Məhkəmə qərarları › İş №2(014)-695/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-695/2022

24.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-695/2022 24.05.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Nizam Əliyev Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qarayev Orxan Sərxan oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının (həcminin) artırılması» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının (həcminin) artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə birgə nikahlarından anadan olmuş X1 18 yaşı tamam olan günədək saxlanılması üçün Yevlax rayon məhkəməsinin 08.01.2019-cu il tarixli 2(014)-494/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş hər ay 100 manat miqdarında alimentin miqdarının artırılaraq hər ay üzrə uşağa 193 manat sabit pul məbləğindən alimentin cavabdehdən tutularaq onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdehlə birgə yaşamaq mümkün olmadığından ailə münasibətləri yəni nikahları Yevlax rayon məhkəməsinin 08.01.2019-cu il tarixli 2(014)-494/2019 saylı qətnaməsi ilə birgə nikahlarından dünyaya gəlmiş X1 18 yaşınadək saxlanılması üçün hər ay üçün 100 manat miqdarında alimentin cavabdehdən alınıb onun xeyrinə tutulması qət edilmişdir. Övladı məktəbli və azyaşlıdır. Ehtiyacları və gündəlik tələbatları günü-gündən artır. Bu xərcləri tək başına və 100 manat aliment ilə övladının ehtiyaclarını qarşılaya bilmir. Uşağın saxlanması üçün 100 manat kifayət etmir. Bu müddət ərzində cavabdeh bircə dəfə də olsa uşaqları ilə maraqlanmamış, körpə balalarına əlavə olaraq heç bir maddi yardım göstərməmişdir. Ayrıldıqları gündən etibarən o və övladları valideynlərinin himayəsindədir. Övladının ehtiyaclarını qarşılamağa maddi imkanı çatmır. Odur ki aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 04 dekabr 2018-ci il tarixli AZ 074157 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X2 08.12.2014-cü il tarixdə Yevlax şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Məhkəməsi tərəfindən verilmiş 08 yanvar 2019-cu il tarixli 2(039)-494/2019 saylı qətnamənin surətindən məlum olur ki, iddia təmin edilmiş, Yevlax şəhərində anadan olmuş, Yevlax şəhəri E.Ağayev döngəsi 2/4-də yaşayan Cavabdeh 17 dekabr 2018-ci il tarixdən başlayaraq, 08 dekabr 2014-cü il təvəllüdlü X2 adlı uşağın 18 yaşına çatandək saxlanılması üçün hər ay 100 manat aliment İddiaçı xeyrinə tutulması qət edilmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 11 fevral 2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan məlum olur ki, Cavabdeh İddiaçı tərəfindən təsvir edildiyi kimi, “alimentin miqdarının artırılması tələbi” mübahisəsi üzrə 11.02.2022 tarixində 15:00-16:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediyasiya sessiyasında iştirak etmədiyini təsdiq etmək üçün verilir. Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 31.01.2022-ci il tarixdən poçt xidməti vasitəsi məlumatlandırılmışdır. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etdi və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödədi. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Həmin Qanunun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühiti yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli,müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Konstitutsiyasının 34-cü madəsinin İV-cü bəndində göstərilir ki, ər ilə arvadın hüququ bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında “Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanununa əsasən 01 yanvar 2022-ci ildən uşaqlar üçün yaşayış minimumu 193 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Yevlax rayon Məhkəməsinin 08.01.2019-cu il tarixli 2(039)-494/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, 08.12.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 140 manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı xeyrinə verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Yevlax rayon Məhkəməsinin 08.01.2019-cu il tarixli 2(039)-494/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. Cavabdeh 08.12.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 140 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh iddianın təmin edilmiş hissəsinə münasib olaraq 36.80 (otuz altı manat 80 qəpik) manat dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən bir ay müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apellyasiya şikayət verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar