Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-699/2021 07.04.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı Pul tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 2600 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək bildirdi ki, o,fərdi əməklə məşğul olur,belə ki, öz həyətində toyuq-cücə saxlayıb satmaqla məşğuldur. O, cavabdehlərə əvəllcədən toyuq-cücə satdığı üçün onları tanıyırdı və onlara etibar edirdi. xx xxxx 2020-ci il tarixdə cavabdehlər onun yanına gələrək cücə almaq istədiklərini bildirmişlər, lakin pulları olmadığı üçün 15—20 günə cücələrin pulunu ödəyə biləcəklərini bildirərək nisyə alqı-satqı etmələrinə razılıq verilməsini xahiş etmişlər. Odur ki,o,cavabdehlərə inanaraq onlarla razılaşmış və 1300 ədəd cücəni biri 2 manatdan olmaqla cavabdehlərə nisyə olaraq satmışdır. Cavabdehlər ona borclu olduqları 2600 manat pulu 15-20 gün ərzində ödəyəcəklərini bildirmişlər. Lakin cavabdehlər verdikləri vədə əməl etməmişlər. Odur ki, o, Göygöl rayon Polis şöbəsinə cavabdehlər barədə şikayət etməyə məcbur olmuşdur. Göygöl rayon Polis şöbəsində cavabdehlərdən ona borclu olmaları barədə iltizam alınmışdır. Cavabdehlər ona olan borcu ödəməkdən yayınırlar. Odur ki, iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlmədikləri və səbəbi barədə məlumat vermədikləri üçün məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə prosesdə iştirak edən iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Göygöl rayon Polis şöbəsi tərəfindən İddiaçı müraciəti əsasında toplanmış materialın təsdiq olunmuş sürətindən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı 2000 manat borclu olduqlarını və xx xxxxxx 2020-ci il tarixə qədər həmin pulu qaytaracaqlarını bildirmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.3-cü maddəsinə əsasən satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcələnin 608-ci maddəsinə əsasən Əgər bu paraqrafın (Heyvanların, quşların və balıqların alğı-satqısı) müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan yuxarı olduqda 30 manat dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur ki, cavabdehlər iddiaçıdan nisyə mal almışlar və pulunu bir neçə günə ödəməyə söz versələr də nisyə alqı-satqı müqaviləsinin tələblərinə tam əməl etməyərək üzərlərinə götürdükləri öhdəliyi tam yerinə yetirməmişlər. Bütün bunlar iddiaçının izahatı və Göygöl rayon Polis şöbəsindən məhkəmənin sorğusuna verilmiş cavab məktubu və ona əlavə edilmiş sənədlərlə müəyyən edilir. Satıcının əsas hüququ alınmış əşyanın ödənilməsini tələb etməkdir. Satıcı alınmış əşyanın ödənilməsini, əgər alqı-satqı müqaviləsində ayrıqayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı-qayda irəli gəlmirsə, əşyanı alıcıya bilavasitə təhvil verdikdən əvvəl və ya sonra tələb edə bilər. Nisyə alqı-satqı müqaviləsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini tələb edə bilər. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçı 2600 manat tələb etsə də,məhkəmənin sorğusuna Göygöl rayon Polis şöbəsindən məhkəməyə daxil olmuş cavab məktubu və ona əlavə olunmuş cavabdehlər tərəfindən yazılmış iltizamlardan görünür ki, cavabdehlər iddiaçıya 2000 manat borclu olmalarını bildirmişlər. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 2000 manat pul tutulmalıdır. Həmçinin ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı xeyrinə 2000 manat borca görə, ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 2030 (iki min otuz) manat tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №2(014)-699/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-699/2021
07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver