Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-511/2022 23.05.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Qarayev Orxan Sərxan oğlunun katibliyi İddiaçı Cavabdeh qarşı «borcun məcburi qaydada alınması» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «borcun məcburi qaydada alınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdaş rayon Şıxlı kəndində doğulmuş, Ağdaş rayon Şıxlı kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh 1860 (bir min səkkiz yüz altmış) manat borcun və dövlət rüsumu hesabına ödənilmiş 39 manat pulun, cəmi 1899 manat pulun məcburi qaydada alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 02 avqust 1971-ci ildə Ağdaş rayon Cardam kəndində anadan olmuşdur. Cavabdeh Ağdaş rayon Şıxlı kəndində yaşayır. Demək olar ki, bir -birilərini 2-3 ildir ki, tanıyırlar. Cavabdeh qəssablıq fəaliyyəti ilə məşğul olur. Cavabdeh 2021-ci ilin yanvar ayında onunla görüşüb cəmi 2470 manat dəyərində 2 baş erkək dana lazım olduğunu həmin danaları aparıb kəsib satdıqdan sonra pulunu verəcəyini bildirmişdir. Cavabdeh əvvəlcədən tanıdığı üçün və əvvəllərdə aralarında belə alış veriş olduğu üçün ona etibar edərək 2 baş erkək dananı nisyə şəkildə 2470 manat qarşılığında vermişdir. Aralarında olan razılığa əsasən o 2470 manat dəyərində 2 baş erkək dananı Cavabdeh 1 həftəlik borc vermişdir. Cavabdeh əvvəlcədən tanıdığı üçün ona etibar etmişdir. Onun borclu olduğu pulu qaytarması barədə ondan borcu olmasına dair qəbz almamışdır. Cavabdeh həmin gün onun yanına sürücü ilə gələrək ona aldığı danaların pulunu 1 həftə ərzində satan kimi qaytaracağına söz vermişdir. Lakin aradan 1 ay keçəndən sonra cavabdeh həmin puldan 610 manat qaytarmış, qalan 1860 manat borcunu qaytarmamışdır. Dəfələrlə cavabdehə zəng etməyinə baxmayaraq ona pulu qaytaracağını deyib çeşidli bəhanələrlə aldatmışdır. Həmin vaxtdan bir il keçməsinə baxmayaraq Cavabdeh aldığı heyvanın pulunu tam qaytarmamış və qalıq pulu hər dəfə onu fərqli bəhanələrlə aldadaraq qaytarmaqdan boyun qaçırmışdır. Özünə təcili pul lazım olduğundan bir neçə dəfə cavabdehdən ona borclu olduğu pulunu geri istəmiş, lakin həmin 1860 manat pulu qaytarmaqdan könüllü olaraq yayınmışdır. Cavabdeh ona borclu olduğu 1860 manat pulu könüllü olaraq qaytarmaqdan yayındığından aralarında yaranmış mübahisə məhkəmə qaydasında həll edilməlidir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq təyin olunmuş məhkəmə iclaslarında ölkə xaricində olacağı üçün iştirak edə bilməyəcəyini, iddiasını müdafiə etdiyini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddiaçının ərizəsini nəzərə alıb, iş matеriallarını tədqiq еdərək hеsab еdir ki, iddia təmin еdilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Polis Şöbəsi tərəfindən verilmiş 18.03.2022-ci il tarixli D/132-6600-1222 saylı Cavabdeh izahatından məlum olur ki, o Ağdaş rayon Şıxlı kəndində ailəsi ilə birlikdə yaşayır. Yazıb bildirir ki, 07.01.2021-ci il tarixdə Ağdaş rayon Cardam kənd sakini İddiaçı ümumi dəyəri 2470 manat olan 2 ədəd iri buynuzlu heyvan almışdır. Həmin puldan 260 manatını ödəmiş, yerdə qalan 2210 manatı isə 2 iyuna verəcəyi barədə söz vermişdir. Lakin həmin müddət çatdıqda o həmin pulu qaytarmamış, qısa müddətdə borcunu geri qaytaracağına söz vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Polis Şöbəsi tərəfindən verilmiş 23 yanvar 2021-ci il tarixli 13/132-1107R-3221 saylı məktubdan məlum olur ki, İddiaçı tərəflərindən aparılmış araşdırma zamanı materialda cinayət və ya inzibati xəta tərkibi olmadığı müəyyən olunmuşdur. Qeyd edilən xüsusatlarla bağlı aidiyyatı üzrə rayon məhkəməsinə rəsmi olaraq müraciət edə biləcəyi bildirilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh İddiaçı 1860 AZN məbləğində pul borcu vardır. İddiaçı Cavabdeh verdiyi pulu geri istəsə də, cavabdeh borcunu qaytarmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci mаddəsinə əsаsən, fiziki və hüquqi şəхslər mülki hüquqlаrı öz mənаfеlərini gеrçəkləşdirmək üçün irаdələrinə uyğun оlаrаq əldə еdir və həyаtа kеçirirlər. Оnlаr müqаvilə əsаsındа öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qаnunvеriciliyə zidd оlmаyаn hər hаnsı müqаvilə şərtləri qоymаqdа sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. AR MM: 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. 529.2. Öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. 529.3. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. AR MM: 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1860 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Ödənilmiş 39 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən cavabdehdən dövlət rüsümu tutularaq iddiaçıya qaytarılmalıdır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220-ci madələrini rəhbər tutaraq QƏT ЕTDİ: İddiа təmin еdilsin. Cavabdeh 1860 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə verilsin. Ödənilmiş 39 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən bir ay müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) məhkəməsinə apellyasiya şikayət verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №2(014)-511/2022
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-511/2022
23.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver