Məhkəmə qərarları › İş №2(014)-620/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-620/2021

24.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-620/2021 24.02.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi ilə «FİNCA Azerbaijan» MMM QBKT-nin Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbi haqqında kiçik iddiasına dair sadələşdirilmiş icraat qaydasında mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «FİNCA Azerbaijan» MMM QBKT Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbi haqqında sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1711,83 manat əsas borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq «FİNCA Azerbaijan» MMM QBKT-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «FİNCA Azerbaijan» MMM QBKT iddiasını onunla əsaslandırmışdır ki, «FİNCA Azerbaijan» MMM QBKT ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli **********6781 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 29% dərəcəsi olmaqla 12 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinin icrasının təmin edilməsi üçün «FİNCA Azerbaijan» MMM QBKT ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanılmış və zamin Cavabdeh2 borcalan Cavabdeh1 ilə birlikdə öhdəliyin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə əsasən borclu, hər ay ödəniş etməli olduğu halda borclu Cavabdeh1 ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri cəmiyyətə ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Hazırda cavabdehlərin «FİNCA Azerbaijan» MMM QBKT-yə 1711,83 manat əsas borcu vardır. Buna görə də Cavabdeh1 və Cavabdeh2 1711,83 manat əsas borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq «FİNCA Azerbaijan» MMM QBKT-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilir. İddianın qiyməti iki min manatdan az olduğu üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən sadələşdirilmiş icraat qaydasında ərizənin məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş,lakin cavabdeh tərəfindən məhkəməyə etiraz daxil olmadığı üçün məhkəmə hesab edir ki, işə sadələşdirilmiş icraat qaydasında baxılması mümkündür. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni məsuliyyət daşıyır. MPM-in 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçı ilə kredit müqaviləsi bağlayıb üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirmədiyi üçün iddiaçı məhkəməyə sözügedən tələblə müraciət etməkdə tam haqlıdır. Odur ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1711,83 manat əsas borc və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 1741,83 manat (bir min yeddi yüz qırx bir manat səksən üç qəpik) tutularaq «FİNCA Azerbaijan» MMM QBKT-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar