Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-601/2022 01.06.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində cavabdeh Mikayıİİı Ədil Natiq oğlu ilə 03 avqust 2021-ci il tarixində icarə müqaviləsi bağlamışdır. İcarə müqaviləsinə əsasən müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilməsinə baxmayaraq, cavabdeh Mikayıİİı Ədil Natiq oğlu 2021-ci il sentyabr ayının əvvəlləri icarə pulunu ödəməli olmuş, lakin həmin ilin sentyabr ayının sonunadək ödəniş olunmamış və buna baxmayaraq, icarəyə verilən ofisdən bütün özünə məxsus əşyalarını götürərək xəbər etmədən yoxa çıxmışdır. İddiaçı dəfələrlə zəng və “whatsapp”la əlaqə saxlayıb məsələni halallıqla, hörmətlə həll etməyə çalışsa da, cavabdeh Mikayıİİı Ədil Natiq oğlu mobil zənglərə cavab verməmiş, “whatsapp” mesajlarını oxuyub cavab verməmişdir. xx.xx.2021ci il tarixində cavabdeh Mikayıİİı Ədil Natiq oğlu çoxsaylı “sms”lərdən sonra cavab olaraq yazılı bildiribdir ki, hal-hazırda pulu olmadığı üçün ona olan borcunu öndəki ayda gətirib verəcək və ya kartına köçürəcəkdir (yəni 2021-ci ilin dekabr ayının sonunadək). Cavabdeh Mikayıİİı Ədil Natiq oğlunun ona 1000 (min) manat borcu var və bu günədək borcunu ona qaytarmayıbdır. Göstərilənlərə əsasən cavabdeh Mikayıİİı Ədil Natiq oğlundan ona 1000 (min) manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla həmin məbləğlərin alınıb verilməsi xahiş olunmuşdur. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq iddianı müdafiə etdiyini və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Belə ki, işin materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 03 avqust 2021-ci il tarixli icarə müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində icarə müqaviləsi bağlanmış, aylıq icarə haqqı 350 manat məbləğində müəyyən edilmişdir. İşin materiallarında olan 04 fevral 2022-ci il tarixli icarə müqaviləsinin ləğvinə dair müqavilənin 3-cü bəndindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində bağlanmış icarə müqaviləsi ləğv edilmiş, tərəflərin biribirinə qarşı heç bir iddiası, şikayəti və tələbi yoxdur. Beləliklə, iş üzrə müəyyən olunmuş faktiki hallardan məlum olur ki, iddiaçı cavabdeh tərəfindən ona 1000 manat məbləğində borclu olduğunu təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, işin materiallarında tərəflər arasında bağlanmış icarə müqaviləsinin olması, hələ icarəçinin icarəyə verənə borclu olmasını təsdiq edən sənəd hesab oluna bilməz. İddiaçı cavabdehlə “whatsapp” mobil tətbiqi ilə aralarında olan yazışmanı məhkəməyə təqdim etsə də, həmin yazışmanın aparıldığı şəxsin həqiqətən də Cavabdeh olması təsdiq olunmur. Bundan başqa, tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsinə dair müqavilədən də görünür ki, müqavilə ləğv edilərkən iddiaçının cavabdehə qarşı heç bir iddiası olmamış və tərəflər bununla razılaşaraq həmin sənədi imzalamışlar. Göründüyü kimi, iddiaçının iddiasında göstərdiyi xüsusatlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında 03 avqust 2021ci il tarixdə icarə müqaviləsi bağlanmış, həmin icarə müqaviləsi 04 fevral 2022-ci il tarixdə ləğv edilmiş və tərəflərin biri-birinə qarşı heç bir iddiası, şikayəti və tələbi olmamışdır. Həmin icarədən Cavabdeh İddiaçı 1000 manat borcunun yaranmasına dair iş materiallarında hər hansı bir sübut mövcud deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-601/2022
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-601/2022
01.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver