Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-703/2023 22.05.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh həmkəndlisidir. O, Bakı şəhərində sifarişlə fərdi evlərin tikintisi ilə məşğul olur. Cavabdeh 2022-ci ilin may ayında istifadə etdiyi mobil telefonla zəng edərək Bakı şəhərində yaşayış evinin inşası ilə bağlı gündəlik 30 manata ona fəhlə tələb olunduğunu bildirmişdir. O da Qasımla razılaşaraq həmin gün Bakı şəhərinə getmişdir. Növbəti gündən onun kiməsə tikdirdiyi yaşayış evinin tikintisində fəhlə kimi işləməyə başlamışdır. 12 gün orada işlədikdən sonra mərhum anası qəflətən vəfat etdiyindən, o, rayona qayıtmışdır. Anasının yeddisini verdikdən sonra yenidən işə qayıdaraq 10 gün işləmişdir. Bakı şəhərində qalmağa yeri olmadığına görə kirayə ev tutub qalmalı olduğundan və yemək yeməyi üçün Cavabdeh ilə razılaşmaları belə olmuşdur ki, cavabdeh gündəlik 30 manatını iş gününün sonunda ona verəcəyini öhdəsinə götürmüşdür. Lakin Cavabdeh razılaşma üzrə üzərinə götürdüyü öhdəliyi pozaraq onu hər gün aldadaraq evi tikdirən sahibinin hələ pul vermədiyini ona bildirməklə gündəlik pulu verməkdən yayınırdı. Ona görə də o, Cavabdeh onu aldatdığına görə onunla 22 gün işlədikdən sonra o, işi dayandırıb rayona qayıtmışdır. Həmin vaxtdan dəfələrlə Cavabdeh ona borclu olduğu 660 manat pulu hər dəfə ona bir yalan danışmaqla və yaxud da hələ pulu sahibindən almadığını uydurmaqla pulu verməkdən yayınmışdır. O, cavabdehdən pulunu ala bilmədiyinə görə pulunun cavabdehdən alınıb ona verilməsinə dair ərizə ilə Ağdaş rayon Polis şöbəsinə müraciət etmişdir. Müraciəti Ağdaş rayon Polis şöbəsində araşdırılmış, cavabdehlə aralarında yaranmış mübahisənin mülki xarakterli olduğundan ona aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Cavabdehlə aralarında yaranmış mübahisəni məhkəmədən kənar həll etmək mümkün olmadığından, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən Cavabdeh 660 manat və dövlət rüsumu hesabına ödəmiş olduğu 30 manat, cəmi 690 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. İddiaçı məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, cavabdeh dəfələrlə dəvət edilsə də, məhkəməyə gəlməmişdir. Ona görə də işə qiyabi baxılaraq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsinə əsasən məhkəmə iclasının qərardadı ilə işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan Ağdaş rayon Polis şöbəsinin xx.xx.2023-cü il tarixli, № 23/3-13-62/2-M-23xx/xx/2023 saylı məktubundan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli ərizəsinə cavab olaraq bildirmişdir ki, ərizəsində göstərdiyi xüsusatlar mülki iddia xarakterli olduğundan aidiyyəti üzrə məhkəmə orqalarına müraciət etmək hüququ vardır. İşin materiallarından və İddiaçı məhkəmə iclasında verdiyi izahatından görünür ki, Cavabdeh 2022-ci ilin may ayında həmkəndlisi İddiaçı telefon vasitəsi ilə zəng edərək Bakı şəhərində günü 30 manata fəhlə lazım olduğundan Bakı şəhərinə işləməyə çağırmış və hər günün sonunda 30 manat verəcəyini öhdəsinə götürmüş, İddiaçı Qasım Osmanovun sözlərinə inanaraq Bakı şəhərinə getmiş, 22 gün birlikdə işləmələrinə baxmayaraq cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək İddiaçı verəcəyi 660 manatı ona verməmişdir. Cavabdehə iddia ərizəsinin surəti, məhkəmə bildirişləri göndərilməsinə və onun bu sənədləri almasına baxmayaraq, o, iddia ərizəsinə öz etirazını bildirməmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, cavabdeh İddiaçı ilə günə 30 manat verəcəyinə dair razılaşaraq Bakı şəhərində birlikdə 22 gün işləmişlər. Lakin cavabdeh üzərinə düşən öhdəliyi icra etməmiş və nəticədə onun İddiaçı 660 (altı yüz altmış) manat borcu yaranmışdır. Hazırda iddiaçı cavabdehdən həmin pulun alınaraq ona verilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməli, Cavabdeh 660 (altı yüz altmış) manat məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 690 (altı yüz doxsan) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 660 (altı yüz altmış) manat məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 690 (altı yüz doxsan) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qiyabi qətnamə tərəflərə rəsmən təqdim edildiyi gündən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Ağdaş Rayon Məhkəməsinə ərizə, 1 (bir) ay müddətində isə Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-703/2023
Ağdaş Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(014)-703/2023
22.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver