Məhkəmə qərarları › İş №2(014)-596/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-596/2021

20.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-596/2021 20.04.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı Pul tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 200 manat pulun, etibarnamə üçün ödənilmiş 11,50 manat pulun, 250 manat mənəvi zərərin və dövlət rüsumu hesabına ödəmiş olduğu 21 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, 31.07.2019- cu il tarixdə mobil telefonuna tanımadığı bir şəxs tərəfindən zəng gəlmiş və həmin şəxs özünü Ağdaş rayonunun Aşağı Qəsil kənd sakini Cavabdeh kimi təqdim etmişdir, 2013-cü ildə onun qəza nəticəsində aldığı bədən xəsarəti ilə əlaqədar sığorta kompensasiya pulunun alınmasında ona hüquqi yardım göstərilməsini xahiş etdi və 1500 (min beş yüz) manat sığorta şirkətindən alınacaq pulun 50 faizini, yəni 750 (yeddi yüz əlli) manatın ona verəcəyini vəd etdi. Odur ki, o, cavabdehlə razılaşıb bunun üçün cavabdehin ona etibarnamə verməli olduğunu izah etdi. Cavabdeh etibarnamə üçün dövlət rüsumunu ödəməyə imkanı olmadığını bildirərək, ondan kömək istəmişdir. Bundan sonra Cavabdeh bir neçə dəfə ona zəng edib onun nə vaxt rayona gələcəyini soruşmuşdur, o, cavabında onun rayona gəlmək imkanı olmadığı üçün cavabdehə bildirmişdir ki, 06.08.2019-cu il tarixdə oğlunun tələbə yoldaşı X1 gələcək, etibarmaməni ona verərsən, Sadiq dərhal etibarnamə üçün dövlət rüsumunun kim tərəfindən ödəniləcəyini soruşaraq bu barədə narahatçılığını bildirmişdir, o, cavabdehə bu barədə narahat olmamağı məsləhət görmüşdür. Sadiq ona aid olan və sığorta şirkətindən alınması nəzərdə tutulan 750 manat pulun ona əvvəlcədən verilməsini istəyəndə o, cavabdehə bunun mümkün olmadığını bildirmişdir. 06.08.2019-cu il tarixdə danışığına uyğun olaraq X2 İsmayılov ilə Ağdaş şəhərində Notariat kontorunun qarşısında görüşüb tanış olduqdan sonra Tural ona zəng edib Cavabdeh rüsumdan başqa da pul istədiyini bildirmişdir, odur ki, o, Sadiqin özü ilə danışmış, pulu nə üçün istədiyini Sadiqdən soruşmuşdur. Sadiq Dağıstan Respublikasına sezon işlərinə getdiyini, evdə körpə uşağı olmasını və ailəsinin ehtiyacları üçün heç olmasa 200 manat ona pul verilməsini xahiş etmişdir, həmçinin Cavabdeh sığorta pulu alınan zaman əvəzini çıxacağını, yəni qaytaracağını bildirmişdir. O, Sadiqin ehtiyac içində olduğunu nəzərə alaraq Turala Sadiqə 200 manat pul verilməsi üçün tapşırıq vermişdir. Bundan sonra həmin tarixdə oğlu Hacıyev Tehranın adına etibarnamə verilmişdir. Verilmiş etibarnamə əsasında 2013-cü ildə baş vermiş avtoqəza nəticəsində Cavabdeh bədən xəsarəti alması ilə əlaqədar bütün lazımı sənədlər müvafiq qaydada toplanaraq sığorta şirkətinə təqdim olunmuş və nəticədə isə sığorta şirkəti tərəfindən rəsmi olaraq bildirilmişdir ki, 1500 manat məbləğində pul Cavabdeh sığorta şirkəti tərəfindən 2013-cü ildə ödənilmişdir. Bundan sonra o, Sadiqlə telefon əlaqəsi saxlayıb, ona qarşı niyə belə hərəkət etdiyini soruşanda cavabdeh ona “aldanmayaydın” deyə cavab vermişdir. Belə olan halda o, ərizə ilə Ağdaş RPŞ-ə müraciət etmişdir və ərizəsi əsasında araşdırma aparılaraq, faktla bağlı toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi barədə qərar qəbul edilərək ona mülki qaydada məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Cavabdeh ona qarşı qanunsuz hərəkətləri nəticəsində onda mənfi psixi reaksiya yaratmış, sıxıntı, sarsıntı və iztirab keçirməyinə səbəb olmuşdur. Belə ki, onun səhətində problemlər vardır və bu uzun müddət ərzində dərman preparatlarını vaxtıvaxtında alıb qəbul edə bilmədiyinə görə mənəvi zərərə düçar olaraq, xəstəliyinin kəskinləşməsi ilə bağlı əzab və əziyyət çəkir. Hesab edir ki,iddiası əsaslıdır, odur ki, iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək bildirdi ki, 31 avqust 2019-cu ildə iddiaçı ona zəng edərək törətdiyi avtoqəzaya görə sığortası oluğunu, qəza nəticəsində aldığı bədən xəsarəti ilə əlaqədar sığorta kompensasiya pulunun yarısının onun olması şərti ilə alınmasında ona yardım edə biləcəyini bildirmişdir. Lakin o, sığorta pulunu aldığını bildirsə də, iddiaçı təkid etmiş və təkrar sığorta ödənişi ala biləcəyini qeyd etmişdir. İddiaçı ilə aralarındakı razılaşmaya əsasən onun iddiaçıya etibarnamə vermək müqabilində iddiaçı ona 200 manat pul verməli idi. Odur ki,iddiaçı ona 200 manat pul vermişdir,etibarnamənin rüsumunu da iddiaçı ödəmişdir. Sığorta kompensasiyasını almaq mümkün olmamışdır. Hesab edir ki, iddia mənəvi zərər hissəsində əsassızdır. Odur ki, iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İşdə olan və məhkəmə iclasında tədiqiq edilən Ağdaş rayon Polis şöbəsinin 22 dekabr 2019-cu il tarixli qərarından görünür ki,İddiaçı müraciəti əssında toplanmış materialda cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmək vəzifəsindən azad edir. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur ki,tərəflər arasında öhdəlik münasibəti mövcud olmuşdur, lakin cavabdeh öz üzərinə götürdüyü öhdəliyi icra etməmişdir, tərəflər arasındakı öhdəlik münasibətləri zərər vurulması əsası ilə əmələ gəldiyi üçün, tərəflər arasında öhdəlik müqaviləsi olmasına hər hansı lüzum yoxdur, həmçinin məhkəmə iclasında iddiaçının cavabdehə 200 manat verməsi,həmçinin cavabdehin adından müəyyən işlər görülməsi üçün cavabdeh tərəfindən verilmiş etibarnamənin rüsumu 11,50 manatın da iddiaçı tərəfindən ödənilməsi müəyyən edilmişdir, belə ki, bunu cavabdeh də məhkəmə iclasında verdiyi izahatında etiraf etmişdir. Qanunvericiliyin tələbinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmək vəzifəsindən azad edir. Lakin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı mənəvi zərərlə bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Bundan əlavə, iddiaçı mənəvi əzab və sarsıntı keçirməsi və bunun cavabdehlərin hüquqazidd hərəkətləri nəticəsində baş verməsi, eyni zamanda mənəvi ziyana məruz qalması və cavabdehlərin hüquqazidd hərəkətləri ilə mənəvi zərər arasında səbəbli əlaqəsinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək cavabdehdən iddiaçının xeyrinə 200 manat pul, 11,50 manat etibarnamə üçün ödənilmiş dövlət rüsumu və məhkəməyə müraciət etmək üçün ödənilmiş 20 manat dövlət rüsumu tutulmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 200 manat,11,50 manat etibarnamə üçün ödənilmiş dövlət rüsumu,20 manat ödənilmiş dövlət rüsumu,cəmi 231,50 manat (iki yüz otuz bir manat əlli qəpik) tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar