Məhkəmə qərarları › İş №2(014)-490/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-490/2022

11.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-490/2022 11.04.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, İddiaçı Səlimova (Məmmədova) Tünzalə Asim qızının iştirakı ilə İddiaçı Səlimova (Məmmədova) Tünzalə Asim qızının Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Səlimova (Məmmədova) Tünzalə Asim qızı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)- 16/2015 saylı, 14 yanvar 2015-ci il tarixli qətnaməsi ilə 29 sentyabr 2008-ci il tarixdə anadan olmuş X1 va 21 yanvar 2013-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər bir uşaq üçün 80 (səksən) manat alimentin Cavabdeh Yadiyar oğlundan tutularaq onun xeyrinə verilməsi qət edilmişdir. Həmin məbləğə uşaqların saxlanılmasında, yəni fiziki və əqli cəhətdən sağlam böyüməsində, qidalanmasında, təhsilində və vaxtı-vaxtında müayinə və müalicə olunmasında, müəyyən olunmuş alimentlə indiki zamanda uşağıın tələbatının ödənilməsi mümkün olmadığından, eləcə də bütün gündəlik tələbat mallarının qiymətlərinin xeyli məbləğdə artdığından, yəni keçən müddətdə şərait dəyişdiyindən bir çox çətinliklərlə üzləşir bütün bunlar da onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırır. Lakin cavabdeh bütün bunları nəzərə almayaraq fərdi əməklə məşğul olmasına və gəlirinin normal olmasına baxmayaraq, qətnamə ilə qət edilmiş alimenti vaxtlı-vaxtında ödəməmiş, əlavə olaraq yuxarıda göstərdiyi və üzləşdiyi problemləri aradan qaldırılması üçün bir valideyn kimi könüllü əlavə yardım göstərməkdən yayınmışdır və yayınmaqda davam edir. Bütün bunlar da onun ailə və maddi vəziyyətində böyük çətinliklər yaradır. Ona görə də alimentin miqdarı ilə əlaqədar cavabdehlə aralarında yaranmış mübahisəni həll edilməsi məqsədi ilə məhkəmə qaydasında əvvəllər məhkəmənin qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, yəni artırılaraq sabit pul məbləğində müəyyən edilməsinə zərurət yaranmışdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa əsasən nikahın pozulmasına dair ərizə ilə mediatora müraciət etmişdir. Lakin cavabdehlə mediasiyya sessiyası prosesində alimentin miqdarının artırılması ilə bağlı qarşılıqlı razılaşmaya gələ bilmədiklərinə görə ilkin medasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. Ona görə də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında iddiaçı Səlimova (Məmmədova) Tünzalə Asim qızı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05 mart 2013-cü il tarixli, AZ-İİİ seriyalı, № 048412 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X4 20.01.2013-cü il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası isə Səlimova (Məmmədova) Tünzalə Asim qızıdır. İşin materiallarında olan Ağdaş rayon Xosrov kənd İ.Ə.D. üzrə nümayəndəliyi tərəfindən verilmiş 12.08.2010-cu il tarixli AZ-İİ seriyalı, № 513518 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X5 29.09.2008-ci il tarixdə Ağdaş rayonunun Xosrov kəndində anadan olmuş, atası Cavabdeh, anası isə Səlimova (Məmmədova) Tünzalə Asim qızıdır. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 03.06.2021-ci il tarixli, AZ-T seriyalı, № 033583 saylı nikahın haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı 10.11.2006-cı il tarixdə 21 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada Məmmədova soyadı verilmişdir. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 14.01.2015-ci il tarixli, 2(014)- 16/2015 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh 26 noyabr 2014cü il tarixdən başlayaraq 29 sentyabr 2008-ci il tarixdə anadan olmuş X1 və 21 yanvar 2013-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər bir uşaq üçün 80 (səksən) manat alimentin tutularaq X3 verilməsi, Cavabdeh 10 (on) manat dövlət rüsumunun alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin birgə nikah münasibətlərindən 29 sentyabr 2008-ci il təvəllüdlü X5 və 21 yanvar 2013-cü il təvəllüdlü X4 anadan olmuş, sonradan tərəflərin münasibətləri pozulmuş və onlar həmin vaxtdan ayrı yaşamışlar, Ağdaş Rayon Məhkəməsinin 14.01.2015-ci il tarixli, 2(014)-16/2015 saylı qətnaməsi ilə 29 sentyabr 2008-ci il təvəllüdlü X5 və 21 yanvar 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 80 (səksən) manat sabit pul məbləğində alimentin 26 noyabr 2014-cü il tarixdən başlayaraq alınıb iddiaçı Səlimova (Məmmədova) Tünzalə Asim qızına verilməsi qət edilmişdir. Hazırda iddiaçı övladı barəsində Ağdaş Rayon Məhkəməsi tərəfindən təyin edilmiş alimentin miqdarının artırılaraq cavabdehdən 193 manat məbləğində alimentin tutulmasını tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Eyni Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmçinin, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda məhkəmə uşağın mənafeyini, onun saxlanması üçün cavabdehdən bir uşaq üçün 80 manat miqdarında alimentin tutulmasını hazırkı dövrdə kifayət etmədiyini və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli və alimentin məbləği artırılaraq bir uşaq üçün 125 manat məbləğində müəyyən edilməlidir. İddiaçının daha yüksək məbləğdə aliment tələb etməsi ilə bağlı isə məhkəmə razılaşmır. Belə ki, işin materialları ilə müəyyən edilir ki, iddiaçı hazırda işləyir və 436 manat əmək haqqı alır. Əksinə, cavabdeh işləmir və 5800 manat aliment borcu yığılmışdır. Belə olan halda isə daha yüksək məbləğdə alimentin müəyyən edilməsi sadəcə formal xarakter daşımış olacaq və icrası cavabdeh tərəfindən mümkünsüz olacaq. Uşaqları saxlamaq hər iki valideynin öhdəliyi olduğundan, məhkəmə hesab edir ki, uşaqların saxlanması üçün minimum vəsaitin qlan hissəsi iddiaçının özünə aid edilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh ilə Səlimova (Məmmədova) Tünzalə Asim qızının birgə nikahlarından anadan olmuş 29 sentyabr 2008-ci il təvəllüdlü X5 və 21 yanvar 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 125 (yüz iyirmi beş) manat olmaqla, cəmi 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment alınaraq Səlimova (Məmmədova) Tünzalə Asim qızına verilməli, miqdarı dəyişdirilmiş alimentin tutulması, bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, ilkin mediasiya sessiyası zamanı iddiaçı Səlimova (Məmmədova) Tünzalə Asim qızının ödədiyi pulun 30 manatı Cavabdeh tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən məhkəməyə verilən qiymətləndirilən iddia ərizəsinə görə dövlət rüsumunun dərəcəsi iddia qiyməti 1000 manatadək olduqda 30 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddianın qiyməti 1000 manatdan aşağı olduğundan iddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh ilə Səlimova (Məmmədova) Tünzalə Asim qızının birgə nikahlarından anadan olmuş 29 sentyabr 2008-ci il təvəllüdlü X5 və 21 yanvar 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 125 (yüz iyirmi beş) manat olmaqla, cəmi 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment alınaraq iddiaçı Səlimova (Məmmədova) Tünzalə Asim qızına verilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması, bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. İlkin mediasiya sessiyası zamanı iddiaçı Səlimova (Məmmədova) Tünzalə Asim qızının ödədiyi pulun 30 manatı Cavabdeh tutularaq iddiaçıya ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar