Məhkəmə qərarları › İş №2(014)-476/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-476/2024

30.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-476/2024 30.04.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Gülnarə Kamal qızının katibliyi, İddiaçı Mingəçevir şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Mingəçevir şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Cavabdeh qarşı “701,32 manat məbləğində dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Mingəçevir şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi Cavabdeh qarşı “701,32 manat məbləğində dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən 701,32 manat məbləğində vurulmuş ziyanın cavabdehdən tutularaq iddiaçı Mingəçevir şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 25 avqust 2023-cü il tarixdə Birliyin işçiləri tərəfindən baxış keçirilərkən məlum olmuşdur ki, 20 Yanvar küçəsi ilə Sahil küçəsinin kəsişməsində “İveko otoyol 359 yük” markalı, **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, Ağdaş rayonu, Pirkəkə kəndində yaşayan Cavabdeh tərəfindən yol nəqliyyat hadisəsi törədilmişdir. Cavabdeh idarə etdiyi avtomaşınla həmin küçədə sərnişinlər üçün nəzərdə tutulmuş dayanacağı yararsız hala salmışdır. Belə ki, dayanacağın metal konstuksiyası deformasiyaya uğramış və iki ədəd yan şüşə sındırılaraq yararsız hala düşmüşdür. Dəymiş ziyanla bağlı akt və qiymətləndirmə cədvəli tərtib olunmuşdur. Bundan əlavə cavabdeh törətdiyi yol nəqliyyat hadisəsinə görə Mingəçevir şəhəri Polis şöbəsi tərəfindən AR-nın İXM-nin 327.1 və 327.6 maddələrinə əsasən barəsində inzibati protokol tərtib olunmuşdur. Lakin xəbərdarlıq edilməsinə və barəsində protokol tərtib ediməsinə baxmayaraq cavabdeh tərəfindən Birliyə 701,32 manat məbləğində dəymiş ziyanı ödəməkdən imtina edir. İddiaçı Mingəçevir şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirmişdir ki, Cavabdeh tərəfindən 20 Yanvar küçəsi ilə Sahil küçəsinin köəsişməsində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində sərnişinlər üçün nəzərdə tutulmuş dayanacağa ziyan dəymişdir. Dəymiş ziyan hesablanaraq 701,32 manat məbləğində müəyyən edilmişdir. Hazırda dəymiş ziyanın cavabdehdən alınması tələb olunur. Odur ki, qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə hazırlıq iclasında iddiaya münasibət bildirərkən iddianı qəbul etmiş, onun tərəfindən 701 manat 32 qəpik ziyan vurduğunu, hazırda həmin ziyanı bütövlüklə ödəməyə imkanı olmadığını, hissə-hissıə ödəyəcəyini bildirmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə baxışı iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən iddiaçının və cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirsakçısını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan 13 oktyabr 2023-cü il tarixli Aktın surətindən görünür ki, 25 avqust 2023-cü il tarixdə 20 Yanvar küçəsilə Sahil küçəsinin kəsişməsində “İveco otoyol 359 yük” markalı, **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, Ağdaş rayonu, Pirkəkə kəndində yaşayan Cavabdeh tərəfindən törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində sərnişinlər üçün nəzərdə tutulmuş dayanacağın metal Konstruksiyası deformasiyaya uğramış və 2 ədəd yan şüşəsi sındırılaraq yararsız hala düşmüşdür. Dəymiş ziyanla bağlı qiymətləndirilmiş cədvəl tərtib olunmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində sərnişin dayanacağına ümumilikdə 701,32 manat civarında ziyan dəydiyi müəyyənləşdirilmişdir. İşin materiallarında olan Mingəçevir şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən Ağdaş rayon Polis şöbəsinə ünvanlanmış 25 avqust 2023-cü il tarixli, 415 saylı məktubdan görünür ki, 25 avqust 2023-cü il tarixdə 20 Yanvar küçəsilə Sahil küçəsinin kəsişməsində yerləşən 6 nömrəli marşurutun son dayanacağında quraşdırılmış sərnişin dayanacağı naməlum nəqliyyat vasitəsi tərəfindən törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində zədələnmiş, dayanacağın metal konstruksiyasının bir hissəsi deformasiyaya uğramiş, 2 ədəd yan şüşəsi isə sındırılaraq yararsız hala düşmüşdür. Tərəflərindən hadisə yerinə baxış keçirilərkən şahidlərdən hadisənin AC 586 dövlət nömrə nişanlı Qazel markalı yük avtomobili tərəfindən törədildiyi barədə məlumat almışlar. Yol nəqliyyat hadisəsini törətmiş nəqliyyat vasitəsinin tapılmasında və dəymiş ziyanın ödənilməsində köməklik göstərilməsi xahiş edilmişdir. İşin materiallarında olan Mingəçevir şəhər Polis şöbəsi tərəfindən Mingəçevir şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinə ünvanlanmış 29 sentyabr 2023-cü il tarixli, 2-29643/23 saylı məktubdan görünür ki, göstərilən ünvada yol nəqliyyat hadisəsi baş vermiş, yol nəqliyyat hadisəsi ilə əlaqədar tərəflərindən araşdırma aparılıb. “İveco otoyol 35 9 yük” markalı, **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Ağdaş rayonu, Pirkəkə kəndində yaşayan Cavabdeh barəsində AR-nın İXM-nin 327.1 və 327.6-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törətməsilə əlaqədar inzibat protokol tərtib olunmuşdur. İdarənin balansında olan sərnişin dayanacağın yararsız hala düşməsi ilə əlaqədar dəymiş ziyanın ödənilməsi mülkü xarakterli məsələ olduğu üçün məhkəməyə müraciət etmə hüquqlarının olduğu izah olunmuşdur. İşin materiallarında olan 25 avqust 2023-cü il tarixli. İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Ağdaş rayonu, Pirkəkə kənd sakini Cavabdeh 25 avqust 2023-cü il tarixdə, saat 12:05-də yol nəqliyyat hadisəsi törətməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələblərini pozduğundan, onun barəsində ptorokol tərtib edilmişdir. İşin materiallarında olan Mingəçevir şəhəri, 20 Yanvar küçəsinin Sahil küçəsi ilə kəsişməsində 25 sentyabr 2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində yararsız hala düşmüş sərnişin dayanacağının təmiri və quraşdırılması işlərinə sərf olunmuşmal-material və digər xərclərin qiymətləndirilmiş cədvəlindən görünür ki, sərnişin dayanacağının təmiri üçün ümumilikdə 701,32 manat məbləğində vəsait lazımdır. İşin materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, şərnişin dayanacağı deformasiyaya uğramışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, 25 avqust 2023-cü il tarixdə Cavabdeh idarə etdiyi nəqliyyat vasitəsi ilə Mingəçevir şəhərində yool nəqliyyat hadisəsi törətmiş, hadisə nəticəsində 20 Yanvar küçəsinin Sahil küçəsi ilə kəsişməsində yerləşən sərnişin dayanacağına 701,32 manat məbləğində maddi ziyan dəymişdir. Onun təqsiri isə 25 avqust 2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolla sübuta yetirilmişdir. Hazırda həmin sərnişin dayanacağının yenidən bərpası və təmiri üçün dəymiş ziyanın cavabdeh tərəfindən ödənilməsi tələb olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı “Mingəçevir şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Cavabdeh qarşı “701,32 manat məbləğində dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməli, Cavabdeh 701,32 (yeddi yüz bir manat, otuz iki qəpik) manat məbləğində pul tutularaq Mingəçevir şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar məhkəmədə iddia qaldırarkən dövlət rüsumunu ödəməkdən azaddırlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən məhkəməyə verilən qiymətləndirilən iddia ərizəsinə görə dövlət rüsumunun dərəcəsi iddia qiyməti 1000 manatadək olduqda 30 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddianın qiyməti 701,32 manat olduğundan iddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 701,32 (yeddi yüz bir manat, otuz iki qəpik) manat məbləğində pul tutularaq Mingəçevir şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin hesabına ödənilsin. İş üzrə 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar