Məhkəmə qərarları › İş №2(014)-534/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-534/2024

25.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-534/2024 25.04.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Fərəcova Gülnarə Kamal qızının katibliyi, İddiaçı, Cavabdeh X4 iştirakları ilə, İddiaçı cavabdeh X5 qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X5 qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ağdaş Rayon Məhkəməsinin 2(014)-774/2015 saylı, 25 may 2015-ci il tarixli qətnaməsinə əsasən cavabdeh X1 21 iyul 2011-ci il təvəllüdlü X6 və 03 mart 2013-cü il təvəllüdlü X2 18 yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün qət edilmiş 75 manat, ümumilikdə 150 manat alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 235 manat olmaqla ümumilikdə 470 manat məbləğində alimentin cavabdeh X1 tutularaq onun xeyrinə verilməsi, mediasiya üçün ödənilmiş 50 manat rüsumun X1 tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh X4 birgə nikahlarından 21 iyul 2011-ci il təvəllüdlü X6 və 03 mart 2013-cü il təvəllüdlü X7 doğulmuşdur. Ağdaş Rayon Məhkəməsinin 2(014)-774/2015 saylı, 25 may 2015-ci il tarixli qətnaməsi ilə 21 iyul 2011-ci il təvəllüdlü X6 və 03 mart 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün hər ay hər uşaq üçün 75 (yetmiş beş) manat, ümumilikdə 150 (bir yüz əlli) manat məbləğində alimentin tutulması qət edilmişdir. Belə ki, uşaqlar böyüdüyündən onların xərcləri də artmışdır. Cavabdeh uşağın saxlanmasında əlavə olaraq maddi köməklik göstərmir. Uşaqların saxlanmasında maddi çətinlik çəkir. Ancaq bugünədək cavabdeh alimentdən savayı uşaqları ilə maraqlanmamış və heç bir maddi yardım göstərməmişdir. Məhkəməyə müraciət etməzdən əvvəl qarşı tərəfə mediasiya prosesinin tətbiqi barədə təklif göndərmiş, bundan sonra Mediyasiya Şurasına müraciət etmiş, lakin cavabdehlə mediyasiya qaydasında mübahisələrini həll edə bilməmişlər. Mediasiya xərcləri iddiaçı tərəfindən tam şəkildə ödənilmişdir. Buna görədə hesab edir ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-774/2015 saylı, 25 may 2015-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılmalı hər ay cavabdehdən hər ay yetkinlik yaşına çatmayan uşaqların saxlanmları üçün 235 (iki yüz otuz beş) manat olmaqla, ümumilikdə 470 (dörd yüz yetmiş) manat aliment tutulmalıdır. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, cavabdeh tərəfindən məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment hər ay vaxtı-vaxtında ödənilir. Lakin uşaqlar 13 və 11 yaşlarında olduğundan müəyyən edilmiş qətnamə onların tələbatlarının təmin edilməsi üçün kifayət etmir. Belə ki, özü əvvəllər atasıgillə yaşamış, sonradan isə işə girmiş və uşaqları üçün kreditlə iki otaqlı ev almışdır. Hazırda özü işləyir, lakin kredit borcu olduğundan 610 manat əmək haqqından 410 manatını kredit ödənişi edir. Buna görə də qalan vəsait ilə uşaqların saxlanılmasında çətinlik çəkir. Uşaqların ataları ilə görüşməsinə heç bir etirazı yoxdur. Lakin cavabdeh uşaqları ilə görüşmür. Odur ki, qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh X8 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. Belə ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti vaxtı-vaxtında ödəyir. Özü tək yaşayır və maddi imkanı yaxşı deyil. İddiaçı isə özü işləyir və yüksək məbləğdə əmək haqqı alır. Səhhətində problem olduğundan gedib uşaqları görə bilmir. Odur ki, qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan Ağdaş RİHB-nın Pirkəkə kənd icra nümayəndəliyi tərəfindən verilmiş 05 dekabr 2014-cü il tarixli, AZ-İİİ № 435177 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 21 iyul 2011-ci il tarixdə Göyçay şəhərində doğulmuş, atası X8, anası İddiaçıdır. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05 dekabr 2014-cü il tarixli, AZ-İİİ № 435178 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 03 mart 2013-cü il tarixdə Ağdaş şəhərində doğulmuş, atası X8, anası İddiaçıdır. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 2(014)-774/2015 saylı, 25 may 2015-ci il tarixli qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, Ağdaş Rayon Məhkəməsinin 2(014)-1084/2014 saylı, 18 sentyabr 2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması, xx xxxxx 1980-cı il tarixdə Ağdaş rayonu, Pirkəkə kəndində anadan olmuş, cavabdeh X1 20 aprel 2015-ci il tarixdən başlayaraq 21 iyul 2011-ci il təvəllüdlü X6 və 03 mart 2013-cü il təvəllüdlü X2 18 yaşına çatanadək saxlanılmaları üçün İddiaçı xeyrinə hər ay hər uşaq üçün 75 manat alimentin tutulması, X1 iddianın təmin edilmiş hissəsinə münasib olaraq 20 manat dövlət rüsumunun alınaraq, Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. İşə əlavə edilmiş 09 mart 2024-cü il tarixli X3 1 saylı Mediasiya Təşkilatının ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan məlum olur ki, “alimentin miqdarının artırılması tələbi” mübahisəsi üzrə 09 mart 2024-cü il tarixində saat 10:00-da tərəflər iştirak etmişlər. Lakin prosesin davam etdirilməsi barədə qərar qəbul etməmişlər. İddiaçı ilkin mediyasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci təkbaşına ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin birgə nikah münasibətlərindən 21 iyul 2011-ci il təvəllüdlü X6 və 03 mart 2013-cü il təvəllüdlü X7 doğulmuş, Ağdaş Rayon Məhkəməsinin 2(014)-774/2015 saylı, 25 may 2015-ci il tarixli qətnaməsi ilə cavabdeh X1 20 aprel 2015-ci il tarixdən başlayaraq, 21 iyul 2011-ci il təvəllüdlü X6 və 03 mart 2013-cü il təvəllüdlü X2 18 yaşına çatana qədər saxlanılması üçün İddiaçı xeyrinə hər ay hər uşaq üçün 75 (yetmiş beş) manat alimentin tutulması qət edilmişdir. Hazırda iddiaçı Ağdaş Rayon Məhkəməsi tərəfindən təyin edilmiş alimentin miqdarının artırılaraq cavabdehdən himayəsində olan hər uşaq üçün 235 manat məbləğində alimentin tutulmasını tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmçinin, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda məhkəmə uşaqların mənafeyini, onlarla bağlı olan məsrəfləri nəzərə alaraq onların saxlanmaları üçün cavabdehdən hər uşaq üçün 75 manat miqdarında alimentin tutulmasını hazırkı dövrdə kifayət etmədiyini və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli və alimentin məbləği artırılaraq hər ay hər uşağa görə 140 manat məbləğində müəyyən edilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8- 2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, X8 ilə İddiaçı birgə nikahlarından doğulmuş 21 iyul 2011-ci il təvəllüdlü X6 və 03 mart 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdeh X1 hər ay hər uşaq üçün 140 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməli, miqdarı dəyişdirilmiş alimentin tutulması, bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, İMS-nın keçirilməsi üçün ödənilən 50 (əlli) manat mediasiya xərci cavabdehdən tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat, 1.000 manatdan yuxarı olan iddia qiymətinin isə 1 faizi 30 manat əlavə olunmaqla dövlət rüsumu tutulur. Məhkəmə hesab edir ki, iddianın qiyməti 3360 manat olduğundan iddiaçının ödəməkdən azad edildiyi 53,60 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. X8 ilə İddiaçı birgə nikahlarından doğulmuş 21 iyul 2011-ci il təvəllüdlü X6 və 03 mart 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdeh X1 hər ay hər uşaq üçün 140 (yüz qırx) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması, bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. X1 53,60 (əlli üç manat, altmış qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. İMS-nın keçirilməsi üçün ödənilən 50 (əlli) manat mediasiya xərci cavabdehdən tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar