Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-698/2022 13.06.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı borcun və dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı borcun və dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 2021-ci ilin yanvar ayından 2021-ci ilin dekabr ayınadək pula ehtiyacı olduğu üçün ondan 3200 (üç min iki yüz) manat borc pul almışdır. Bununla da cavabdehin ona 3200 manat borcu yaranmışdır. Cavabdeh bu məbləği alarkən tezliklə anasının adına kredit götürəcəyini və nağd ödəniş etməklə borcunu qaytaracağını bildirmişdir. Cavabdeh borcunu tezliklə qaytaracağını bildirərək onun borcunu kredit götürərək ödəyəcəyinə əmin edərək söz vermişdir. Cavabdeh borcunu tezliklə qaytaracağını bildirərək bunun sübutu kimi də onunla yazılı borc müqaviləsi bağlamış və ona pulu ödəyəcəyinə əmin edərək söz vermişdir. Ancaq cavabdeh verdiyi sözünə əməl etməmişdir. Cavabdeh maddi vəziyyətinin pis olduğunu, hər ay mütəmadi borclarını tam ödəyəcəyini bildirmişdir. Ancaq cavabdeh ona verdiyi sözlərinə əməl etməmiş, hər dəfəsində də ailə probleminin olduğunu, tezliklə borcunu ödəyib bitirəcəyini bildirmişdir. Cavabdeh bir neçə ay yalan vədlər verərək borcunu ödəməkdən boyun qaçırmışdır. Dəfələrlə cavabdehə borcunu könüllü ödəməsini, borc məsələsini aralarında mübahisəsiz həll etməsini xahiş etsə də cavabdeh hər dəfəsində borcunu tezliklə ödəyəcəyini bildirsə də, bugünədək heç bir məbləğ ödəməmişdir. Dəfələrlə çalışsa da cavabdehdə olan pulunu ala bilmir. Ona görə də məhkəməyə müraciət etməyə məcburdur. İddiaçı2 məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq bildirmişdir ki, Cavabdeh qarşı borcun və dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Lakin iddia ərizəsində İddiaçı1 tərəfindən ona güzəşt olunan 300 manat məbləği tələb etməmişdir. İddia ərizəsində dəqiqləşmə apararaq xahiş hissəsində Cavabdeh tələb olunan 3200 manat miqdarında borcun, 2900 manatının İddiaçı1, 300 manatının da İddiaçı2 xeyrinə ödənilməsini barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh İddiaçı1 olan borcunu tamamilə ödədiyini bildirərək, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan 2021-ci il tarixli qəbzdən görünür ki, İddiaçı1 Cavabdeh 3200 (üç min iki yüz) manat borc pul vermişdir. İşin materiallarında olan İddiaçı1 və İddiaçı2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli tələbin güzəşti barədə müqavilədən görünür ki, İddiaçı1 xx.xx.2021-ci il tarixində verdiyi borc pul məbləği müqabilində dəymiş maddi zərərə görə borc öhdəliyi daşıyan Cavabdeh qarşı malik olduğu hüquqları və tələbləri qismən, yəni 300 manat həddində İddiaçı2 güzəşt etmişdir. Hazırda Cavabdeh borcunu qaytardığını bildirsə də, bununla bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki, bu, onun etirazının əsası olduğundan, bu hissədə - yəni borcun qaytarılması ilə bağlı sübutetmə yükü onun üzərinə düşür. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən tərəf etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh isə öz etirazının əsaslarını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda cavabdehin iddia tələbinə bu hissədə etirazı əsaslı hesab edilə bilməz. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı1 Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 52 (əlli iki) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı1 Cavabdeh 3200 (üç min iki yüz) manat borc pul vermişdir. Eyni zamanda İddiaçı1 həmin borcun 300 manatını müqavilə üzrə İddiaçı2 güzəşt etmişdir. Cavabdeh üzərinə düşən öhdəliyi icra etməmiş və nəticədə onun iddiaçılar İddiaçı1 2900 manat və İddiaçı2 300 manat məbləğində borcu yaranmışdır. Hazırda iddiaçılar cavabdehdən həmin borcun onlara geri qaytarılmasını tələb edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194.1-ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194.2-ci maddəsinə əsasən tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı borcun və dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməli, Cavabdeh tələb olunan 3200 manat miqdarında borcun 300 manatı İddiaçı2, 2900 manatı və 52 (əlli iki) manat ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı1 xeyrinə cavabdehdən alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı borcun və dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdeh İddiaçı2 xeyrinə 300 manat, İddiaçı1 xeyrinə 2900 manat və 52 (əlli iki) manat ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-698/2022
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-698/2022
13.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver