Məhkəmə qərarları › İş №2(014)-7/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-7/2023

02.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-7/2023 02.05.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 Cаvаbdеh Cavabdeh iştiralı ilə, İddiаçı İddiaçı cаvаbdеh Cavabdeh qаrşı «borcun və faizin ödənilməsi» tələbinə dаir işə 02 may 2023-cü il tаriхdə Ağdaş rаyоn Məhkəməsinin binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: İddiаçı İddiaçı cаvаbdеh X3 qаrşı «borcun və faizin ödənilməsi» tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdaş rayon Qaradağlı kəndində yaşayan Cavabdeh xx.xx.2016-ci il tarixli kredit müqaviləsi üzrə 3840 manat əsas borcu və 2304.00 manat faiz üzrə borcun, cəmi 6144.00 manat borcun, həmçinin dövlət rüsumu hesabına ödədiyi 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında yerləşən sahibkar mağazasında cehizlik və elektronik əşyalarının alqı-satqısı ilə məşğul olur. Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2016-ci il tarixli kredit müqaviləsinə əsasən VAZ2106 markalı, ** BD *** dövlət nömrə nişanlı minik avtomaşının alınması məqsədi ilə cavabdehə 24 ay müddətinə yəni xx.xx.2018-ci il tarixədək illik faiz dərəcəsi tətbiq edilməməklə 3840 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay müqaviləyə əlavə olunmuş ödəniş cədvəlin müvafiq olaraq həyata keçirilir. Cavabdeh xx.xx.2016-ci il tarixli kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəli üzrə pul ödəməmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə də Cavabdeh müqavilənin həmin şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu borcun ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixə xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə ona əsas borcunun məbləği 3840.00 manat təşkil edir. Kredit Müqavilələrin 2.2-ci bəndinə əsasən borcalan cavabdeh bu müqavilələrin 1 saylı əlavəsinə əsasən ödəmələri vaxtında həyata keçirməzsə “Borcalan” müddəti keçmiş dövr ərzində illik 60 faiz məbləğində artırılmış faizləri “Kreditora” ödəməlidir. Lakin Cavabdeh maddi vəziyyətini nəzərə alaraq müddət ötürdüyü və bu gecikməyə görə ona vurduğu maddi ziyana görə artırılmış faiz borcunun xx.xx.2016-ci il tarixli kredit müqaviləsi üzrə 2304.00 manat tələb edir. Hazırda Cavabdeh ona xx.xx.2016-ci il tarixli kredit müqaviləsi üzrə 3840.00 manat əsas borcun və 2304.00 manat faiz üzrə borcu, cəmi 6144.00 manat borcu yaranmışdır. Cavabdeh ona olan borcunu müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə uyğun olaraq qaytarmaqdan yayındığından aralarında yaranmış mülki mübahisə məhkəmə qaydasında həll edilməlidir. İddiaçı məhkəməyə ərizə göndərərək üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini bildirərək işə iştirakı olmadan baxıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsaslanaraq iş üzrə iddiaçınn iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək, mübahisə predmeti olan müqavilənin xx.xx.2016-cı il tarixdə bağlandığını, həmin müqavilənin müddəti xx.xx.2018-ci il tarixdə bitdiyini, iddiaçı isə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etdiyini, iddiaçı tərəfindən 3 (üç) illik iddia müddəti buraxıldığını, buna görə də iddianın rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı ünvan 2 ünvanında yerləşən sahibkar mağazasında cehizlik və elektronik əşyalarının alqı-satqısı ilə məşğul olur. Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2016-ci il tarixli kredit müqaviləsinə əsasən VAZ2106 markalı, ** BD *** dövlət nömrə nişanlı minik avtomaşının alınması məqsədi ilə cavabdehə 24 ay müddətinə yəni xx.xx.2018-ci il tarixədək illik faiz dərəcəsi tətbiq edilməməklə 3840 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay müqaviləyə əlavə olunmuş ödəniş cədvəlin müvafiq olaraq həyata keçirilir. Cavabdeh xx.xx.2016-ci il tarixli kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəli üzrə pul ödəməmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə də Cavabdeh müqavilənin həmin şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu borcun ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixə xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə ona əsas borcunun məbləği 3840.00 manat təşkil edir. Kredit Müqavilələrin 2.2-ci bəndinə əsasən borcalan cavabdeh bu müqavilələrin 1 saylı əlavəsinə əsasən ödəmələri vaxtında həyata keçirməzsə “Borcalan” müddəti keçmiş dövr ərzində illik 60 faiz məbləğində artırılmış faizləri “Kreditora” ödəməlidir. Lakin Cavabdeh maddi vəziyyətini nəzərə alaraq müddət ötürdüyü və bu gecikməyə görə ona vurduğu maddi ziyana görə artırılmış faiz borcunun xx.xx.2016-ci il tarixli kredit müqaviləsi üzrə 2304.00 manat tələb edir. Hazırda Cavabdeh ona xx.xx.2016-ci il tarixli kredit müqaviləsi üzrə 3840.00 manat əsas borcun və 2304.00 manat faiz üzrə borcu, cəmi 6144.00 manat borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. İş materialları ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5192/2020 saylı xx.xx.2020-ci il tarixli qərarının surətindən məlum olur ki, kassasiya şikayəti təmin edilmiş, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(107)-636/2020 nömrəli qətnaməsi iddianın təmin edilmiş hissəsində ( cavabdeh X2 11 sentyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə 3730 manat əsas borc, 10 manat artırılmış faiz üzrə borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3770 manat borcun tutularaq İddiaçı xeyrinə ödənilməsi) ləğv edilməsi qərara alınmışdır. İş materialları ilə müəyyən edilir ki, Ağdaş rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2(014)-2170/2021 saylı qərardaddan məlum olur ki, iddiаçı İddiaçı cаvаbdеh Cavabdeh qаrşı «borcun və faizin ödənilməsi» tələbinə dаir mülki iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilməsi qərara alınmışdır. İş materialları ilə müəyyən edilir ki, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 31 avqust 2022-ci il tarixli 4/878 saylı ekspert rəyindən məlum olur ki, ekspertizaya təqdim olunmuş xx.xx.2016-cı il tarixli borc müqaviləsində “Borcalan:Cavabdeh”qrafasındakı imza, borcun ödənilmə qrafikindəki “Müştəri” yazısının qarşısındakı imza, xx.xx.2016-cı il tarixli Borc müqaviləsində “Cavabdeh” yazısının qarşısındakı imza Cavabdeh tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub olunmamasını tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır. İş materialları ilə müəyyən edilir ki, Ağdaş rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2(014)-73/2022 saylı qərardaddan məlum olur ki, iddiаçı İddiaçı cаvаbdеh Cavabdeh qаrşı «borcun və faizin ödənilməsi» tələbinə dаir mülki iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilməsi qərara alınmışdır. İş materialları ilə müəyyən edilir ki, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 15 mart 2023-cü il tarixli 4/25 saylı ekspert rəyindən məlum olur ki, ekpertizaya təqdim edilmiş, xx.xx.2016-cı il tarixli borc müqaviləsində “Borcalan” qrafasındakı imza (i.v.12,13), borcu ödənilməsi qrafikində “Müştəri” yazısının qarşısındakı imza (i.v.11) və xx.xx.2016-cı il tarixli Borc müqaviləsində imza qrafasındakı (ı.v.14) imza və “Cavabdeh” yazıları-Cavabdeh tərəfindən icra olunmuşdur.Ekspertizaya təqdim olunmuş, xx.xx.2016-cı il tarixli Borc müqaviləsində “Borcalan” qrafasındakı imza (i.v.12,13), borcu ödənilməsi qrafikində “Müştəri” yazısının qarşısındakı imza (i.v.11) və xx.xx.2016-cı il tarixli Borc müqaviləsində imza qrafasındakı (ı.v.14) imzalar Cavabdeh tərəfindən qəsdən dəyişdiirlməklə icra olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddəsinə əsasən Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, “İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında məhkəmə göstərmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə alqı-satqı müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı ünvan 1 ünvanında yerləşən sahibkar mağazasında cehizlik və elektronik əşyalarının alqı-satqısı ilə məşğul olur. Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2016-ci il tarixli kredit müqaviləsinə əsasən VAZ2106 markalı, ** BD *** dövlət nömrə nişanlı minik avtomaşının alınması məqsədi ilə cavabdehə 24 ay müddətinə yəni xx.xx.2018-ci il tarixədək illik faiz dərəcəsi tətbiq edilməməklə 3840 manat məbləğində kredit verilmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixə xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə ona əsas borcunun məbləği 3840.00 manat təşkil etmiş, kreditin müddəti xx.xx.2018-ci il tarixədək müəyyən edilmişdir. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən imtina edir. Kredit müqaviləsinin müddəti isə xx.xx.2018-ci il tarixdə bitsə də, iddiaçı məhkəməyə 3 illik müddət keçdikdən sonra, yəni xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsas öhdəliyə görə iddia müddətinin keçməsi əsasına görə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: Ödəniş qəbzindən görünür ki, 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan yuxarı olduqda 30 manat dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci, 225-227-ci, 233-cü maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddiаçı İddiaçı cаvаbdеh Cavabdeh qаrşı «borcun və faizin ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Aparılmış ekspertiza tədqiqatın dəyəri 127 (yüz iyirmi yeddi) manat və 137 (yüz otuz yeddi) manat ekspertiza xərci İddiaçı alınıb Dövlət xəzinədarlığı Agentliyinə, kod 210005, VÖEN ********** m/h AZ41NABZ********************4, SFİFT BİK CTREAZ22, benefisiarın adı: Məhkəmə Ekspertizası MƏRKƏZİ, benefisiarın hesabı AZ34CTRE********************, VÖEN ********** hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Hakim Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar