Məhkəmə qərarları › İş №2(014)-485/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-485/2024

21.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-485/2024 21.05.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Fərəcova Gülnarə Kamal qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi (artırılması) tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyşdirilməsi (artırılması) tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ağdaş rayon Məhkəməsinin 06 dekabr 2022ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentn mqdarının artırılmasına və Cavabdeh birgə nikahlarından anadan olan 02 mart 2009-cu il tarixli X6 və 04 dekabr 2007-ci il tarixli X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 235 manat məbləğində alimentin tutularaq onun xeyrinə verilməsinə dair və mediasiya şurasına keçirlmiş olduğu 50 manat rüsumu cavabdehdən alınaraq iddaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə rəsmi nikah qeyd edərək ailə qurmuşlar. Birgə nikahlarından 02 mart 2009-cu il tarixli X6 və 04 dekabr 2007-ci il tarixli X5 anadan olmuşdur. Cavabdeh ilə birgə yaşadıqları dövrdə ilk vaxtlar ailə münasibətləri yaxşı olmuşdur. Lakin sonradan cavabdehlə xasiyyətləri uyğun gəlməmiş, ailədə bir-birlərini başa düşmədikləri üçün aralarında tez-tez mübahisələri yaranmışdır. Bu səbəbdən də 2022-ci ildən ayrılmışlar. Ağdaş rayon Məhkəməsinin 06 dekabr 2022-ci l tarixli məhkəmə qətnaməsinə əsasən cavabdehdən hər uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 130 manat məbləğində aliment verilməsi müəyyən edilmişdir. Ağdaş rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2(014)-754/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılmasına və Cavabdeh ilə birgə nikahlarından doğulmuş iki uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 235 manat miqdarında alimentin alınıb onun xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə hazırlıq iclasında bildirmişdir ki, uşaqlarının atası çox qabiliyyətli ustadır, yaxşı qazancı var, uşaqlarının saxlanılması üçün vaxtı-vaxtında alimenti ödəyir, lakin həmin məbləğ uşaqların saxlanılması üçün kifayət etmir. Uşaqları hazırlıqlara gedir. Böyük qızı tibb universitetinə hazırlaşır, onların hazırlıq pullarını çatdıra bilmir. Uşaqların atası da yaxşı pul qazanmağına baxmayaraq uşaqlarına köməklik etmir. Odur ki, uşaqlarının rifahının yaxşılaşdırılmasına görə uşaqları üçün təyin olunmuş alimentin miqdarının artırılmasını xahiş edir. Daha sonra iddiaçı məhkəməyə ərizə ünvanlayaraq, məhkəmənin icraatında olan 2(014)-485/2024 saylı mülki iş üzrə iddiaçı şəxs olduğunu, Cavabdeh qarşı aliment tələbinin artırılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini, hal-hazırda Bakı şəhərində iki azyaşlı övladı ilə tək qaldığı üçün, gələcəkdə təyin olunmuş məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini bildirib məhkəmə iclaslarının onun iştrakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 24 yanvar 2008-ci il tarixdə Maşad kənd X11 üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ № 056186 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X5 04 dekabr 2007-ci il tarixdə Ağdaş şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Ağdaş RPŞ tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli AZE 11181440 seriyalı şəxsiyyət vəsiqəsinin təsdiq edilmş surətindən məlum olur ki, X6 xx.xx.2009-cu il tarixdə Ağdaş rayon, Məşəd kəndində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Ağdaş RPŞ tərəfindən verilmiş xx.xx.2007-cı il tarixli AZE 11181439 seriyalı şəxsiyyət vəsiqəsinin təsdiq edilmş surətindən məlum olur ki, X5 xx.xx.2007-ci il tarixdə Ağdaş şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2(014)-754/2022 saylı qətnaməsindən görünür ki, iddia tələbinin qismən təmin edilərək, Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq, xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2007-ci il təvəllüdlü X3 18 yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 130 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan 17 yanvar 2024-cü il tarixli 01284 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan məlum olur ki, “alimentin miqdarının artırılması” mübahisəsi üzrə keçirilmiş mediasiya prosesində İddiaçı iştirak etmiş, Cavabdeh isə iştirak etməmişdir. 50 manat İMS xərci İddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin birgə nikah münasibətlərindən 02 mart 2009-cu il təvəllüdlü X7 və 04 dekabr 2007-ci il təvəllüdlü X5 doğulmuş, tərəflərin münasibətləri pozulmuş və onlar həmin vaxtdan ayrı yaşamışlar, Ağdaş Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2(014)-754/2022 saylı qətnaməsindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq, xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2007-ci il təvəllüdlü X3 18 yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 130 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Hazırda iddiaçı övladları barəsində Ağdaş Rayon Məhkəməsi tərəfindən təyin edilmiş alimentin miqdarının artırılaraq cavabdehdən hər ay hər uşağa görə 235 manat məbləğində alimentin tutulmasını tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmçinin, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda məhkəmə uşaqların mənafeyini, onların saxlanması üçün cavabdehdən hər bir uşaq üçün 130 manat miqdarında alimentin tutulmasını hazırkı dövrdə kifayət etmədiyini və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli və alimentin məbləği artırılaraq hər uşaq üçün 180 manat məbləğində müəyyən edilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə uşaqların mənafeyini, tərəflərin maddi vəziyyətini, onların saxlanması üçün cavabdehdən bir uşaq üçün 130 manat miqdarında alimentin tutulmasını hazırkı dövrdə kifayət etmədiyini və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh Ağdaş Rayon Məhkəməsinin 2(014)- 754/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2007-ci il təvəllüdlü X2 üçün hər ay hər uşaq üçün tutulan alimentin miqdarı artırılaraq hər uşaq üçün 180 (yüz səksən) manat məbləğində müəyyən edilməli, miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat, 1.000 manatdan yuxarı olan iddia qiymətinin isə 1 faizi 30 manat əlavə olunmaqla dövlət rüsumu tutulur. Məhkəmə hesab edir ki, iddianın qiyməti 1200 manat olduğundan iddiaçının ödəməkdən azad edildiyi 32 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Ağdaş Rayon Məhkəməsinin 2(014)-754/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2007-ci il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün nəzərdə tutulan alimentin miqdarı artırılaraq 180 (yüz səksən) manat məbləğində müəyyən edilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması, bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh iddiaçı tərəfindən mediasiya şurasına ödənilmiş 50 manat rüsumun alınaraq İddiaçı xeyrinə verilsin. Cavabdeh 32 (otuz iki) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar