Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-586/2022 11.05.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək bildirdi ki, xx.xx.1991-ci ildə Yevlax şəhərində anadan olmuşdur, ali təhsillidir. Hazırda Mingəçevir şəhərində yaşayır. Samux rayonu Salahlı kənd ümumi orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyir. 2021-ci ilin sentyabr ayından dekabr ayına qədər Cavabdeh adlı mühərrik ustasının qanunazidd, qeyri-insani hərəkətləri nəticəsində idarə etdiyi nəqliyyat vasitəsi demək olar ki, yararsız vəziyyətə düşmüş, həmin avtomobilin təmiri üçün kifayət qədər maddi vəsait xərcləmiş, lazımsız yerə vaxt itirmiş və nəticədə ona maddi ziyan vurulmuşdur. 2021-ci ilin aprel ayında buraxılış ili 2011-ci il olan dövlət qeydiyyat nişanı **-VD-*** olan Chevrolet Cruse markalı avtomobil almışdır. Həmin ilin sentyabr ayının 29-da işdən evə qayıdan zaman maşın nasaz işləmiş və xarab olmuşdur. Elə həmin vaxt maşını evakuator xidmətinin köməyi ilə Mingəçevir şəhərinə gətirmiş, Rəşad adlı tanışı və atası Süleymanov Abbasla birgə məsləhətləşmiş və tanışı Rəşad maşını Natiq adlı ustaya aparmağı məsləhət görmüşdür. O, Natiq ustanı əvvəllər tanımamış, onunla heç bir tanışlığı olmamışdır. Maşını Natiq ustanın yanına gətirmiş, maşını şəxsən özü sürüb yoxlamış və maşının mühərrikinin sökülməli və yenidən yığılmalı, görüləsi işlər üçün əl haqqı isə 300 manat edəcəyini bildirmişdir. Onlar razılaşmış, elə həmin vaxt o, Natiq ustadan bununla problemin həll olunacağını soruşmuş, o, da tam arxayın ol, düzəldəcəm demişdir. Bundan sonra, usta lazımi ehtiyat hissələrini yazaraq həmin ehtiyat hissələrinin alınıb ona verilməsini bildirmişdir. O, da öz növbəsində həmin ehtiyat hissələrini almağı Rəşada həvalə etmiş, çünki Rəşad Mingəçevir-Bakı arasında maşın sürür. Beləcə, işə başlamış və mühərrikin blok və qalovka adlı hissəsini yonmuşdur. 02.10.2021-ci ildə Natiq usta ona mator tam yığılmalıdır, heç bir problem olmayacağını, tam arxayın olmağını bildirmişdir. O, maşını götürmüş və danışdıqları 300 manat əl haqqı və əlavə olaraq 10 manat elektrik pulu vermişdir. Maşını sürərək işə getmiş, yolda maşında problemlər yaranmış, antifriz axmışdır. Dərhal Natiq ustanın özünə bildirmiş, özü də baxıb patrufkadandır və düzələcəyini bildirmişdir. Yenidən maşını onun işlədiyi sexə gətirmişdir. Həmin vaxt yenidən əlavə ehtiyat hissələri də almış və Natiq maşını düzəltməyə başlamışdır. Bir həftə sonra eyni problem yaranmış, yenə də antifriz axmışdır. Həmin vaxt Natiq Mingəçevir şəhərində “arxa yol” adlanan yerdə işləyirdi. O, ustaya maşın düzəlmir axı, mən uzaq yola çıxıram, daim yollarda oluram, həyatım təhlükədə olur, xahiş edirəm bu maşını birdəfəlik düzəlt dediyi zaman, usta bu dəfə də mühərrikin başqa bir hissəsini düzəltmiş və 55 manatlıq ehtiyyat hissələri aldırmışdır. 17.10.2021-ci il tarixdə o, yola çıxmış, həmin vaxt Gəncədən müəllim yoldaşlarını da götürmüşdür. Salahlı kəndinə 15 km qalmış maşın yenidən xarab olmuş, maşının kapotunu qaldıran kimi tüstü-duman, səs-küy bir-birinə qarışmış və maşın sönmüşdür. Həmin vaxt iş yoldaşları da şahid olmuşlar ki, o nə qədər sarsıntı və əsəb keçirmiş, işə gecikmiş və sair neqativ hallar yaşamışdır. Sonra atası evakuatorla gəlmiş və yenidən maşını Natiqin yanına aparmışlar. Maşın 10 gün Natiqin yanında qalmış, həmin vaxtlarda Natiq ona əlavə ehtiyat hissələri aldırmışdır. Natiq ona matorun blokunun çatladığını, öz günahı olduğunu, onu üzürlü saymasını, narahat olmamasını, özü maşını düzəldəcəyini bildirmişdir. Natiq yenidən qalovkanı yonmuş və ondan 25 manat almışdır. Bütün bunlara rəğmən maşın tam düzəlməmiş, səs-küylü işləmiş, tamamilə nasaz vəziyyətdə olmuşdur. Artıq bundan sonra, maşını Pərvin adlı başqa bir ustaya özü aparmış və elektrik sistemində müəyyən problemin olduğunu bildirmiş, Pərvin isə turbo və zaslonkasında da problemlərin olduğunu bildirmişdir. 30.10.2021-ci il tarixdə Natiq ona zəng edərək “mən artıq heçnə edə bilmərəm” demiş və İsa adlı ustanın yanına aparmış, hətta “İsanın da əl haqqısını özüm ödəyəcəm” demişdir. O, da “İsa matoru sökdüyü zaman əlavə ehtiyat hissəsi ala biləcəksənmi” soruşmuş, Natiq isə onunla razılaşmamışdır. Sonradan fikrini dəyişərək İsanın 250 manat əl haqqı və digər xərcləri borc şəklində qaytaracağını bildirmişdir. Elə həmin vaxt 250 manat pulu Natiq ona vermişdir. İsa adlı usta işə başlamış və digər xoşagəlməz məqamlar da ortaya çıxmışdır. İsa usta mühərriki sökdüyü zaman aydın olmuşdur ki, maşının katalizatoru yerindən çıxarılıb, halbu ki, Natiq ilk dəfə mühərriki sökdüyündə atasına katalizatorun yerində olduğunu demişdir. İsa 1060 manat məbləğində əlavə ehtiyat hissələri aldırmış və maşın İsanın yanında 1 aydan çox qalmışdır. O, elə həmin vaxt Natiqə artıq 1300 manat xərci çıxdığını bildirmiş, Natiq isə narazılıq etməyə başlamış və həmin pulu qaytarmayacağını demişdir. 14.12.2021-ci il tarixdə İsanın əl haqqı və bəzi xırda ehtiyat hissələri ilə birgə 290 manat vermiş, 20 manat da Pərvin ustaya vermişdir. Hal-hazırda maşında turbo, zaslonka, su bakı, bəzi şlanklar və bəzi digər hissələr dəyişdirilməlidir ki, maşın normal vəziyyətdə işləsin. Hazırda o, öz nəqliyyat vasitəsindən istifadə edə bilmir. O, Natiq ustaya bu məsələni öz aralarında həll etməyi təklif etsə də, onun bütün cəhdlərinə baxmayaraq Natiq razılaşmamış, belə olduqda o, problemi hüquqi müstəvidə həll etmək qərarına gəlmişdir. 2021-ci ilin dekabr ayında o, Cavabdeh qanunsuz əməlləri barədə Mingəçevir şəhər Polis Şöbəsinə rəsmi şikayət ərizəsi ilə müraciət etmiş, Polis şöbəsində işi araşdıran təhqiqatçı həm Natiqdən, həm də ondan izahat almışdır. Natiq Polis şöbəsində verdiyi ifadəsində məsələni etiraf etsə də, yenə də ona vurduğu maddi ziyanı ödəməkdən boyun qaçırmış, yekunda təhqiqatçı belə bir qərar qəbul etmişdir ki, bu iş mülki xarakterlidir və məhkəməyə iddia ərizəsi verməklə həll olunmalıdır. Məhkəməyə müraciət etməzdən əvvəl Mingəçevir şəhərində fəaliyyət göstərən "xxxx" MMC-yə və şəxsən onun rəhbəri Ələddin adlı mütəxəssisə müraciət edərək ona dəymiş ziyanla və təmir olunacaq xərclərlə bağlı qiymətləndirmə aktı lazım olduğunu bildirmiş, Ələddin isə israrla ona yalnız dəyişdirilməli olan ehtiyat hissələri və onların dəyişdirilməsi üçün xidmət haqqına dair akt tərtib edə biləcəyini demişdir. Bu səbəbdən də ona dəymiş maddi ziyanın konkret məbləğini özü tərtib etmişdir. 01.10.2021-ci il tarixdə qalovkanın yuyulması üçün 30 manat, blokun yonulması üçün 30 manat, qalovka və blokun yuyulması üçün 40 manat, 2 ədəd praklatka üçün 60 manat, koltsa komplekt üçün 100 manat, arxa salnik üçün 35 manat, qabaq salnik üçün 20 manat, klapan salnik üçün 30 manat, bütövlükdə termostat üçün 65 manat, mühərrikin sep dəsti üçün 120 manat, germetika üçün 9 manat, yağ üçün 50 manat, antifriz üçün 15 manat, digər xırda xərclər üçün 15 manat, nəqliyyat xərclər üçün 30 manat, ümumilikdə 649 manat, 07.10.2021-ci ildə patrufka üçün 15 manat, nəqliyyat xərci üçün 25 manat, 16.10.2021-ci ildə məhərrikin kitab adlı hissəsi üçün 55 manat, 18.10.2021 - 01.11.2021-ci il tarixlərdə evakuator üçün 100 manat, praklatka üçün 25 manat, 2 ədəd germetika üçün 18 manat, patrufka üçün 20 manat, qabaq krişkanın praklatkası üçün 53 manat, qalovkanın yonulması üçün 25 manat, 01.11.2021-ci ildə porşen üçün 270 manat, praklatka üçün 30 manat, su baçokun şlankı üçün 30 manat, qalofka üçün 680 manat, nəqliyyat xərcləri üçün 80 manat, ustaların əl haqqı üçün Natiqə 330 manat, İsaya 40 manat və Pərvinə 20 manat, ümumulikdə 2530 manat xərc çəkilmişdir. Qeyd etdiyi xərclər artıq xərclədiyi pullardır. Lakin bütün bu xərclərə və görülən işlərə baxmayaraq, bu gün onun avtomobili hələ də normal vəziyyətə gəlməyib, təmir olunmayıb və ümumiyyətlə o, öz maşınını sürə bilmir. Hazırda avtomoilin tam düzəlməsi, normal işləməsi üçün 1550 manata turbo, 1500 manata katalizator, 450 manata Zaslonka, 50 manata mühərrik yağı, 15 manata antifriz alınmalı və ehtiyat hissələrinin dəyişdirilməsi üçün 150 manat xidmət haqqı lazımdır. Bundan əlavə Natiq ustanın belə qanunsuz, əsassız, səhlənkar əməlləri nəticəsində ciddi mənəvi-psixoloci sarsıntı da keçirmişdir. Odur ki, ona vurulan maddi zərər üçün xərclədiyi 2530 manat və xərcləməli olacağı 3715 manat, qiymətləndirmə aktı üçün verdiyi 48.96 manat olmaqla, cəmi 6293.96 manat pulun və 83 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, onun 4 illik matorist təcrübəsi vardır, 3 il şagird olmuş, 1 ildir ki, tək işləyir. Maşını ona Rəşad adlı tanışı gətirib. Maşına baxdığı zaman maşının qızdığını görüb, maşını sökmüş, lazım olan ehtiyat hissəsini Azərə demiş və Azərdə həmin ehtiyat hissəni alıb gətirdikdən sonra maşını təmir edərək Azərə təhvil vermişdir. Ertəsi gün Azər Gəncəyə getmiş, maşın yolda xarab olmuş və zəng edərək maşının qızdırdığını, tüstü çıxdığını bildirmişdir. O, maşına baxdıqdan sonra maşının şlankın cırıldığını və ona görə də maşının qızdırdığını, maşının düzgün işləmədiyini, maşın qızdırdığı üçün blokun partladığını bildirmişdir. Mühərriki yenidən yığan zaman qalovka onun əlində sındığı üçün o, yeni qalovka alaraq Azərə vermiş, maşını İsa adlı ustanın yanına aparmışlar, İsa matoru tam yığaraq təhvil vermişdir. Maşın qızdırdığı üçün zaslonka və turbo sıradan çıxmışdır. O, maşına vurduğu ziyanı ödədiyi üçün Azərə maşını istədiyi ustaya aparmalarını bildirmişdir. O, maşını tam düzəltmiş, Azər maşını yoxlamış, heç bir problem olmamış, sürərək getmişdir. Sonradan maşının qızması nəticəsində şlankın cırılmasının onun gördüyü işə adiyyəti olmamışdır, əgər bir problem olsaydı onun yanında olardı. Maşın trasda qızdırıb, sonra Azər maşını kəndə sürüb. Ona görə də iddia tam əsassızdır və iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia rədd edilməlidir. İş üzrə şahid X3 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, o, İddiaçı yaxın dostudur. Natiqi usta kimi tanıyır. Əvvəllər Natiqin yanında bir neçə dəfə olub, ancaq heç bir problem olmayıb. Natiq maşını düzəltdikdən sonra Azərlə birlikdə sürüb getmişlər, həmin vaxt maşında heç bir problem olmamışdır. Maşın 3 dəfə Natiqin yanına aparılıb, lakin maşına heçnə edə bilməyib. Maşın götürülən zaman və İsa ustaya aparılan zaman maşının yanında olmayıb. İş üzrə şahid X4 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, İddiaçıla yaxın dostdur. O, gəlib görüb ki, maşını söküblər və təmir edirlər. O, maşının sirkələndiyini görüb ustaya maşının belə işləməli olmadığını bildirmişdir. Ustaya pul verilən zaman onların yanında idi. İş üzrə şahid X1 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, matorist işləyir. Sözü gedən maşını əvvəl Natiq adlı usta yığıb. Sonradan maşını onun yanına gətirmişlər, o, maşını diaqnostika etdikdən sonra, maşının matorunda problemlər olduğunu bildirmiş, ona əl haqqı verilmiş və o, maşının matorunu yığmışdır. Maşın qızdırmış, qolovka sınmışdır. O, maşını təmir etdikdən sonra maşın yaxşı vəziyyətdə işləyirdi və katalizator yerində idi. Maşında yaranmış probemlər matorun qızması ilə bağlı olub. İş üzrə şahid X2 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Natiq ona zəng edərək maşın təmir etdiyini, gəlib maşına baxmasını xahiş etmişdir. O, gedib maşına baxdıqda Natiqə maşının motorunda problem olduğunu bildirmiş, Natiq isə başqa ustaya müraciət etməyi məsləhət görmüşdür. İşdə olan Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 02.02.2022ci il tarixli, 158-543859 saylı məktubdan görünür ki, İddiaçı Polis şöbəsinə müraciət ilə bağlı araşdırma aparılmış və ona məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə olunmuşdur. İşdə olan mədaxil qəbzindən görünür ki, Qiymətləndirmə aktının verilməsi üçün 48.96 manat məbləğində rüsum ödənilmişdir. İşdə olan 30.02.2022-ci il tarixli aktın surətindən görünür ki, diaqnostik yoxlama zamanı avtomobilin mühərrikinin yeni təmir olunmasına baxmayaraq təmirə ehtiyacı olduğu aşkar edilmiş, 1550 manat məbləğində turbo, 450 manat məbləğində zaslonka, 1500 manat məbləğində katalizator, 50 manat məbləğində yağ, 15 manat məbləğində antifris dəyişməlidir, təmir xərcinin ümumilikdə 3715 manat təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məclləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. «N.Məmmədovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün 31 yanvar 2006-cı il tarixli qərarında belə qənaətə gəlmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olundu ki, iş üzrə cavabdeh mühərrik ustası kimi üzərinə düşən vəzifəni yerinə yetirmiş, yəni iddiaçının avtomobilinin mühərrikini təmir etmiş, həm cavabdehin, həm də iş üzrə iddiaçının dəvət etdiyi şahid ifadəsi ilə müəyyən olunduğu kimi avtomobil təhvil alınan zaman hər hansı bir problem olmamış, avtomobil təhvil alınan gün iddiaçı avtomobilini özü sürərək aparmış, avtomobildə problem səhəri gün şlanqın cırılması nəticəsində yaranmış, buna görə də avtomobilin mühərriki qızmış, yeni problemlər yaranmış, iş üzrə cavabdeh mühərriki yenidən yığan zaman xətaya yol versə də, həmin xətanın nəticəsini özü aradan qaldırmış, avtomobil başqa bir usta tərəfindən yığılaraq iddiaçıya təhvil verilmişdir. İddiaçı avtomobilinin katalizatorunun yerindən çıxarıldığını iddia etsə də bu barədə sübut təqdim etməmiş, eyni zamanda avtomobilinin katalizatorunun yerindən çıxarıldığını iddia etsə də katalizatorun dəyişdirilməli olması və bunun üçün 1.500 manat xərc tələb olunduğu barədə akt təqdim etmişdir, bu isə onun haqlı olmadığı barədə nəticəyə gəlməyə məhkəməyə əsas verir. Buna görə də iddia rədd edilməli və ödənilmiş dövlət rüsumu iddiaçıların özlərinə aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbi haqqında iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Famil Nəsibov
Məhkəmə qərarları › İş №2(014)-586/2022
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-586/2022
11.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver