Məhkəmə qərarları › İş №2(014)-544/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-544/2021

09.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-544/2021 09.04.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi İddiaçı və vəkili Vəkil Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı Pul tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 63000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh 14 ildir ki, tanıyır, onlar qonşu olmuşlar. Yaxın münasibətlərdə olmaqla bərabər bir-birilərinə hörmətlə yanaşmışlar. Cavabdeh ondan bir qonşu kimi köməklik istəmişdir, belə ki,cavabdeh Bakı şəhərində olan evini hazırda sata bilmədiyi üçün pula ehtiyacı olduğunu bildirmiş, onun ev almaq üçün əlində olan 63000 manat pulu müəyyən müddətə ona borc kimi verməyi xahiş etmişdir. Həmçinin cavabdeh bildirmişdir ki, Bakıda olan evini sataraq ona olan borcunu tam şəkildə ödəyəcəkdir. Hətta cavabdeh əlində olan çıxarışı ona göstərmiş, ən geci 2019-cu ilə qədər bu pulu qaytarmağa söz vermişdir. O, 63000 manat pulu cavabdehə nağd olaraq sayıb vermişdir. Pul məbləğinin çox olmasına görə o, məcbur qalaraq iddiaçıdan rəsmi iltizam da almışdır. Əvvəlcə o, özü bu işlərə tərəddüd etsə də, ancaq iltizamı yəni qəbzi cavabdehin öz dəsti xətti ilə yazmış olduğu qəbzi cavabdehdən götürmüşdür. Cavabdehin həyat yoldaşı İlqar ona bir neçə dəfə pulu qaytaracağına söz vermişdir. O, cavabdehə pulu verəndən sonra,yəni müəyyən olunan müddət keçdikdən bir neçə ay sonra pulunu qaytarmağı cavabdehdən dəfələrlə xahiş etmişdir. Ancaq nəticəsi olmamışdır. O, xəstə adamdır. Ev almaq üçün nəzərdə tutulan pulu cavabdeh və onun həyat yoldaşı tərəfindən mənimsənilmişdir. Sonradan bilmişdir ki, cavabdeh özünə aid olan evi satmış, pulunu isə dağıtmışdır. Bu prosseslərdən sonra o, artıq verdiyi pulun müqəddəratı ilə maraqlanmışdır. O, hazırkı iddia ilə məhkəməyə müraciət edərək cavabdehdən pulunu istəyir. Çünki bu pul onun haqqıdır, onun övladının puludur, evinin son əmlakıdır. Hal-hazırda kirayə yaşayır. Çünki cavabdeh və onun yoldaşı onu aldadaraq bütövlükdə əmlakını ələ keçirmişdilər. Hesab edir ki,iddiası əsaslıdır və təmin edilməlidir. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək bildirdi ki, Cavabdeh ilə qonşu olmuşlar. Cavabdehi uzun müddətdir ki, tanıyır. Cavabdeh həyat yoldaşı İlqar Rusiyada avtoqəza törətmiş və ona maddi köməklik lazım idi. Odur ki,cavabdeh maddi köməklik üçün ona müraciət etmişdir.O da, əlində olan 63000 manat pulu cavabdehə borc olaraq birdəfəyə vermişdir. Cavabdehlə aralarında qarşılıqlı hörmət olmuş və o,cavabdehə inanmışdır. Lakin buna baxmayaraq cavabdehə 63000 manata dair iltizam yazdırmışdır. Aradan bir müddət keçdikdə sonra cavabdeh vədinə əməl etməyərək razılaşdırılmış müddətdə ona olan borcunu ödəməmişdir. O,cavabdehə bu barədə müraciət edib,63000 manat borcunu tələb etdikdə,cavabdeh müxtəlif bəhanələrlə borcu qaytarmaqdan imtina etmişdir. Qeyd edir ki, onda cavabdeh tərəfindən 63000 manat borca dair yazılmış iltizamın əsli mövcud olsa da cavabdehə qarşı müvafiq iddia ərizəsi tərtib edərək həmin iltizamın əslini də əlavə etmiş, lakin səhvən həmin iddia və iltizamın əsli cavabdehin yaşadığı ünvana göndərilmişdir. Odur ki,cavabdeh həmin iltizamın əslini məhv etmişdir. Bu barədə poçt xəbərnaməsi də mövcuddur. Məhz buna görə də o, iltizamın əslini təqdim edə bilmir. Lakin məhkəməni əmin edir ki, iltizam cavabdeh tərəfindən öz xətti ilə yazılmış və cavabdeh tərəfindən imzalanmışdır. Cavabdeh ona olan borcuna dair hər hansı məbləğdə pul ödəmişdir,həmçinin qeyd edir ki,cavabdehdən o, 10000 manat pul da almamışdır. Hesab edir ki, iddiası tam əsaslıdır. Odur ki, iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, iddiaçı ilə qonşu olmuşlar. Qeyd edir ki, iddiaçı sələmə pul verməklə məşğuldur. Nə o nə də ki, onun həyat yoldaşı iddiaçıdan 63000 manat pul almamışlar. Həmçinin nə o, nə də ki, onun həyat yoldaşı iddiaçıya borclu olduqları barədə iltizam verməmişlər. İddiaçının məhkəməyə təqdim etdiyi iltizam elə iddiaçının özü tərəfindən onu şərləyərək əsassız iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün tərtib olunmuşdur. İltizamın əslinin olmaması da buna əyani sübutdur. Qeyd edir ki, onun yaşadığı ünvana iddiaçı tərəfindən iddia ərizəsi və hər hansı iltizam göndərilməmişdir. İddiaçının dedikləri tamamilə şər və böhtan xarakterlidir. Onun Bakı şəhərində evi olmamışdır. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, əri avtoqəza törətdiyi üçün 2016-cı ilin aprel ayında iddiaçıdan sələmə 4700 manat pul götürmüşdür. İddiaçıya götürdüyü sələm müqabilində hər 100 manata 15 manat sələm ödəməli idi. Odur ki, o, 2016-cı ildən 2019-cu ilin sentyabr ayına kimi hər ay Məleykəyə sələm faizi olaraq 500-800 manat pul ödəmişdir. 2019-cu ilin sentyabr ayında yaşadığı evi satıb Məleykəyə bir dəfəyə 10000 manat pul ödəmişdir. Həmin borcun 5000 manat hissəsi əsas borca, 5000 manatı isə sələmə hesablanmalı idi. Qeyd edir ki, o,Məleykədən aldığı 4700 manat sələm pul müqabilində 2016-cı ildən 2020-ci ilin iyul ayına qədər 20000 manat pul ödəmişdir. Sonuncu dəfə də iddiaçıya 400 manat pul vermişdir. Odur ki, Məleykədən sələmə aldığı 4700 manat pulu artıqlaması ilə qaytarmışdır. Lakin buna baxmayaraq Məleykə ondan əl çəkməmiş və onu müxtəlif üsul və vasitələrlə şantaj edərək,evində gəlib səs-küy salaraq borcun ödənildiyini,lakin sələmin qaldığını bildirərək, daha artıq pul verməyə sövq etmək istəmişdir.Yəni iddiaçı onun hesabına əsassız varlanmaq istəmişdir. Lakin o, iddiaçıya kəskin şəkildə bildirmişdir ki, ona olan sələm borcunu tamamilə ödəyib qurtarmışdır. Buna baxmayaraq iddiaçı özünün şər və böhtan xarakterli əməllərindən əl çəkməyərək ona qarşı məhkəmədə əsası olmayan iddia qaldırmışdır. Bir daha qeyd edir ki, o, iddiaçıdan 63000 manat pul almamış və hər hansı iltizam və qəbz yazaraq imza etməmişdir. Əgər belə bir iltizam və ya qəbzin əsli varsa məhkəməyə təqdim edilsin və ekspertiza təyin edilsin. Lakin iddiaçının belə bir iltizamın əslinin olmadığını deməsi iddianın əsassız olduğunu göstərir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia rədd edilməlidir. İş üzrə şahid Sevinc Həsənova məhkəmə iclasında bildirdi ki, iddiaçını tanımır,cavabdeh isə onun evini kiarayə götürmüşdür. 2020-ci ilin yay ayında iddiaçı cavabdehin yaşadığı evə gəlib səs-küy salmışdır.Hətta qonşular buna görə polis də çağırmışlar. O,səs-küyə cavabdehin yaşadığı evə getmiş, cavabdehin iddiaçıya sənə bir qəpik də borcum yoxdur çıx get dediyini eşitmişdir, həmçinin iddiaçıdan nəyə görə səs-küy saldığını soruşmuşdur. Lakin iddiaçı ona məhəl qoymadan sualına hər hansı cavab verməyərək çıxıb getmişdir. İddiaçı çıxıb gedəndən sonra qonşular iddiaçının Məleykə Hüseynaovanın Cavabdeh sələm faizini tələb etdiyini eşitmişdir. İş üzrə şahid Marusya Cəfərova məhkəmə iclasında bildirdi ki, cavabdehin həyat yoldaşı İlqarla Rusiyada bir yerdə işləmişdir. Həmçinin cavabdeh Səidə onun bacısının qonşusu olmuşdur. Cavabdeh iddiaçıdan 2016-cı ildə 5000 manata yaxın sələmə pul götürmüşdür. Bildiyinə görə cavabdeh hər ay iddiaçıya sələm faizi ödəyirdi. Sələm borcunu ödəyib qurtarmaq üçün 2019-cu ildə cavabdeh evini sataraq 10000 manat iddiaçıya pul vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən iltizamın surətindən görünür ki, Cavabdeh İddiaçı 2017-ci ilin iyul ayında 63000 manat borc almış, həmin pulu 2019-cu ilin fevral ayının sonuna qədər qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 89.4-cü maddəsinə əsasən sənədlərin əsli qanunlara və ya digər normativ hüquqi aktlara müvafiq olaraq, işin halları ancaq bu cür sənədlərlə təsdiq edildikdə və ya məhkəmənin tələbi ilə digər zəruri hallarda təqdim edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 89-cu maddəsinə əsasən irəli sürülmüş tələbi təsdiq etmək üçün məhkəməyə sənədlərin əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim olunmalıdır. İddiaçının isə öz tələbini əsaslandırmaq üçün təqdim etdiyi sənəd kserosurətdən ibarətdir. Belə ki, məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübutetmə hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhz iddiaçı cavabdehin ona 63000 manat borclu olmasını sübut etməlidir. İddiaçı tərəfindən isə cavabdehin ona borclu olmasını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə (iltizamın əslinin cavabdeh tərəfindən məhv edilməsi əsası irəli sürülərək) iltizamın surəti təqdim edilmişdir. Cavabdeh tərəf isə hər hansı iltizama imza etmədiyini,belə bir halın yaşanmadığını bildirmişdir. Cavabdeh tərəf iddiaçının irəli sürdüyü bu halı etiraf etmədiyi halda iddiaçı tərəf öz iddiasının əsaslarını mötəbər sübutlarla əsaslandırmağa borcludur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əgər iddiaçı tərəfindən iltizamın əsli məhkəməyə təqdim edilə bilsəydi məhkəmə tərəfindən məhkəmə-xətşünaslıq ekspertizası təyin oluna bilər və xüsusi bilik tələb edən suallara aydınlıq gətirilə bilərdi. İddiaçının öz izahatında bildirdiyi kimi iltizamın məhv edilməsi əsası ilə iltizamın əslinin təqdim edilmədiyi halda isə yaranmış bütün şübhələr yalnız cavabdehin xeyrinə həll olunmalıdır.Cavabdeh tərəf iddiaçıdan 2016-cı ilin aprel ayında 4700 manat sələmə pul götürdüyünü və artıqlaması ilə ödədiyini bildirsə də,iddiaçı tərəf 4700 manat pulu deyil,2017-ci ildə iddiaçıya birdəfəyə vermiş olduğu 63000 manat borc pulu mübahisələndirir. Məhkəmə nəzərə çatdırır ki, Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən vətəndaşın sələmə pul vermək hüququ yoxdur. Sələm dedikdə, gəlir əldə etmək məqsədi ilə pulun birbaşa faizə verilməsi başa düşülür. Bu da ancaq bank olmayan kredit təşkilatları, banklar, və lombardlar tərəfindən müqavilə əsasında həyata keçirilir. Vətəndaşların isə faizə pul verib, müqavilə bağlamaq səlahiyyətləri yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbi haqqında iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar