Məhkəmə qərarları › İş №2(014)-507/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-507/2024

25.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-507/2024 25.04.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Fərəcova Gülnarə Kamal qızının katibliyi, İddiaçı BOKT "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Bank olmayan Kredit Təşkilatı İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank olmayan Kredit Təşkilatı İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh əsas borc üzrə 354,96 manat, faiz borcu üzrə 25,54 manat, cərimə borcu üzrə 5,15 manat olmaqla, cəmi 385,65 manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun BOKT "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı BOKT "xxxx" MMC iddiasını onunla əsaslandırmışdır ki, iddiaçı BOKT "xxxx" MMC ilə Cavabdeh arasında 25 iyun 2023-cü il tarixdə bağlanmış AgFQK-3202 saylı Kredit Müqaviləsinə (bundan sonra “Kredit müqaviləsi” adlanacaq) əsasən cavabdehə illik faiz dərəcəsi 27.4% olmaqla 12 ay müddətinə, 0 ay güzəşt müddəti olmaqla, Kredit müqaviləsi üzrə cəmi 500 (beş yüz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə uyğun olaraq, cavabdeh əsas borc və kreditdən istifadəyə görə hesablanmış faiz borcu üzrə Kredit müqaviləsinə 1 saylı Əlavədə göstərilmiş ödəniş cədvəlinə əsasən əsas və faiz borcu üzrə hər ay orta hesabla 48,11 manat olmaqla, cəmi 577,30 manat məbləğində ödəniş etməli olduğu halda, bu günə qədər yalnız 196,80 manat məbləğində əsas və faiz borcu üzrə ödəniş etmişlər. Cavabdehə bu barədə dəfələrlə şifahi və yazılı xəbərdar olunmağına baxmayaraq, yuxarıda göstərilən Kredit müqaviləsinin şərtlərini pozaraq Kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca və vaxtında yerinə yetirməmişdir. Kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən, cavabdeh kreditin ödənilməsi üzrə öhdəliyi vaxtında yerinə yetirmədiyi və cədvəldə göstərilən kreditdən istifadəyə görə faizi və krediti ödəmədiyi təqdirdə, cavabdeh iddiaçının xeyrinə gecikdirmiş əsas məbləğin 0.1 %-i məbləğində dəbbə pulunu (cəriməni) hər yubanma günü üçün ödəməyə cavabdehdir. Belə ki, 05 Fevral 2024cü il tarixli Maliyyə arayışına əsasən Kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyən cavabdehin bu günə əsas borc üzrə 354,96 manat, faiz borcu üzrə 25,54 manat və cərimə üzrə 5,15 manat olmaqla, cəmi 385,65 manat məbləğində borcu yaranmışdır. Məhkəmə iclasında iddiaçı BOKT "xxxx" MMC-nin nümayəndəsi X2 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehlərin məhkəmə iclasına gəlməmələrini üzrsüz hesab edir və işə onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısının izahatını dinəyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan BOKT "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 25 iyun 2023-cü il tarixli, AgFQK-3202 saylı kredit müqaviləsinə əsasən MMC Cavabdeh 12 ay müddətinə illik 27,4 % faiz ödənilməsi şərti ilə 500 manat məbləğində kredit vermişdir. İş materiallarında olan BOKT "xxxx" MMC tərəfindən verilmiş 228/QK saylı, 05 fevral 2024-cü il tarixli maliyyə arayışından görünür ki, BOKT "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 25 iyun 2023-cü il tarixli, AgFQK-3202 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 05 fevral 2024-cü il tarixə ümumi borcu 385,65 manat təşkil edir. İş materiallarında olan BOKT "xxxx" MMC tərəfindən Cavabdeh göndərilmiş 15 yanvar 2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, BOKT "xxxx" MMC borcalana 25 iyun 2023-cü il tarixli, AgFQK-3202 saylı kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri icra etmədisi üçün ona xəbərdarlıq etmişdir. Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsində göstərilir ki, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsidə vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsində göstərilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsində göstərilir ki,əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsində göstərilir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsində göstərilir ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Bildiriş məktubundan görünür ki, BOKT "xxxx" MMC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Ödəniş qəbzindən görünür ki, 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Qanunun 8.1.1-ci maddəsində qeyd edilir ki, iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh kredit müqaviləsi üzrə iddiaçı BOKT "xxxx" MMC-yə olan borcunu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, Cavabdeh 25 iyun 2023-cü il tarixli, AgFQK-3202 saylı kredit müqaviləsinə əsasən 354,96 manat əsas, 25,54 manat faiz, 5,15 manat cərimə olmaqla, cəmi 385,65 manat borc, həmçinin 30 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı BOKT "xxxx" MMC-yə ödənilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 25 iyun 2023-cü il tarixli, AgFQK-3202 saylı kredit müqaviləsinə əsasən 354,96 manat əsas, 25,54 manat faiz, 5,15 manat cərimə olmaqla, cəmi 385,65 manat borc, həmçinin 30 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı BOKT "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apellyasiya şikayət verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar