyan aşkar olunmamışdır. Baxış iştirakçılarının baxış zamanı bildirdiklərinə görə sözügedən su arxından uzun illərdir ki, kənd sakinləri istifadə edir. Su arxından uzun illərdir istifadə olunduğu və baxış zamanı küçə tərəfdə cavabdehin hasarında hər hansı ziyanın aşkar olunmadığı nəzərə alınarsa, su yolunun işlək vəziyyətə gətirilməsinin cavabdehlərin yaşadıqları evə zərər vura bilib-bilməməsini müəyyən etmək üçün FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən müvafiq rəy alınmaqla məhkəmə tərəfindən qiymət verilə bilər. FHN Tikintidə Təhlükəsizliyə Nəzrət Dövlət Agentliyinin müvafiq institutlarında xüsusi avadanlıq və laboratoriya şəraiti olduğu üçün tövsiyə olunur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 04 iyul 2018-ci il tarixli, RX seriyalı, № ******* saylı çıxarışı ilə İddiaçı xüsusi mülkiyyətinə verilmiş 0,1958 hektar həyətyanı torpaq sahəsinə gedən su yolu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən bağlanmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 5-ci bəndinin tələbinə görə torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri olan hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində öz hüquqlarını həyata keçirərkən ətraf təbii mühitə, başqa şəxslərin hüquqlarına və mənafelərinə zərər vurmamalıdırlar. Azərbaycan Respublikası Məcəlləsinin 54-cü maddəsinin 3-cü bəndinə əsasən torpaq mülkiyyətçisinin, istifadəçisinin və icarəçisinin öz sahəsinə xidmət göstərmək üçün qonşu torpaq mülkiyyətçilərinin, istfadəçilərinin və icarəçilərinin torpaq sahələrinə servitut qoyulmasını tələb etmək, o, cümlədən məhkəmə qaydasında tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin maddənin 3-cü bəndində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 3-cü bəndində göstərilir ki, özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüququ və vəzifələrinindən əlavə, bir-birinə hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşusunun mülkiyyətinə cürbəcür hədsiz təsirlədən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.3 və 170.4-cü maddələrinə əsasən heç kəsə icazə verilmir ki, suyun təbii axımını ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. Bir neçə torpaq sahəsindən axan tullantı və yeraltı suların istiqamətini dəyişdirərək və ya onları qarışdıraraq başqa torpaq sahələrində suyun miqdarını azaltmaq və ya keyfiyyətini pisləşdirmək yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 175.1-ci maddəsinə əsasən əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətrinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 255.4-cü maddəsinə əsasən servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 04 iyul 2018-ci il tarixli, RX seriyalı, № ******* saylı çıxarışı ilə İddiaçı xüsusi mülkiyyətinə verilmiş 0,1958 hektar həyətyanı torpaq sahəsinə gedən su yoluna yaradılmış süni maneələr aradan qaldırılmalı və həmin su yolu açılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 04 iyul 2018-ci il tarixli, RX seriyalı, № ******* saylı çıxarışı ilə İddiaçı xüsusi mülkiyyətinə verilmiş 0,1958 hektar həyətyanı torpaq sahəsinə gedən su yoluna yaradılmış süni maneələr aradan qaldırılsın və həmin su yolu açılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-46/2022
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-46/2022
10.01.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver