Məhkəmə qərarları › İş №2(014)-713/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-713/2023

22.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-713/2023 22.05.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, İddiaçı Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı borcun alınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borcun alınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh Ağdaş rayon Mərkəzi Xəstəxanasında PHŞ-nin Poliklinika şöbəsində tibb bacısı işləyir və cavabdehi oradan tanıyır. Cavabdeh iddiaçıya ona borc pul lazım olduğunu bildirmiş, iddiaçı da ona adam tanıdığını, ondan götürərək borc pul götürə biləcəyini bildirmişdir. İddiaçı cavabdehə inanaraq 12000 manat məbləğində pulu götürərək 2021-ci ilin oktyabr ayında cavabdehə borc olaraq vermişdir. Müxtəlif aylarda cavabdeh ona 3050 manat borc puldan qaytarıb, qalan 8950 manat pul cavabdehdə qalmış və dəfələrlə cavabdehə borcunu qaytarmasını bildirmiş, cavabdeh isə bir iki aya qaytaracağını bildirmişdir. İddiaçı 16 noyabr 2022-ci il tarixdə Ağdaş rayon prokuroru cənab Anar Əliyevin qəbulunda olmuş, prokurora Cavabdeh ona 8950 manat pulu qaytarmaqdan boyun qaçırdığını bildirmişdir. Göstərilənlərə əsasən 12 avqust 1994-cü ildə Ağdaş rayonu, Şəkili kəndində anadan olmuş Cavabdeh 8950 manat pulun və 110 manat dövlət rüsumunun məcburi qaydada alınaraq ona verilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddiaçıdan borc aldığını, lakin həmin borcu özünün adına almadığını, həmin borcu artıqlaması ilə iddiaçıya qaytardığını, iddiaçının iddiasının əsassız olduğu bildirərək rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan 1 ədəd CD diskdə olan səs yazısı tədqiq edilən zaman müəyyən olundu ki, Cavabdeh İddiaçı borc pul almışdır və 8000 manat borcunun qaldığını etiraf edir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Xeyli müddət keçsə də, cavabdeh borcunu ödəməmişdir. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 110 (yüz on) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, , Cavabdeh borc alması nəticəsində İddiaçı 8000 (səkkiz min) manat məbləğində borcu yaranmışdır. Aradan uzun müddət keçməsinə baxmayaraq, cavabdeh üzərinə düşən öhdəliyi icra etməmiş və nəticədə onun İddiaçı 8000 (səkkiz min) manat məbləğində borcu yaranmışdır. Hazırda iddiaçı cavabdehdən həmin pulun 8950 (səkkiz min doqquz yüz əlli) manat olmasını bildirərək, ona geri qaytarılmasını tələb edir. Məhkəmə hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu baxımdan hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçının cavabdehə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Göründüyü kimi iddiaçı cavabdehə borc pul verməsini bildirsə də, onlar arasında etibarlı borc müqaviləsinin olmasını təsdiq edən heç bir sənəd yoxdur, əksinə, tərəflər 3000 manatdan çox məlbəğə dair borc münasibətlərinə daxil olsalar da, qanunvericiliklə müəyyən edilmiş müqavilənin yazılı olması ilə bağlı tələbə riayət etməmişlər. Buna görə də onlar arasında etibarlı müqavilə münasibəti yoxdur. Lakin işin faktiki halları ilə iddiaçının 8000 manat pul vəsaitinin cavabdehdə olması (cavabdeh səs yazısında bunu etiraf etmişdir) müəyyən edilmişdir. Yəni cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçının pul vəsaitini özündə saxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. İddiaçı cavabdehin ona 8950 manat borclu olmasını bildirsə də, bu məbləğin məhz 8950 olmasını təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Əksinə işin materialları ilə müəyyən edilmişdir ki, cavabdehin borcu 8000 manat təşkil edir. Həmçinin, hazırda cavabdeh iddiaçıdan pul götürdüyünü (eyni zamanda, səs yazısında bu məbləğin həmin an üçün 8000 manat olduğunu) etiraf etsə də, borcunu qaytardığını bildirsə də, bununla bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki, bu, onun etirazının əsası olduğundan, bu hissədə - yəni borcun qaytarılması ilə bağlı sübutetmə yükü onun üzərinə düşür. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən tərəf etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh isə öz etirazının əsaslarını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda cavabdehin iddia tələbinə bu hissədə etirazı əsaslı hesab edilə bilməz. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 8000 (səkkiz min) manat məbləğində pul və 110 (yüz on) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 8000 (səkkiz min) manat məbləğində pul və 110 (yüz on) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar