Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-691/2022 14.06.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, İddiaçı, Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 1998-ci il tarixli 20 saylı qərarı ilə Ağdaş rayonunun Yenicə kəndi ərazisindən cizgidə göstərilən sərhəd daxilində onun və digər 4 nəfər ailə üzvlərinin mülkiyyətinə 0,24 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Bu barədə adlarına 08 noyabr 2005-ci il tarixdə qeydiyyat kitabında 2/1421 nömrə ilə qeydə alınmış JN: 329A, kod 90300038 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı işlənmişdir. Torpaq sahəsi cavabdehlərin mülkiyyətində olan torpaq sahələri ilə sərhəddə yerləşir və cavabdeh X5 torpaq sahəsi ilə onun torpaq sahəsinin arası çəpərlə bağlanmışdır. O, həmin torpaq sahəsində uzun müddətdir ki, ev tikərək ailə üzvlərilə birlikdə orada yaşayır. Cavabdeh X11 ilə aralarında olan çəpərin ona aid hissəsində müxtəlif cinsli ağaclar, yəni söyüd, gər, tənək və digər ağaclar əkmişdir. Cavabdehlər 25 yanvar 2022-ci il tarixdə o, evdə olmayan zaman çəpərin ona aid hissəsində əkdiyi ağaclardan əlavə gəlir əldə etmək məqsədi ilə yaşı 30 il hər birinin qiyməti 50 manat olan 10 ədəd söyüd, yaşı 8 il hər birinin qiyməti 70 manat olan 5 ədəd gər ağaclarını, yaşı 20 il qiymət 200 mamat olan 1 ədəd armud, yaşı 10 il qiyməti 100 manat olan 1 ədəd gavalı, yaşı 15 il qiyməti 100 manat olan 1 ədəd alça və qiyməti 500 manat olan 1 ədəd tənək ağaclarını yer səthindən təxminən bir metr hündürlüyündən kəsərək məhv etmiş və ona ümumilikdə 1750 manat zərər vurmuşdur. O, bu barədə bilən kimi dərhal Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “qaynar xətti”nin əlaqə mərkəzinə zəng edərək məlumat vermiş və rayon polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. 26 yanvar 2022-ci il tarixdə Nazirliyin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının, kənd icra nümayəndəliyinin və bələdiyyə nümayəndələrinin, cavabdehlərin və onun iştirakı ilə həmin əraziyə baxış keçirilmiş, qeyd etdiyi müxtəlif cinsli ağacların kəsilməsi aşkar edilmiş və bu barədə akt tərtib olunmuşdur. Ağdaş rayon Polis şöbəsində şikayət ərizəsi əsasında araşdırma aparılmış cavabdehlərlə aralarında yaranmış mübahisələri mülki xarakterli olduğuna görə mübahisənin həlli məqsədi ilə aidiyyəti üzrə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Cavabdehlər tərəfindən ona vurulmuş zərərin məbləğini dəqiq müəyyən etmək üçün aidiyyəti qurumlara müraciət etsə də, həmin qurumlardan ona bildirilmişdir ki, qanunvericiliyə görə dəymiş ziyanın və ya zərərin hesablanması məqsədi ilə mütəxəssis rəyi yalnız, məhkəmənin sorğusu və ya qərarı ilə verilə bilər. Ona görə də cavabdehlərə qarşı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək onlar tərəfindən mülkiyyətində olan 0,24 hektar həyətyanı torpaq sahəsində olan müxtəlif cinsli meyvə və digər ağacları kəsmələri nəticəsində ona zərər vurduqlarına görə 1750 manat zərərin əvəzini cavabdehlərdən tələb edir. İddiaçı məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq bildirmişdir ki, iddia ərizəsində texniki səhvə yol verilərək Cavabdeh2 soyadı “Hüseynalıyev” əvəzinə “Hüseynov” kimi yazılmışdır. Ona görə də iddianın dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək iddia ərizəsində soyadı səhvən “X11” kimi yazılmış həmin cavabdehin soyadının “Hüseynalıyev” olmasını nəzərə alaraq cavabdehlər Ağdaş rayonunun Yenicə kəndində yaşayan Cavabdeh2 və Cavabdeh1 həyətində əkdiyi ağacları kəsməklə ona vurmuş olduqları zərərin əvəzi 1750 (min yeddi yüz əlli) manat və dövlət hesabına ödəmiş olduğu 37 (otuz yeddi) manat 50 (əlli) qəpik pulun müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinin əsassız olduğunu bildirərək, rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən digər Cavabdeh1 məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının və Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Belə ki, işin materiallarında olan Ağdaş rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN-329A nömrəli (kod ********) olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı, X8, X13, X14 və X6 Ağdaş rayonu, Yenicə kəndindən 0,24 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşin materiallarında olan 8 saylı Ekologiya və Təbii Sərvətlər idarəsinin xx.xx.2022-ci il tarixli, № 47/100 məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, təqdim edilmiş sənədlərin təhlili zamanı ağacların kəsildiyi iddia edilən ərazinin JN-329 A (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilmiş həyətyanı ərazidə, qonşu mülkiyyətçilərlə həmsərhəd sahədən kəsilməsi müəyyən edilmişdir. Əraziyə keçirilmiş baxış zamanı sözügedən həyətyanı ərazilərin həmsərhəd hissəsində söyüd, tut, və meyvə ağaclarının üst çətir hissəsinin kök boğazında 1,0-2,0 metr hündürlüklərdə kəsildiyi aşkar olunmuşdur. Aşkar edilmiş hala hüquqi qiymət verilməsi ilə bağlı mülki qaydada hüquq mühafizə orqanlarına müraciət edilməsi məqsədəmüvafiq hesab edilmişdir. İşin materiallarında olan Ağdaş rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN- 293A nömrəli (kod ********) olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh2, X3, X1, X4 və X2 Ağdaş rayonu, Yenicə kəndindən 0,43 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşin materiallarında olan 8 saylı Ekologiya və Təbii Sərvətlər idarəsinin xx.xx.2022-ci il tarixli, № 73894 saylı aktından görünür ki, sözügedən ərazidə ekoloji qanun pozuntusu aşkar edilməmişdir. İşin materiallarında olan CD diskə məhkəmə iclasında baxış keçirilmiş, baxış zamanı ağacları cavabdehlərin kəsməsi müəyyən edilməmişdir. İşin materiallarında olan Ağdaş rayon İcra hakimiyyəti başçısının Yenicə kənd inzibati ərazi dairəsi üzrə nümayəndələyi tərəfindən verilmiş 23 may 2022-ci il tarixli 135 saylı arayışdan görünür ki, 23 may 2022-ci il tarixdə məhkəməyə ünvanlanmış 135 nömrəli arayış qrammatik cəhətdən səhv olduğu üçün arayışa düzəliş olunaraq vətəndaş İddiaçı ilə vətəndaş Cavabdeh2 arasında yaranmış mübahisəli əraziyə tərəflərindən baxış keçirilərkən iki qonşu arasında əkilmiş söyüd və tut ağaclarının 2 (iki) metr hündürlükdən, üzüm ağaclarının isə tamamilə kəsildiyinin şahidi olduqları bildirilmişdir. Həmin ağacların kim tərəfindən və nə zaman kəsilməsi haqqında məlumatları yoxdur. Qanun pozuntusu haqqında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya İdarəsinə məlumat vermişlər. Beləliklə, iş üzrə müəyyən olunmuş faktiki hallardan məlum olur ki, iddiaçı onun istifadəsində olan Ağdaş rayonunun Yenicə kəndində yerləşən 0,24 hektar həyətyanı torpaq sahəsinin həmsərhəd hissəsindən ağacların məhz cavabdehlər tərəfindən kəsilməsini və ağacların kəsilməsi nəticəsində ona 1750 manat zərərin dəyməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında Ağdaş rayonunun Yenicə kəndində yerləşən 0,24 hektar həyətyanı torpaq sahəsinnin həmsərhəd hissəsindən ağacların kəsilməsi ilə əlaqədar mübahisə yaranmışdır. Cavabdeh2 və Cavabdeh1 İddiaçı məxsus Ağdaş rayonunun Yenicə kəndində yerləşən 0,24 hektar həyətyanı torpaq sahəsinin həmsərhəd hissəsinin iddiaşıya məxsus hissəsindən ağacların kəsilməsi və ağacların kəsilməsi nəticəsində iddiaçıya 1750 manat zərərin dəyməsinə dair hər hansı sübut mövcud deyil. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-691/2022
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-691/2022
14.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver