Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-711/2023 10.05.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ailə münasibətləri xasiyyətlərinin uyğun gəlməməsi, ona və körpə uşaqlarına baxmaması, eləcə də cavabdehin xasiyyəti ucbatından ayrılmışlar. Həmçinin, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(014)-1657/2022 saylı qətnaməsi ilə birgə nikahlarından anadan olmuş X1 və X2 18 yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 150 manat miqdarında alimentin cavabdehdən alınıb ona verilməsi qət edilmişdir. Uşaqları məktəbli və azyaşlıdır. Ehtiyacları və gündəlik tələbatları günü-gündən artır. Bu xərcləri tək başına və 100 manat aliment ilə övladlarının ehtiyaclarını qarşılıya bilmir. Uşağın saxlanılması üçün 100 manat kifayət etmir. Bu müddət ərzində cavabdeh bircə dəfə də olsa uşağı ilə maraqlanmamış, körpə uşaqlarına əlavə olaraq heç bir maddi yardım göstərməmişdir. Ayrıldıqları gündən etibarən o, və oğlanları valideynlərinin himayəsindədirlər. Artıq çox çətinlik çəkirlər və oğlanlarının ehtiyaclarını qarşılamağa maddi imkanı çatmır. Odur ki, aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, işin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(014)-1657/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddianın qismən təmin edilməsi, Cavabdeh 27 sentyabr 2022-ci il tarixdən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü X2 18 yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 150 manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi, Cavabdeh 56 manat (əlli altı) dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilməsi, qətnamənin dərhal icra edilməsi qət edilmişdir. İşin materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(107)-255/2023 saylı qətnaməsindən görünür ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Ağdaş Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, 2(014)-1657/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə (iddianın təmin olunmuş hər uşağa görə 150 manat alimentin tutulması hissəsində) dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(014)-1657/2022 saylı qətnaməsinə əsasən cavabdehdən 27 sentyabr 2022-ci il tarixdən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü X2 18 yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 150 manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment iddiaçının xeyrinə tutulur. Hazırda iddiaçı uşaqları xx.xx.2016-cı il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü X5 barəsində Ağdaş Rayon Məhkəməsi tərəfindən təyin edilmiş alimentin miqdarının artırılaraq cavabdehdən hər iki uşaq üçün 220 manat məbləğində alimentin tutulmasını tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Eyni Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmçinin, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Mülki işin materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə 28 mart 2023-cü il tarixdə daxil olmuşdur. İddiaçının tələbi üzrə alimenti miqdarı sonuncu dəfə birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş və apellyasiya instansiyası məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə həmin qətnamə qanuni qüvvəsini almışdır. Hazırkı iddia tələbi ilə iddiaçı məhkəməyə müraciət edərkən iddia tələbində bu qısa müddət ərzində özünün, cavabdehin və uşaqların vəziyyətində hansı dəyişikliyin baş verdiyini əsaslandırmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-711/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-711/2023
10.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver