Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-7/2022 20.06.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 Cavabdeh1 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı kredit borcunun tutulması tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı kredit borcunun tutulması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı "xxxx" ASC iddiasını onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin “Ağdaş” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 517-xx.xx.2015-SM110 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 36 ay müddətinə, illik 23 faiz dərəcəsi ilə hesablanmaqla, 10000 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin icrasının təmin edilməsi məqsədilə Bank Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 ilə xx.xx.2015-ci il tarixli, 517-xx.xx.2015-SM110 saylı zaminlik müqavilələri bağlamış və müqavilənin şərtlərinə əsasən zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 12.2-ci bəndinə əsasən borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Borclu Cavabdeh1 kredit vəsaitindən tam istifadə etmiş, lakin kredit borcu və hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş qaydada ödəməkdən boyun qaçırır. Bank tərəfindən cavabdehə kreditin və ona hesablanmış faizlərin qaytarılması barədə müraciətlər heç bir nəticə verməmiş və filial tərəfindən verilmiş 20 avqust 2020-ci il tarixli maliyyə arayışına əsasən cavabdehlərin banka olan borcu 5190.53 manat əsas borcu, 721.77 manat faiz borcu, 594.03 manat müqavilə müddətindən sonra ödənilmiş faiz (5%-lə) borcu olmaqla, cəmi 6506.33 manat təşkil edir. Beləliklə, Cavabdeh1 kreditin vaxtında qaytarılması haqqında tərəflərindən dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi kredit borcunun və kreditə hesablanmış faizlərin ödənilməsi üçün cavabdeh tərəfindən tədbirlər götürülmüş, müqavilə üzrə öhdəliklər yerinə yetirilməmişdir. Odur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 iddiaçı "xxxx" ASC-nin xeyrinə Kredit müqaviləsi üzrə ödənilməmiş qalan 5190.53 manat əsas borc, 721.77 manat faiz borcu, 594.03 manat müqavilə müddətindən sonra ödənilməmiş faiz (5%-lə) borcu olmaqla, cəmi 6506.33 manat xeyrinə kredit borcunun və ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi iddia tələbinin həcminin artırılması tələbinə dair ərizə ilə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 iddiaçı "xxxx" ASC-nin xeyrinə 5190.53 manat əsas borc, 721.77 manat faiz borcu, 981.15 manat müqavilə müddətindən sonra olan faiz (5%-lə) borcu olmaqla, cəmi 6893.45 manat borcun tutulması xahiş edilmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3 məhkəmə iclasında ərizədə göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddianı qismən qəbul edərək xx.xx.2015-ci il tarixdə "xxxx" ASC-nin Ağdaş filialından 3 illik müddətinə, ayda 387 manat ödəniş etmək şərti ilə 10000 manat məbləğində kredit götürdüyünü, pulun 900 manatını komissiya haqqı kimi tutduqlarını, bundan əlavə bankda işləyən X1 tanıdığını, Adışirinin ondan 1600 manat pul aldığını, həmin pul müdirə çatacağını dediyini, məcbur pula ehtiyacı olduğu üçün onunla razılaşdığını, sonradan Adışirinin ondan bu pulu qanunsuz aldığını bildiyini, bundan sonra hər ay ödəniş etdiyini, krediti götürdükdən sonra ödəniş etmək üçün aylıq pulu onun yerinə kassaya pulu ödəməsi üçün Adışirinə verdiyini, lakin Adışirinin ona bu barədə qəbz vermədiyini, ona etibar etdiyi üçün bu barədə heçnə demədiyini, sonradan 2017-ci ildə atası Çingizin ona hesabdan çıxarış almasını dediyini, bundan sonra "xxxx" ASC-nin Ağdaş filialına gedərək Adışirindən hesabdan çıxarış istədiyini, Adışirin də imzalı və möhürlü kağız verdiyini və həmin kağızda ödənişlərin tam qaydasında olduğunu, bir neçə dəfə Adışirindən çıxarışlar aldığını, hamısına baxdıqda ödənişlərin qaydasında olduğunu gördüyünü, lakin həmin ödənişə dair sənədlərdən yalnız birinin onda qaldığını, onu təqdim etdiyini, qalan sənədləri itirdiyini, həmçinin xx.xx.2016-cı il tarixdə banka gedərək 326 manat ödəniş etdiyini, bu barədə ona qəbz verildiyini, 2018-ci ilin təxminən avqust ayında "xxxx" ASC-nin əməkdaşının ona zəng edərək banka 7500 manat kredit borcunun olduğunu bildirildiyini, "xxxx" ASC-nin Ağdaş filialına gələrək bu barədə məlumat verdiyini, həqiqətən Adışirin onu aldatmasını müəyyən edildiyini, ona verdiyi pulları kassaya ödəmədiyini, ona verdiyi sənədin saxta olduğu, Adışirin ödəniş siyahısını özünün müdirdən icazəsiz imzaladığını, həmçinin ona hesabdan çıxarışa dair verdiyi sənəddə öz imzasının olduğunu, müdirin yerinə imzaladığını, bankdan onlara 7500 manat borcunun qaldığını bildirdiklərini, Adışirin ona 2017-ci ilin oktyabr ayında kreditinin ödənilib qurtardığını dediyini bildirdi. Buna görə də əsassız hesablanmış 981.15 manat müqavilə müddətindən sonra ödənilməmiş faiz borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlmədikləri və səbəbi barədə məlumat vermədikləri üçün məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq iş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi Fərid Əliyevi və Cavabdeh1 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı "xxxx" ASC-nin “Ağdaş” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 517-xx.xx.2015-SM110 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 36 ay müddətinə, illik 23 faiz dərəcəsi ilə hesablanmaqla, 10000 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin icrasının təmin edilməsi məqsədilə Bank Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 ilə xx.xx.2015-ci il tarixli, 517-xx.xx.2015-SM110 saylı zaminlik müqavilələri bağlamış və müqavilənin şərtlərinə əsasən zaminlər borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüş, borclu Cavabdeh1 kredit vəsaitindən tam istifadə etmiş, lakin kredit borcu və hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş qaydada ödəməkdən boyun qaçırmış, bank tərəfindən cavabdehə kreditin və ona hesablanmış faizlərin qaytarılması barədə müraciətlər heç bir nəticə verməmiş nəticədə cavabdehlərin banka 5190.53 manat əsas borcu, 721.77 manat faiz borcu, 981.15 manat müqavilə müddətindən sonra ödənilmiş faiz (5%-lə) borcu olmaqla, cəmi 6893.45 manat borcu yaranmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 12 yanvar 2022-ci il tarixli, 9/9054 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 517-xx.xx.2015-SM110 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 iddiaçı "xxxx" ASC-nə olan borcu xx.xx.2020-ci il tarixə olan maliyyə arayışına əsasən əsas borcu 2820.62 manat, 205.28 manat faiz borcu, xx.xx.2021ci il tarixə olan maliyyə arayışına əsasən əsas borcu 2820.65 manat, faiz borcu 358.85 manat təşkil edir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 20 may 2022-ci il tarixli, 9/2754 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 517-xx.xx.2015-SM110 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 iddiaçı "xxxx" ASC-nə olan borcu xx.xx.2020-ci il tarixə olan maliyyə arayışına əsasən əsas borcu 2820.62 manat, 205.28 manat faiz borcu, xx.xx.2021ci il tarixə olan maliyyə arayışına əsasən əsas borcu 2820.65 manat, faiz borcu 358.85 manat məbləğində müəyən olunmuşdur. Təqdim edilmiş iş materiallarında olan iddiaçı bank tərəfindən tərtib edilmiş cavabdeh tərəfindən ödənilən ödənişləri, silinmələri və mövcud borcunu özündə əks etdirən maliyyə arayışı və hesabdan çıxarış məlumatlarına əsasən Cavabdeh1 tərəfindən iddiaçı banka ümumilikdə xx.xx.2019-cu il tarixinədək 11.957,02 manat məbləğində ödəniş edilmişdir ki, həmin ödənişlərdən 4809.48 manat məbləği əsas borca, 3977.78 manatı cəriməyə və 3169.77 manat məbləği isə faiz borcuna silinmişdir. Belə olan halda Cavabdeh1 tərəfindən ödənişlərin sual üzrə iddiaçı "xxxx" ASC tərəfindən cəriməyə silinməsindən sonra xx.xx.2018-ci il tarixinə faiz borcu və müqavilə müddəti bitdikdən sonra Mərkəzi Bankın uçot dərəcəsinə əsasən 5 faiz ilə hesablandıqda xx.xx.2022-ci il tarixə faiz borcu xx.xx.2018-ci il tarixinə əsas borc üzrə 5190.53 manat, faiz borcu üzrə 721.77 manat, xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək illik 5%-lə faiz borcu üzrə 876.62 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi, və ya lazımında icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borculunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmunu hərəkətdən çəkindirmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 01 oktyabr 2021-ci il tarixə qədər qüvvədə olmuş 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan yuxarı olduqda 30 manat dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara və göstərilən qanunların tələblərinə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, belə ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 müştərək qaydada 5190.53 manat əsas borc, 721.77 manat faiz borcu, 876.62 manat müqavilə müqavilə müddətindən sonra ödənilməmiş faiz (5%-lə) borcu olmaqla, cəmi 6788.92 manat borc, ödənilmiş 10.40 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməli, iş üzrə ilkin ekspertiza Cavabdeh1 vəsatəti əsasında keçirildiyi üçün ekspertiza tədqiqatının dəyəri 100 manat Cavabdeh1, təkrar ekspertiza isə "xxxx" ASC-nin nümayəndəsinin vəsatəti əsasında keçirildiyi üçün ekspertiza tədqiqatının dəyəri 100 manat "xxxx" ASC-dən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 müştərək qaydada 5190.53 manat əsas borc, 721.77 manat faiz borcu, 876.62 manat müqavilə müqavilə müddətindən sonra ödənilməmiş faiz (5%-lə) borcu olmaqla, cəmi 6788.92 manat borc, ödənilmiş 10.40 manat məbləğində dövlət rüsumu, ümumilikdə 6799 manat 32 qəpik (altı min yeddi yüz doxsan doqquz manat, otuz iki qəpik) tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Cavabdeh1 iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına tutulsun. "xxxx" ASC-dən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov
Məhkəmə qərarları › İş №2(014)-7/2022
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-7/2022
20.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver